Polis postu, arxiv şəkli

Karantin postları qalacaqmı?

183
(Yenilənib 13:12 07.09.2020)
"Sürücülər çalışmalıdırlar ki, gecə saatlarında vacib olmadığı halda yol çıxmasınlar. Bu həm sürücü, həm də sərnişinlər üçün təhlükəli ola bilər"

BAKI, 7 sentyabr — Sputnik. Sentyabrın 8-i saat 00:00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun giriş-çıxışlarındakı karantin polis postları fəaliyyətini dayandıracaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev məlumat verib.

O qeyd edib ki, gecə saat 00:00-dan etibarən artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış sərbəstdir.

Onun sözlərinə görə, postlarda olan bəzi texniki avadanlıqlar hələlik orada qalacaq, amma fərdi avtomobillər və taksilərin hərəkətinə qadağa aradan qaldırılacaq.

"Rayonlara və rayonlardan Bakı, Sumqayıt və Abşerona sərnişindaşıma hələlik yalnız fərdi avtomobillər və taksilərlə olacaq. Avtobuslarla sərnişin daşınmasına hələ ki icazə verilmir. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında ictimai nəqliyyatla sərnişindaşıma qadağandır", - deyə o bildirib.

K.Əliyev əlavə edib ki, sabahdan etibarən taksilərin fəaliyyəti sərbəst olsa da, bu məsələ bütün taksilərə şamil edilməyib. Belə ki, yalnız fərqlənmə nişanı olan, rayonlara sərnişin daşımağa icazəsi olan taksilər fəaliyyət göstərə biləcək.

"Sentyabrın 8-i saat 00:00-dan gediş-gəlişə icazə verilməsini eşidən sürücülər gecə saatlarında yola çıxmasınlar. Yəni bu, bir günlük və ya bir saatlıq icazə deyil. Gecə saat 00:00-dan icazə verilirsə, bu o demək deyil ki, hamı 00:00-dan sonra dərhal rayona və ya rayonlardan Bakıya hərəkət etsin. Ayın 8-dən sonra hərəkət sərbəst olacaq. Maksimum sürücülər çalışmalıdırlar ki, gecə saatlarında vacib olmadığı halda yol çıxmasınlar. Bu həm sürücü, həm də sərnişinlər üçün təhlükəli ola bilər. Sürücülər sabahdan etibarən günün istənilən vaxtı sərbəst hərəkət edə bilərlər", - deyə o bildirib.

183
Национальная Академия Наук Азербайджана. Архивное фото

AMEA-nın iki institutunun rəhbərləri işdən azad olundular

4
(Yenilənib 19:17 22.01.2021)
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun, həmçinin Radiasiya Problemləri direktorları vəzifələrindən azad ediliblər.

BAKI, 22 yanvar - Sputnik. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. Onun yerinə hələlik təyinat yoxdur.

Həmçinin Yaqub Mahmudov AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Bu barədə məlumatı AMEA-dan təsdiqləyiblər.

4
Distant təhsil, arxiv şəkli

Təhsil alıb diplomsuz qalanlar - Köhnə qanun tanımır, təzə isə hələ yoxdur

9
(Yenilənib 17:14 22.01.2021)
"Distant təhsil səbəbindən xarici distant diplomun tanınmasından imtina üçün indiki halda heç bir hüquqi əsas yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Koronavirus pandemiyası distant təhsili zəruri etsə də, Azərbaycanda hələ də distant təhsilin diplomları tanınmır. Baxmayaraq ki, pandemiya dövründə Azərbaycanda da ali məktəblər distant təhsilə başlayıb. İndi xaricdə təhsil alan tələbələri narahat edən əsas məqamlardan biri pandemiya dövründə məsafədən təhsilin diplomlarının tanınıb-tanınmayacağı barədədir.

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə ali məktəblər distant təhsil istiqamətində işə başlayıblar. Ona görə də Azərbaycan distant təhsil diplomlarının tanınması istiqamətində işə başlamalıdır: "Mart ayından ənənəvi təhsilə fasilə veriləndən sonra digər ali təhsil ocaqları virtual təhsilə qoşulsalar da, bu, distant təhsil qədər effektli olmadı. Türkiyədə ali təhsil müəssisəsi var ki, onun 100-150 min tələbəsi var. Onların hamısı ənənəvi təhsil almırlar, bir qismi məhz distant təhsil alır. Distant təhsil tələbələr üçün həm də ən sərfəli təhsil növüdür. Azərbaycanda bir çox ali təhsil müəssisələri illərdir inkişafdan geri qalıb. Halbuki, ali məktəb əmək bazarı üçün kadr hazırlayırsa, mütləq yenilikləri tətbiq etməlidir. Bu yolla onlar xaricdən də xeyli tələbə cəlb edərək gəlirlərini artıra bilərlər. Artıq ölkəmizdə də distant təhsil diplomlarının tanınması istiqamətində işə başlanmalıdır".

İKT üzrə ekspert Osman Gündüz də bildirir ki, Təhsil Nazirliyinin indiki halda distant diplomlarla bağlı ikili standartlar tətbiq etməsi yolverilməzdir:

"Nazirlik açıqlama verir ki, xarici ölkələrin universitetlərinə distant formada qəbul olanların aldığı diplom və ixtisaslar yenə də ölkəmizdə tanınmayacaq. Düşünürəm ki, bu cür yanaşma indiki halda ölkəmizə hörmət gətirmir. Bu, açıq-aşkar ikili yanaşmadır və beynəlxalq təhsil platformalarında ölkəmiz üçün də başucalığı gətirməyəcək. Özümüzdə distant formada tədris prosesi davam etdirildiyi bir halda, dünyada, məsələn, top 100-də olan universitetin distant diplomunu tanımamaq sadəcə ağlasığmazdır və heç bir izahı yoxdur. Məlumdur ki, xaricdə təhsil alan şəxslər təhsillərini başa vurduqdan sonra ölkəmizdə onların diplomu birbaşa tanınmır. Onların diplomları tanınmaq üçün müəyyən prosedurlardan keçirilir".

O.Gündüz bildirir ki, yalnız distant təhsil olduğu əsas gətirilərək onların məzunlarının əldə etdiyi diplomların bu prosedurlardan kənarlaşdırılması ikili yanaşmadır. Onun fikrincə, bu, qanunvericiliyə də ziddir: "Distant təhsil forması Təhsil qanununda nəzərdə tutulub. Bu forma ölkədə tətbiq edilir və yekunda dövlətin tanıdığı diplom verilir. Odur ki, məhz "distant forma" səbəbindən xarici distant diplomun tanınmasından imtina üçün indiki halda heç bir hüquqi əsas yoxdur".

Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Etibar Əliyev isə deyir ki, Azərbaycanda distant təhsil diplomları tanınacaq. Onun sözlərinə görə, bu məsələ yeni qəbul olunacaq "Ali Təhsil haqqında" qanunda öz əksini tapacaq: "Köhnə qanunda isə distant təhsil məsələsi yoxdur. Yeni qanunda distant təhsilin diplomunun tanınması məsələsi öz əksini tapacaq. Xüsusilə pandemiya dövründə distant təhsil formasının tətbiqi çox vacibdir".

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasında, eləcə də dünyanın bir çox ölkəsində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb. Odur ki, mövcud vəziyyətlə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq. Amma ölkəmizdə distant təhsil formasında təhsilin diplomu tanınmır.

9
Teqlər:
qanun, tanınma, diplom, distant, təhsil
 Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolu

Yeddi yaşayış məntəqəsini birləşdirən yol

0
(Yenilənib 20:41 22.01.2021)
Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdırıb.

BAKI, 22 yanvar — Sputnik. Yeddi yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşıb.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu, 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir. Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılıb.

Analoji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılıb. Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdırıb. https://www.facebook.com/avtomobilyollari/photos/pcb.1501943619998904/1501943219998944/

0