BAKI, 18 sentyabr — Sputnik. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Əmək pensiyaları haqqında qanuna dəyişiklik" layihəsi hazırlanıb. Sputnik Azərbaycan-a Nazirlikdən verilən məlumata görə, pensiya sistemi təkmilləşdirilir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihə pensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına şərait yaradacaq. Nəzərdə tutulan dəyişikliklərdən biri pensiyaçıların öz pensiya növünü dəyişdirməyə qoyulan məhdudiyyətin aradan qalxması ilə bağlıdır.
Bundan əlavə, yeni layihədə ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və sosial müavinətə keçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürülür. Pensiyaların hesablanması qaydası da asanlaşdırılır. Yeni layihə qəbul olunduqdan sonra pensiyaçılar işdən çıxdıqda və ya 6 il işləməyə davam etdikdə onların topladıqları pensiya kapitalının yenidən hesablanaraq pensiyalarına əlavə olunması üçün müvafiq sənədləri təqdim etmələrinə ehtiyac qalmayacaq. Yenidən hesablanma proaktiv qaydada həyata keçiriləcək, vətəndaşa pensiyasının nə qədər artması və nə vaxtdan ödənilməyə başlayacağı onun mobil telefonuna və ya ünvanına göndəriləcək. Qeyd edək ki, yeni qanun layihəsi son hazırlıq mərhələsi yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq.
BAKI, 27 yanvar — Sputnik. Türkiyənin İstanbul şəhərində bıçaqlı kişi üç rusiyalıya hücum edib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, videoda bir kişinin qaçaraq səkidə hərəkət edən üç nəfərə hücum etdiyi görünür. Hücuma məruz qalanlardan ikisi qaçıb canını qurtarsa da, üçüncüsünə 7-8 bıçaq zərbəsi vurulub. Məlumata görə, yerli sakinlər təcili yardım gələnə qədər özləri yaralıya kömək ediblər.
Bildirilir ki, bıçaqlanan qadın Aleksandra Rusanova dərhal əməliyyat olunub və hazırda vəziyyəti sabit qiymətləndirilir.
Qeyd edək ki, Rusanova tanınmış "plus size" modellərdəndir. O, bir sıra məşhur brendlərlə, o cümlədən "Wildberries"-lə əməkdaşlıq edir. Rusanova həmçinin aktrisa olmağa hazırlaşır. O, teatr studiyasında işləyir və ifaçılıq sənətini öyrənir.
BAKI, 27 yanvar — Sputnik. Bu ilin may ayında keçirilməli olan Kann Film festivalı iyul ayında baş tutacaq. Bu barədə Sputnik Azərbaycan tədbirin təşkilatçılarına istinadən məlumat verir.
"Mayın 11-dən 22-dək keçirilməsi planlaşdırılan Kanna beynəlxalq kinofestivalı 6-17 iyul aralığında keçiriləcəkdir", - festivalın Twitter-dəki hesabında bildirilir.
Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) — dünyanın ən məşhur kinofestivallarından biridir. Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı Qızıl Palma Budağıdır.
Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilmişdir. Lakin sonralar may ayında keçirilməyə başlayıb.