CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?

© Sputnik / Anar MustafayevКвитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива
Квитанции за коммунальные услуги и азербайджанские манаты различного номинала, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yəni, cəbhə bölgələrinin abonentləri tərəfindən sərf olunan qazın dəyəri vaxtında ödənilir. Müəyyən xırda problemlər olsa da, onlar da qısa zamanda qaydasına düşür." - "Azəriqaz" İB

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev təklif edib ki, cəbhə xəttində yerləşən kəndlərdə kommunal xidmətlərin qiymətləri aşağı salınsın. Deputat bildirib ki, təmas xəttində yerləşən bölgələrlə Bakıdakı kommunal xidmət qiymətləri eynidir. O təklif edir ki, cəbhə bölgəsində kommunal qiymətlər hazırki tarif qiymətləri ilə müqayisədə ən azından yarıbayarı azaldılsın.

Azəriqaz İB-nin binası qarşısında lövhə, arxiv şəkli - Sputnik Azərbaycan
"Azəriqaz" İB-dən millət vəkilinə cavab - Abonentlərə isə şad xəbər

Füzuli rayonunun millət vəkili Vüqar Bayramov da belə bir güzəştin olmasının tərəfdarıdır. Millət vəkili Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, təmas bölgəsində yerləşən kəndlərin sakinləri üçün daha ucuz və aşağı tariflərin müəyyənləşməsi məqsədəuyğun olardı: "Qanunvericiliyə əsasən ölkə ərazisində tariflər regionlardan asılı deyil. Amma təmas xəttində yerləşən vətəndaşlarımızın mütəmadi olaraq erməni təxribatı ilə üz-üzə olduğunu, bu ərazilərdə tez-tez atəşkəsin pozulduğunu nəzərə alsaq, bu bölgələrdə yaşayan vətəndaşların xərclərinin azaldılması üçün güzəştlərin, güzəştli tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Çünki nəticə etibarı ilə bu amil onların ailə xərclərinin azalmasına gətirib çıxara bilər. Dövlət büdcəsi tərəfindən həmin xərclərin bir hissəsinin subsidiya edilməsi mümkündür. Bundan başqa, eyni zamanda nəzərə almaq lazımdır ki, hazırda təmas xəttində yerləşən iki rayon - Füzuli və Ağdamda yaşayanların məcburi köçkün siyahısı var ki, onlar kommunal xidmətlərin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi alırlar. Bu bölgədə yaşayan vətəndaşlar dövlətin maliyyə dəstəyindən istifadə edirlər".

Ümumiyyətlə, mövcud durumu necə qiymətləndirmək olar?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar olaraq bir çox insanların ödəmə qabiliyyəti aşağı düşüb. Təbii olaraq bu amil cəbhə bölgəsində yaşayanlara da təsirsiz ötüşməyib. Mərkəz rəhbəri belə hesab edir ki, əhalinin xüsusən də bu təbəqəsinə güzəştlər olmalıdır:

"Pandemiya ilə əlaqədar olaraq ailə büdcələrinə toplanan gəlirlər kifayət qədər azalıb. Xüsusilə də cəbhə bölgəsində vəziyyət bir qədər də mürəkkəb olub. Buna görə də təklif etmişdim ki, işsizliyin artması, ailə büdcəsi gəlirlərinin azalması səbəbi ilə bu təbəqədən olan insanlara güzəştlər tətbiq edilsin. Yəni, bu güzəştlər yalnız kommunal xidmətlərlə bağlı olmamalıdır. Bu baxımdan düşünürəm ki, qonşu ölkələrin də təcrübəsindən yararlanmaq olar".

"Məsələn, xidmətlər üzrə yığılmış borcları müəyyən dövr üçün silmək, yaxud da hər-hansı formada güzəştləri tətbiq etmək olar. Lakin mən ümumiyyətlə bu ödənişlərin silinməsinin tərəfdarıyam. Yəni, bu şəxslərə 50 faiz güzəşt olunsa belə, onun ödəmə qabiliyyəti yoxdursa, bu o deməkdir ki, borcunu 100 faiz olaraq ödəyə bilməyəcək", - deyə həmsöhbətimiz əlavə edib. 

F.Yusifov deyir ki, xüsusən də elektrik, işıq, su və qazla bağlı yığılan borcların silinməsi mümkün olar: "Düşünmürəm ki, müəyyən məbləği silməklə həmin qurumlar böyük ziyanla qarşılaşacaqlar. Çünki onların rezervləri var".

F.Yusifov deyir ki, cəbhə bölgəsində kommunal xərclərlə bağlı differensial yanaşma olmalıdır: "Çünki cəbhə bölgəsində durum bir qədər fərqlidir. Bu ərazilərdə yaşayan şəxslər müəyyən güzəştləri daha çox almalıdırlar. Pandemiya və pandemiyadan sonrakı dönəmdə də bu yanaşma olmalıdır".

Ümumiyyətlə, bu gün cəbhə bölgəsində əhalinin ödəniş qabiliyyəti necədir, borcluların sayı nə qədərdir və qurumlar tərəfindən Tarif Şurasına müraciət nəzərdə tutulurmu?

Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qonşuya baxıb, oda yaxılmaq - bizimkilər də sosial paket arzusundadırlar

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, cəbhə bölgəsi ilə bağlı hazırda hansısa problem yoxdur: "Yəni cəbhə bölgələrinin abonentləri tərəfindən sərf olunan qazın dəyəri vaxtında ödənilir. Müəyyən xırda problemlər olsa da, onlar da qısa zamanda qaydasına düşür. Ümumiyyətlə, abonentlərimiz istifadə etdikləri qazın ödənişini həyata keçirtməkdə aktivdirlər".

"Tariflərə gəldikdə isə, "Azəriqaz" İB buna hər-hansı müdaxilə etmir. Bu qərarlar Tarif Şurası tərəfindən icra olunaraq həyata keçirilir. Tarif Şurasının verdiyi qərarlar, xüsusən də qazdan isitfadəyə görə aşağı tariflə güzəştli limitin ayrılması birbaşa olaraq dövlət başçısının tapşırığı ilə ölkə vətəndaşlarına sosial dəstəyin göstəricisi olaraq həyata keçirilir. Məhz ötən ilin mayından aşağı tariflər güzəştli limit həddinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılması da dövlət başçısının tapşırığı və Tarif Şurası tərəfindən verilən qərarla tənzimlənir. Artıq hər il üzrə əhali abonent qrupunda 2200 kubmetr güzəştli limit həddi müəyyənləşib ki, bu limit həddində 10 qəpikdən ödəniş həyata keçirilir. 2200 kubmetri keçərsə, bu hər kubmetrə görə 20 qəpikdən ödəniş deməkdir. Bu böyük rəqəmdir. Lakin qeyd edim ki, bu ilin 7 ayı ərzində cəmi 7 faiz əhali abonent qrupu bu limiti keçib".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təkliflərlə bağlı Tarif Şurasının nəsə qərarı olacaqsa, o da icra olunacaq:

"Yəni bu hökumət səviyyəsində icra olunacaq bir məsələdir. Bilirsiniz ki, bu gün Bakı, Sumqayıt və Abşeron üzrə 1 tarif var, regionlar üzrə isə suyun qiymətində başqa tarif var. Yəni regionlarda qiymət 5 qəpik daha aşağıdır. Bu gün Bakı, Sumqayıt və Abşeronda suyun 1 kubmetri 35 qəpik, regionlarda isə 30 qəpikdir".

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vaqif Aydınoğlu da Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bu məsələnin Nazirlər Kabineti tərəfindən tənzimləndiyini deyib.

"Azəristiliktəchizat" ASC-dən isə bildirilib ki, bu məsələ qurumda müzakirə olunmur və müzakirəsi də nəzərdə tutulmur.

"Azərenerji" ASC-dən yalnız enerjini istehsal etdiklərini deyiblər. Enerjini abonentlərə satmaq və ya paylamaqla məşğul olmurlar.

Bir sözlə, qurumlar sadəcə xidmət sahəsi olduqlarını və bununla bağlı hökumətin qərarı olacaqsa onu icra edəcəklərini bildiriblər.

Xəbər lenti
0