Səhər duman, günorta dəniz keyfi - yayın son günləri əla hava vəd edir

14
(Yenilənib 12:59 05.09.2020)
Sentyabrın 6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 5 sentyabr — Sputnik. Sabah Azərbaycanda gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 28-33, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Sentyabrın 6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

14
Teqlər:
Bakı, çimərlik, duman, hava proqnozu
Polis əməkdaşları, arxiv şəkli

Hələ onlar düşünən qədər "yumşalmamışıq" - polis saxladıqları barədə məlumat yaydı

10
Karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda yoxlamalar davam edir. Yumşalma şərtləri elan olunsa da, görünən odur ki, iki mindən çox adam onları yanlış anlayıb

BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə yanvarın 18-dən tətbiq edilən yumşaldılmaları bəzi vətəndaşlarımız yanlış anlayıblar.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.

Yanvarın 21-də postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıb. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

DİN vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edib.

10
Xəzər dənizi, arxiv şəkli

Dənizlə bağlı qorxunc iddialara reaksiya: Avropalı alimlərin Xəzərdən anlayışı yoxdur

9
Bəzi xarici tədqiqatçılar öz elmi araşdırmalarında rəqəmli modellərin nəticələrini açıqlayaraq əhalidə ciddi narahatlıq yaradan fərziyyələr səsləndirirlər. Azərbaycanlı mütəxəssislər bunları cavablandırıblar

BAKI, 22 yanvar — Sputnik. Son vaxtlar Xəzər dənizinin səviyyəsi ilə bağlı müxtəlif fikirlər mətbuatda yer alır. Bəzi xarici tədqiqatçılar öz elmi araşdırmalarında rəqəmli modellərin nəticələrini açıqlayaraq əhalidə ciddi narahatlıq yaradan fərziyyələr səsləndirirlər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. 

“Bunlardan biri də dənizin gələcəkdə 9-18 metr aşağı düşəcəyi haqqında proqnozla bağlıdır. Baxmayaraq ki, Xəzər dənizinin səviyyə dəyişmələrinə aid açıqlamalar vaxtaşırı mütəxəssislərimiz tərəfindən işıqlandırılır”.

U.Tağıyeva əhaliyə bu cür proqnozların heç bir tarixi əsasının olmadığını və yalnız yüzdə bir faiz ehtimal oluna biləcək bir fərziyyə kimi nəzərə almalarını tövsiyə edib: “Ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri mütəmadi xarakter daşıyıb. Belə ki,  1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunan ən aşağı həddə - Baltik sistemi ilə -29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq -26,5 metrə çatıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sözlərinə görə, Xəzər dənizi üzərində aparılmış uzunmüddətli müşahidələrə əsasən, dənizin səviyyəsinin dəyişmə amplitudası son 100 ildə 3 metrdən artıq olmayıb.

“Avropalı alimlərin verdiyi proqnoz onların Xəzər dənizinin cazibə səviyyəsi barədə anlayışlarının olmadığını göstərir. Cazibə səviyyəsi o deməkdir ki, dənizin səviyyəsi qalxdıqca güclü buxarlanma baş verir və səviyyənin  aşağı düşməsinə səbəb olur. Səviyyə azalanda dənizdə buxarlanma da azalır və nəticədə suyun səviyyəsinin yenidən qalxır”.

Akademik onu da qeyd edib ki, riyazi modellərin nəticələrinin təhlilində istənilən ərazinin təbii-coğrafi şəraiti nəzərə alınmalıdır. Əks halda həqiqətə uyğun olmayan bu cür yanlış proqnozlar üzə çıxmış olur.

“Dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil. Bunun səbəbi iqlim faktoru ilə bağlı kifayət qədər qeyri-müəyyənliklərin olması, dənizə tökülən iri çayların sululuğunun həcmi, baş verən dənizdibi tektonik proseslər və digər amillərlə izah edilir.

9
Teqlər:
mütəxəssis, səviyyə, Xəzər dənizi
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

0
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,69 dollar ucuzlaşaraq 55,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar geriləyərək 52,43 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
Brent, Azeri Light markalı neft, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj