BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış ediblər. Ümumilikdə komandamız 16 ölkə arasında dördüncü yeri tutub.
Rusiyaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Nadim Raza ilə də görüşüb. APA-nın məlumatına görə, onlar birlikdə Alabino poliqonunda Azərbaycan stendi ilə tanış olublar. Pakistanlı general Azərbaycan bayrağını əlinə alaraq azərbaycanlı həmkarı ilə həmrəylik nümayiş etdirib.
BAKI, 25 yanvar — Sputnik. Moskvada məşhur komik və aktyor, "Stand up Show"nun (Comedy Club) iştirakçısı Aleksandr Şalyapinin meyiti tapılıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, onun özünə qəsd etdiyi bildirilir.
Qeyd olunur ki, Şalyapinin meyitini həyat yoldaşı tapıb. Qadın evə təcili yardım çağırıb.
Hazırda hadisənin təfərrüatı araşdırılır.
Şalyapinin 41 yaşı olub. O, "Bumer: İkinci film", "Univer. Novaya obşaqa" (Univer: Yeni yataqxana), "Qadınlar kişilərə qarşı", "Ağır qum" (serial) kimi ekran işlərində rol alıb.
BAKI, 25 yanvar — Sputnik. "Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları"nda dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Naxçıvanda bilik və bacarıqlarının qiymətləndirilməsində zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə 6 (altı) ay sonra təkrar qiymətləndirilmədə yenidən iştirak etmək üçün muxtar respublikanın Mədəniyyət Nazirliyinə müraciət edə biləcəklər.
Həmçinin təkrar qiymətləndirmədə iştirak etməyən və bu qaydalar ilə müəyyən olunan keçid balını toplaya bilməyən müəllimlər qiymətləndirmədən keçməmiş hesab olunacaqlar. Həmin müəllimlərin əmək müqaviləsinə xitam veriləcək və nazirlik tərəfindən vakant yerlərə işə qəbul üçün Naxçıvanın Dövlət İmtahan Mərkəzinə müraciət ediləcək.