Buğurt qalası

Arxeoloqlarımız 50 il sonra yenidən o qalaya qayıtdılar - FOTO

47
(Yenilənib 19:31 09.09.2020)
Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur. Aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək

BAKI, 9 sentyabr — Sputnik. Şirvanşahların sonuncu iqamətgahı Buğurt qalasında arxeoloji tədqiqat işləri aparılır.

Sputnik Azərbaycan-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, institutunun “Numizmatika və epiqrafika” şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyevin rəhbərliyi altında  Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən Buğurt qalasında arxeoloji tədqiqat işləri avqustda başlanıb.

© Photo : Azerbaijan National Academy of Sciences
Buğurt qalası

Buna qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı Arxeoloji ekspedisiyası Gülüstan qalasında arxeoloji tədqiqat işləri həyata keçirib və əldə edilmiş arxeoloji materiallar əsasında Gülüstan qalasının və ümumilikdə, Şirvanşahlar dövlətinin tarixi ilə bağlı mühüm nəticələrə gəlib.

Qeyd edək ki, Buğurt qalasının təqdidi ötən əsrin 70-ci illərində arxeoloq Hüseyn Ciddi tərəfindən başlanmışdı.

  • Buğurt qalası
    © Photo : Azerbaijan National Academy of Sciences
  • Buğurt qalası
    © Photo : Azerbaijan National Academy of Sciences
  • Buğurt qalası
    © Photo : Azerbaijan National Academy of Sciences
1 / 3
© Photo : Azerbaijan National Academy of Sciences
Buğurt qalası

Buğurt qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir. Strateji əhəmiyyətinə görə əlverişli  mövqeyə malik  qalanı ən yaxın məsafədən belə görmək mümkün deyil. Qalanın ətrafında Qaladərəsi, Keçmədin və Qaleybuğurt kəndləri yerləşir. Qalaya gedən əsas yollar Qaladərəsi kəndindən keçir. Buğurt qalasından şərqdə, sıldırım qayalıqlarda Qız qalası adlanan kiçik qəsr də, mövcuddur.

Qalanın tikilmə tarixi ilə bağlı dəqiq məlumatlar yoxdur. Aparılacaq arxeoloji tədqiqatlar bu məsələyə aydınlıq gətirəcək.

Arxeoloq A.A.Quliyevin fikrincə, bu adi qala deyil, geniş infrastruktura malik orta əsr qala-şəhəridir. Qalada mükəmməl su-kanalizasiya sistemi, relyefə uyğun çoxsaylı yaşayış binaları, inzibati binalar, saraylar, məscidlər, su anbarları, hamamlar mövcud olub. Qala divarları iri qaya və çay daşlarından inşa edilib. İkiqat qala divarlarının arası ilə mühafizəçilərin sərbəst gəzməsi üçün pillələr salınmışdır.  Qala divarlarının üzəri gümbəzvari formada hörülüb. Bu da düşmən tərəfindən mühafizəçilərin hərəkətini izləməyə imkan vermirdi. Qalanın ümumi sahəsi 17 ha-dır. Təqribi hesablamalara görə, qala-şəhər kompleksinə daxil ərazidə 30 minə yaxın əhali yaşayıb. Əhaliyə məxsus yaşayış evləri qalanın əsasən aşağı hissəsində yerləşirdi. Binalar yonulmuş qaya və çay daşlarından, bişmiş kərpiclərdən inşa edilib. Pilləvari relyefə uyğun olaraq, bir-birinə paralel küçələrdə inşa edilmiş evlərin kiçik həyətyanı sahələri də mövcud olmuşdur.

Buğurt qalası 1538-ci ildə Səfəvi şahı I Təhmasib tərəfindən alınaraq dağıdılmış, sonuncu Şirvanşah Şahrux əsir alınaraq öldürülmüşdür. Bununla da minillik Şirvanşahlar dövlətinin varlığına son qoyulmuşdur.

47
Əlaqədar
Naftalanda bundan belə neftlə tarix "yarışacaq"
Qarabağda Neolit dövrünə aid yaşayış məskəni aşkarlanıb –qazıntı yerindən kadrlar
Uşaqları evin içində, böyükləri həyətdə basdırıblar: Lələtəpənin sirrini türklər açacaqlar
Yüzilliklər ərzində dünyaya hökm etmiş imperiyanın mirası Azərbaycana nə qazandıracaq?
Azərbaycanda ən qədim "inqilabçıların" məskəni tapıldı - FOTO
İnsanın kölgəsi, arxiv şəkli

Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

2
(Yenilənib 18:13 19.09.2020)
Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 19 sentyabr — Sputnik. Xəbər verildiyi kimi, "Güllübulaq" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, istintaq zamanı toplanmış sübutlarla "Güllübulaq" MMC-nin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci illər ərzində Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib "Güllübulaq" MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, "Güllübulaq" MMC-yə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da şübhələr üçün əsaslar yaranıb.

Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2

Təhsil naziri intihar etmiş müəllimlə bağlı paylaşım etdi

5
(Yenilənib 17:50 19.09.2020)
"Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb".

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev bur neçə gün əvvəl intihar etmiş ibtidai sinif müəllimi Naidə İsayeva ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deyilir: "Sentyabrın 16-da Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın intihar etməsi xəbəri Təhsil Nazirliyi, eləcə də bütün təhsil ictimaiyyəti tərəfindən dərin narahatlıq və kədər hissi ilə qarşılanıb.

Müxtəlif media orqanlarında mərhum müəllim haqqında qeyri-dəqiq və yoxlanılmamış məlumatların təqdim edilməsi böyük təəssüf doğurur.

Bununla bağlı Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb. O, Bakı Humanitar Kollecini ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirdikdən sonra 2016-cı ildən Bakı şəhəri 92 nömrəli tam orta məktəbdə müəllim kimi işləməyə başlayıb. 2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 51 bal toplayıb və Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlayıb.

Naidə xanım çalışdığı kollektivin xatirəsində hər zaman dəyərli təhsil işçisi olaraq qalacaq.
Təhsil Nazirliyi bir daha Naidə İsayevanın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"

 

5