BAKI, 1 sentyabr — Sputnik. "Meliorasiya və Su Təsərrüfatı" ASC-də idarə müdiri işləyən şəxs barəsində cinayət işi açılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Azərbaycan Respublikası "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin müdiri işləmiş Pənahov Rövşən Pənah oğlunun həmin idarənin çilingəri və sürücüsünün əmək stajı hesablanmaqla işə gəlməmələrinə şərait yaratması müqabilində onların əmək haqqı kartlarını alıb özündə saxlamaqla karta mədaxil olunan pul vəsaitini hər ay nağdlaşdıraraq 2017-ci ildən 2020-ci ilə kimi olan müddətdə 10 min 239 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Rövşən Pənahovun həmin vəzifədə işləyərkən şəxsən və digər şəxslərin vasitəsilə 2017-2019-cu illər ərzində idarənin işçisi kimi rəsmiləşdirilən digər şəxslərin adına açılan əmək haqqı kartlarından pul vəsaitini hər ay nağdlaşdırmaqla 36 min 980 manat, habelə idarəyə rəhbərlik etdiyi 2009-2019-cu illər ərzində idarənin balansında olan nəqliyyat vasitələrinin xidməti istifadəsi üçün verilən yanacağın bir hissəsini yanacaq doldurma məntəqəsinə sataraq 36 min manat olmaqla, ümumilikdə 72 min 980 manat məbləğində dövlət əmlakını mənimsəməsinə də əsaslı şübhələr yaranıb.
Qeyd edilən xüsusatlarla əlaqədar olaraq, Baş İdarədə fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 311.3.2 ( təkrar rüşvət alma) və 311.3.3-cü maddələri ilə (külli miqdarda rüşvət alma) cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların ətraflı yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
BAKI, 23 yanvar — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.
Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.