Sanatoriya ərazisində

Açıq havada yatan köçkünlər: "Ölsək də, buradan çıxmayacağıq"

597
(Yenilənib 16:03 17.09.2020)
Məcburi köçkünlər hazırda yaşadıqları qəzalı binanı tərk etmirlər və deyirlər ki, onlara ev verilməsə, ölsələr də buradan çıxmayacaqlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Bir neçə gün öncə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Sabunçu rayonu, Pirşağı qəsəbəsi Qızılqum sanatoriyasının beşmərtəbəli binasında qəzalı vəziyyət yaranıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev, Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri əraziyə gəliblər, binaya baxış keçirilib.

Binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilib. Qeyd edilib ki, bina yaşamaq üçün təhlükəlidir. Hətta sakinlərin təxliyə edilməsi ilə bağlı qərar qəbul edilib və onlar çadırlarda məskunlaşdırılıb.

Bina sakinlərinə dövlət hesabına kirayə mənzillərə köçürülmə də təklif edilib. Ancaq sakinlər 30 ildən çox yaşadıqları binanı tərk etmək niyyətində deyillər.

© Sputnik / Irade JELIL
Sanatoriya ərazisində

Təbii ki, onların da öz səbəbləri var.

Sputnik Azərbaycan xəbər verir ki, Qızılqum sanatoriyasında Ağdam, Kəlbəcər, Şuşa, Xocalı və s. işğal altında olan ərazilərdən qaçqın düşmüş 98 ailə məskunlaşıb. Uzun illərdir ki, sanatoriyada yaşayan köçkünlər binanın qəzalı olduğunu və həyatlarının təhlükə altında qaldığını deyirlər.

© Sputnik / Irade JELIL
Sanatoriya ərazisində

Qızılqum sanatoriyasının binası 1969-cu ildə inşa edilib. Amma binanın istismar müddəti çoxdan başa çatıb. Sakinlərin fikrincə, buna səbəb binanın zirzəmisinə yığılan sudur. İllərlə bina aşınmaya uğrayıb, divarları, tavan və döşəmələr sıradan çıxıb, qapı-pəncərələr çürüyüb.

Binanın zirzəmisinə yığılan su, oranın üfunət qoxumasına da səbəb olub. İçəridən gələn çirkab, kif və kanalizasiya qoxusu nəfəs almağa imkan vermir. Boğulmaq üçün binada 15 dəqiqə qalmaq kifayət edir.

© Sputnik / Irade JELIL
Sanatoriya ərazisində

Kirli divarlar, dağılan tavan, kif qoxusu və burada böyüyən körpələr...

Bina sakini Xatirə Rzayevanın sözlərinə görə, ayın 14-ü binaya baxış keçirilib və qəzalı olduğuna dair qərar verilib:

"Gəlib baxdılar. Dedilər, burada yaşamaq olmaz, çıxın. Çadırlar qurdular. Bir dəfə bizə çay, yemək də verdilər və dedilər ki, istəsəz kirayəyə çıxın, yeni bina hazır olanda köçəcəksiniz. Çadırlar iki gün qaldı, sonra yığıb apardılar".

Bina sakini bildirir ki, binaya baxış keçirilən zaman əvvəlcə zirzəmidə olan su boşaldılıb. Sonradan qərar veriblər ki, su boşalsa, bina çökər və zirzəmiyə yenidən su vurulub.

© Sputnik / Irade JELIL
Sanatoriya ərazisində

Kəlbəcər rayonundan köçkün düşən Mehriban Qaraşovanın sözlərinə görə, binada yaşamaq, uşaq böyütmək əzabdır:

"Bizim uşaqlarımızdan başqa heç nəyimiz yoxdur. Onlar da bu rütubət dolu, iyli-qoxulu binada məhv olur. Gəldilər, maraqlandılar, dedilər kirayə çıxın. Biz kirayə çıxmağa qorxuruq".

Bina sakinlərini qorxudan əsas məsələ sonda evsiz-eşiksiz qalma ehtimalıdır. Onların fikrincə, kirayə pulları vaxtında verilməyə, onlar gələcəkdə evlə təmin edilməyə bilərlər.

Elə bu səbəbdən də onlar yaşadıqları binanı tərk etmirlər və deyirlər ki, onlara ev verilməsə, ölsələr də binadan çıxmayacaqlar.

© Sputnik / Irade JELIL
Sanatoriya ərazisində

İndi havalar isti olduğu üçün axşamlar həyətdə yatdıqlarını deyən köçkünləri narahat edən qışın gəlməsidir: "İndi həyətdə yatmaq olur. Bəs qarda-qışda nə edəcəyik?!"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sentyabrın 14-də binaya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirib. Bu zaman binanın beton konstruksiyalarında qüsurlar qeydə alınıb. Bundan sonra sakinlər üçün çadırlar və yeməkxana qurulub. Sentyabrın 16-da FHN-nin mütəxəssisləri sakinlərin binadan təxliyəsinin vacibliyini bildirib.

© Sputnik / Irade JELIL
Sanatoriya ərazisində

Hazırda binada yaşayan 98 köçkün ailəsinin kirayə köçürülməsi üçün tədbirlər görülür.

İ.Mirəzyev qeyd edib ki, Dövlət Komitəsi həmin ailələri Bakı şəhərinin Sabunçu rayonu ərazisində məcburi köçkünlər üçün tikilən, gələn ilin əvvəllərində istifadəyə veriləcək yeni yaşayış kompleksində yerləşdirməyi nəzərdə tutub.

597
Azərbaycanın Xalq artisti Emin Ağalarov

Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı

62
(Yenilənib 23:47 20.09.2020)
Emin Ağalarov: "Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks".

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov "Fatimə" adlı yeni mahnısının təqdimatını keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni mahnını bütün Fatimə adlı qızlara həsr edib.

Ağalarov yeni kompozisiyanı özünün YouTube kanalında paylaşıb. Mahnıya sözləri və musiqini tanınmış rusiyalı ifaçı və bəstəkar Maksim Fadeyev yazıb.

"Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks", - deyə Ağalarov yazıb.

Bu yeni lirik mahnı müğənninin pərəstişkarlarının da xoşuna gəlib. Eyni zamanda, onların bir çoxuna Fadeyevin qeyri-adi şərq adı olan Fatimədən istifadə edərək mahnı yazması qəribə gəlib.

https://www.youtube.com/watch?v=Wyzb1C0j_8U&feature=emb_logo

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq", Bağışla mənim məhəbbətim", "Birinci Qar" hitlərinin, Ani Lorakla "Vidalaşmaq", "Deyə bilmərəm" kimi məşhur duetlərinin, həmçinin onun "MMM"adlı son hitinin müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

62
Teqlər:
xalq artisti Emin Ağalarov, Emin Ağalarov, Emin Ağalarov
Əlaqədar
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib

Azərbaycanda qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu

356
(Yenilənib 22:38 20.09.2020)
Rejissor Cavid Təvəkkül: "Bu tipli tamaşalar həm tarixi abidələrin tanınması, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan teatr tarixində bir ilkə imza atıldı və bu imzanı Mingəçevir Dövlət Dram teatrı atdı. Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram teatrı həm də 52-ci teatr mövsümünü açıq elan etdi. Tamaşanın quruluşçu rejissoru Cavid Təvəkkül tamaşa barədə Sputnik Azərbaycan-a danışıb:

"Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi. Azərbaycan teatrları arasında Mingəçevir teatrı Kələxana türbələrindən canlı dekorasiya kimi istifadə edərək sözün həqiqi mənasında bir ilkə imza atdı".

Rejissor əlavə edib ki, tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilib:

"Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçdi və premyeraya izn verildi. Tamaşa uğurla nümayiş olundu".

  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
  • Kələxanada tamaşa
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Kələxanada tamaşa

Qeyd edək ki, "SARA" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında hazırlanıb. Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıb.

Onu da qeyd edək ki, bu tamaşada nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib. Açıq səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Yəni, bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daim turistləri özünə cəlb edib. Sözügedən türbələr Şamaxı turizm xəritəsinə daxil ediləŕək istər xarici, istərsə də yerli turistlər tərəfindən tez-tez ziyarət olunan məkanlardan hesab olunur.

Cavid bəyin sözlərinə görə, bu tipli tamaşaların davamı gələ bilər:

"Bu tipli tamaşalar həm tarixi abidələrin tanınmasına, həm də pandemiya dövründə aktyorların boş qalmaması üçün bir imkan idi. Düşünürəm ki, bunun davamı gələcək. Şirvanşahlar sarayında, Xan sarayında da tamaşalar hazırlana bilər".

356
Teqlər:
Sara, Mingəçevir Dövlət Dram Teatrı, Nazirlər Kabineti yanında Operativ Qərargah, tamaşa, teatr, Şamaxı
Əlaqədar
Yararsız hala düşmüş Kələxana türbələri

Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib

0
(Yenilənib 01:38 21.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AR Müdafiə Nazirliyi yayıb.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

0
Əlaqədar
Ermənistanın daha bir PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib