BAKI, 30 avqust — Sputnik. Paytaxtda və bölgələrdə Aşura mərasimi keçirmək istəyən şəxsləri polis saxlayıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, Bakının Sabunçu rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidlərdən birinin qarşısına toplaşdığı müəyyən olunub. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə gətiriliblər.
Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM-in) 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq hər biri 100 manat məbləğində cərimə olunub.
Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayonun Aşağı Seyfəli kəndindəki Şəhidlər Xiyabanında bir qrup şəxsin toplaşaraq "Aşura" mərasiminin keçirilməsinə cəhd etdiklərini aşkarlayıblar.
Polis əməkdaşları mərasimi dərhal dayandırıblar. 15 nəfər kənd sakini saxlanılaraq RPŞ-yə gətirilib. İzahedici söhbətlər aparıldıqdan sonra saxlanılan şəxslərdən 12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, digər 3 nəfər barəsində isə toplanan material isə baxılması üçün rayon məhkəməsinə göndərilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları isə bir qrup şəxsin rayonun Velədi kəndi ərazisində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 18 nəfər şöbəyə gətirilib.
Onlarla izahedici söhbətlər aparılıb. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.