Sığınacaq, arxiv şəkli

Reabilitasiya müəssisələrinə qəbul dayandırılıb

33
(Yenilənib 18:26 07.09.2020)
"Küçədə aşkarlanan, kimsəsiz şəxslər öncədən sığınacağın yanında olan, karantin üçün ayrılmış xüsusi binada saxlanılır və onlardan COVID-19 testi götürülür"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların bərpa imkanlarının genişlənməsi məqsədilə ölkə üzrə reabilitasiya imkanları genişləndirilir. Müasir standartlara cavab verəcək bərpa mərkəzlərinin yaradılması istiqamətində addımlar atılır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təkcə avqustda Lənkəran, Şəki və Xaçmaz reabilitasiya mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib: "Növbəti aylarda isə Şirvan və Sumqayıt reabilitasiya mərkəzləri də hazır olacaq. Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əlilliyi olan şəxslərin Tibbi-Sosial Reabilitasiyasını həyata keçirən 14 bərpa mərkəzi var. Bu mərkəzlərdən ikisi sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulub. Cari ildə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasını həyata keçirəcək 2 belə mərkəzin tikintisi həyata keçiriləcək. Bu mərkəzlər Qəbələ və Şəmkirdə fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, indiyədək 14 min şəxs bu xidmətlərdən istifadə edirdisə, bu mərkəzlər istifadəyə verildikdən sonra 28 mindən çox əlilliyi olan belə şəxs və sağlamlıq imkanları məhdud şəxslər reabilitasiya xidmətlərindən yararlanacaq".

Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasını həyata keçirən müalicə pansionatı Xəzər rayonunda yerləşir. Burada yenidənqurma və təmir-bərpa işləri başa çatdıqdan sonra cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Sosial Xidmətlər Agentliyinin nəzdində isə 13 sosial müəssisə fəaliyyət göstərir ki, burada 1000-dən çox sakinə stasionar, yüzlərlə sakinə isə yarım-stasionar formada xidmət göstərilir. Bu barədə qurumun mətbuat katibi Murad Həşimov Sputnik Azərbaycan-a məlumat verib: "Hazırda həmin müəssisələrin 2-də təmir-bərpa işləri aparılır. Onlardan biri olan 2 saylı psixonevroloji Sosial Xidmət Müəssisəsi Şamaxıda, digər eyni adda olan 3 saylı müəssisə isə Göygöldə yerləşir. Bu müəssisələrin hər ikisində müasir tələblərə uyğun təmir-bərpa həyata keçirilir. Ümumiyyətlə, qeyd edim ki, fəaliyyət göstərən müəssisələr arasında yararsız olan müəssisəmiz yoxdur".

O bildirib ki, hazırda koronavirus pandemiyası səbəbindən təhlükəsizliklə əlaqədar Sosial Xidmətlər Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrinə qəbul yoxdur.

Lakin reabilitasiya müəssisələrindən fərqli olaraq sosial sığınacaqlara qəbul var: "Küçədə aşkarlanan, kimsəsiz şəxslər öncədən sığınacağın yanında olan, karantin üçün ayrılmış xüsusi binada saxlanılır və onlardan COVID-19 testi götürülür. Test nəticəsi neqativ olan və karantin müddəti başa çatan belə şəxslər daha sonra sığınacağa qəbul olunurlar".

33
Əlaqədar
Sosial sığınacağın ən gənc sakini 8, ən yaşlısı isə 81 yaşındadır
Anasının atdığı 8 aylıq uşaq qəyyumluğa götürülür
Çətin həyat şəraitində olanlar sığınacağa qəbul olunur
Öskürək, xəstə uşaq

Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək

0
(Yenilənib 19:02 23.09.2020)
On səkkiz yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib.

 

BAKI, 23 sentyabr — Sputnik. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. O deyib ki, sağlamlıq imkanları məhdud uşaqların indiyədək övladlığa götürülməsi praktikası olmayıb: "Buna görə də belə uşaqları övladlığa götürən şəxslərə müavinətin ödənilməsi təklif edilib. Amma bu, hələ layihədir. Bunun üçün "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunub".

C.Şahmalıyev onu da bildirib ki, çox zaman 3 yaşdan yuxarı uşaqlar övladlığa götürülmür: "Buna görə də 3 yaşdan yuxarı uşaqların bir qismi müəssisələrdə qalır. Ona görə də belə uşaqları övladlığa götürən şəxslərə 160 manat aylıq müavinətin ödənilməsi təklif edilib".

Onun sözlərinə görə, bu uşaqların təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən qarşılanması da təklif edilir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək və geriyə şamil olunmayacaq.

0
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

0
(Yenilənib 18:41 23.09.2020)
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı ilə bağlı xaricdə yaşayan şoydaşlarımıza müraciət edib.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə xaricdəki azərbaycanlılara DTX-nın erməni təxribatı ilə əlaqədar məlumatının nəzərə alınması tövsiyə edilir: "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərir.

Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Anonim profillərlə edilmiş bu qəbil müraciətlərə, sosial şəbəkə yazışmaları və messencerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefonu (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan https://www.instagram.com/azerbaijandtx https://twitter.com/DTX_Azerbaijan WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər".

0
Teqlər:
erməni təxribatı, Ermənistan ordusu, Ermənistan, təhlükəsizlik, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti