Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 sentyabr — Sputnik. Bir tərəfdə 8 guşəli, digər tərəfdə 5 güşəli ulduzu olan bayraq. Mingəçevirdə illərdir bu ev diqqət çəkir. Hazırda mənzildə 102 il öncə ölkəmizə gələn Nuru Paşanın əsgərlərindən olan Abdulla Şamxalovun övladları yaşayırlar.
“Nur şəhəri”ndə bayraqlarla bəzədilən evi səfirliyə, türk şirkətinə bənzədənlər az deyil. Əslində isə bura 1918-ci ildə Nuru Paşanın qoşunu ilə ölkəmizə gəlib, Bakının azad olunmasında iştirak edən Abdulla Şamxalovun törəmələrinə məxsusdur. Abdulla kişi 34 il öncə vəfat etsə də, onun ölkəmiz üçün xidmətləri unudulmur. Sputnik Azərbaycan-a danışan türk əsgərinin 5 övladının ən böyüyü Məhərrəm Şamxalov atası ilə qürur duyduğunu deyir. O, ailədə vətənsevərliyin, qəhrəmanlığın davamlı olduğunu bildirib. M.Şamxalov kiçik qardaşının Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmasını da qeyd edib:
“Atam haqqında onu deyə bilərəm ki, Nuru Paşanın dəstəsində gəlib, 1918-ci ildə. Daşnaklarla Bakıya kimi döyüşüblər. Şamaxıda digər bölgələrdə güclü döyüş gedib. Yenidən qayıdıblar Gəncəyə. Deyirdi, bala, gəldik, Azərbaycan xalqına dəstək olduq. Mən atamla fəxr edirəm! Atam döyüşlərdən sonra burada qalıb, evlənib, 5 uşağı dünyaya gəlib. Bir qardaşım da Qarabağ döyüşlərində 1992-ci ildə qəhrəmancasına şəhid olub. Özüm isə döyüşlərin iştirakçısıyam, veteranam".
Qardaşlığın, dostluğun işarəsini verən ev Mingəçevirə ayaq basan hər kəsin diqqətini çəkir. M.Şamxalov onu atasının xatirəsi üçün Azərbaycan və Türkiyə bayraqları ilə bəzədiklərini deyib:
“Bu evlə çoxları maraqlanır, bayrağa baxırlar, çoxlu suallar olur. Hərbi xidmətə gedənlər gəlib orada şəkil çəkdirirlər. Yeni evlənən bəy və gəlinlər bizdən icazə alıb evin qabağında şəkil çəkdirirlər. Türkiyə-Azərbaycan bayraqları, hər kəsin marağına səbəb olur. Biz də fəxr edirik", - deyə bildirib.
Nuru Paşanın qoşununda döyüşüb Mingəçevirdə qalanlardan biri də Vəli Əliyev olub. Türkiyənin böyük şəhərlərindən olan İstanbulda doğulan türk əsgər 1979-cu ildə ölkəmizdə vəfat edib. Qeyd edək ki, hər iki türk döyüşçünün məzarı Mingəçevirdə yerləşən Əli qəbiristanlığındadır. Bundan başqa, paytaxt Bakıda və digər bölgələrdə türk əsgərlərin xatirəsinə abidələr ucaldılıb.
BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
BAKI, 23 yanvar — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.
Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.