Xumar Kərimli

Azərbaycanlı xanım qərarını verib: Bundan sonra dünyadakı uşaqlar üçün yaşayacaq

647
(Yenilənib 10:51 30.08.2020)
Bütün baryerləri aşan xanım: "Ömrümün axırına qədər könüllü olaraq bütün dünyadakı uşaqlara qayğı göstərmək istəyirəm".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. İxtisasca rejissor olan Xumar Kərimli müxtəlif sahələrdə çalışıb. Amma o, daha çox xeyriyyə tədbirlərinin təşkilatçısı, yardımsevərliyi ilə tanınıb. Qayğıya ehtiyacı olan 100-lərlə uşağın dostu olan Xumar, ölkə hüdudlarından kənarda da öz yardımsevərliyini nümayiş etdirib. O, bu dəfə daha uzağa – Afrikaya, Keniyanın Mfanqano adasına səfər edib. Qəhrəmanımız səfəri və orada görəcəyi işlər barədə Sputnik Azərbaycan-a danışıb: "Səfər fevral ayından planlaşdırılmışdı. Aprel ayına bilet alınmışdı. Apreldən maya qaldı, maydan iyuna və beləcə uzadıldı. Avqustun 22-dən sentabrın 21-ə dək davam edəcək. Keniyada Mfanqano adası var. Nayrobidən 500 km məsafədə, Viktoriya gölünün ətrafında yerləşir. Orada bir ay müddətində könüllü olaraq internatdakı uşaqlarla işləyəcəm".

© Photo : Courtesy of Khumar Kerimli
Xumar Kərimli

Müsahibimizin ən böyük arzusu dünyadakı bütün uşaqlara əl uzatmaqdır: "Mənim ən böyük məqsədlərimdən, arzularımdan biri dünyada olan bütün uşaqlara nəvaziş göstərməkdir. Dinindən, irqindən, millətindən aslı olmayaraq hər bir uşağa toxunmaq ən böyük arzularımdandır. Məqsədim bütün qitələri gəzməkdir. Amma hələlik təkcə Avropa qitəsində - bir il Polşada, iki ay da Almaniyada çalışmışam. Daha çox uşaq inkişafı, təhsil, dramaterapiya (dramaterapiya - uşaqlarda zehni, sosial və psixomotor bacarıqların inkişaf etdirməsidir-red.) ilə məşğul olmuşam, xüsusi qayğıya ehtiyacı olan, daun sindromlu, əlilliyi olan, bir sözlə, tipik və atipik inkişafı olan uşaqlarla çalışmışam. Yeddi ildir bu işlə məşğulam. Afrikadan sonra Asiya, Amerika və Avstraliyaya getməyi düşünürəm".

"Niyə məhz Afrika?" sualına cavabında Kərimli deyib ki, bura digər qitələrdən kəskin fərqlənir, həm təbiətinə, həm də cəmiyyətlərinə görə.

"Afrikalılara öyrətdiklərimin qarşılığında mənəvi qazancım daha çox olacaq. Planımda Afrikanın digər ölkələrini də gəzmək var. Nə qədər ki sağam, yaşayıram, çalışacağam ki, ömrümün axırına qədər könüllü olaraq bütün dünyadakı uşaqlara qayğı göstərim", - deyən Xumar Kərimli, Afrikaya getməklə özünü çox böyük riskə atdığının fərqindədir. Amma hansısa xəstəliyə yoluxacağını düşünərək uşaqlara qayğı göstərməkdən imtina etməyi absurd sayır. Həm də Afrikaya getmək onun ən böyük xəyallarından biri olub:

© Photo : Courtesy of Khumar Kerimli
Xumar Kərimli

"Bu, mənim ən ümdə arzularımdan biridir. Təyyarə bileti alınıb. İmtina da edə bilərdim. Amma bunu düşünmürəm. 50 milyon əhalisi olan Keniyada yoluxma daha azdır. Çünki, onların orqanizmləri xəstəliklərə qarşı immunitet qazanıb. Orada təkcə COVİD-19 deyil, başqa xəstəliklər də var. Mən xəstəliklərə qarşı peyvənd etdirmişəm. "Sarı qızdırma" adlı xəstəlik var, çox təhlükəlidir. Onun peyvəndini etdirmişəm. Ora düşən kimi malyariya xəstəliyinə qarşı xüsusi spreylər, dərmanlar almalıyam. Təkcə xəstəliklər yox, digər risklər də var. Afrika təhlükəli yerdir. Orada hökumətlə polis o qədər də güclü işləmir. Xüsusilə bu dönəmdə rasizm (irqçilik – red) çox yayılıb. Sənin gördüyün işləri müsbət qiymətləndirsələr belə, ağdərili olduğuna görə, elədiklərini heçə sayanlar da ola bilər. Təbii ki, sığorta var, KVDA (Kenya Voluntary Development Association) təşkilatının mənə verdiyi təminatlar var. Amma yenə də təhlükə qaçılmazdır. Bilirəm ki, risk edirəm, amma yenə də getmək istəyirəm. Hətta düşünürəm ki, oradan sağ-salamat qayıtsam, dünyada mənə zaval yoxdur".

© Photo : Courtesy of Khumar Kerimli
Xumar Kərimli

X.Kərimli səfər xərclərinin böyük bir qismini özü ödəyir. Amma ona yardım edənlər, xeyirsevər rəfiqələri var: "Bütün xərcləri özüm çəkirəm. Xərclər kifayət qədər çox idi. Təkcə bilet pulu 1300 manat edir. Təşkilat üçün 350 avro pul ödəməliydim. Daha sonra peyvəndlər, viza məsələsi və s. Mən internatda qalacağam. Fevral ayında bu barədə "Facebook" səhifəmdə paylaşımlar etdim. İnsanlar mənə dəstək oldular. Heç gözləmirdim ki, mənə bu qədər dəstək ola bilərlər. Dostlarımın yardımı ilə bilet aldım. Düşündüm ki, digər məsələləri də onların yardımı hesabına həyata keçirə bilərəm. Təəssüf ki, pandemiya başladı, uçuşlar dayandırıldı, əlavə xərclər ortaya çıxdı. COVİD-19-la bağlı test verməli oldum, viza, sığorta rüsumu məsələsi ortalığa çıxdı. Dostlarım yenə də məni tək qoymadılar. Bundan başqa, toxum.org saytı da mənim səfərim üçün yardım kampaniyası keçirdi. Avqustda gedəcəyimi düşünmürdüm, amma uçuşlar bərpa oldu".

Mühafizəkar ailədə doğulan Kərimli xaricdə işləməsinə yaxınlarının necə reaksiya verdiyinə də toxunub: "Ailəmdə bir çox stereotipləri qırmışam, həm gördüyüm işlərlə, həm də xarici görünüşümlə. İndi onlar hər addımda mənim yanımdadırlar, mənə dəstək olurlar. Son bir ildə seçimlərimə, fikirlərimə hörmət etməyə başlayıblar. Məni bütün halımla qəbul etmələrinin, səhvlərimlə belə məni qucaqlamalarının şahidi oldum. Bu, mənə asan başa gəlməyib. İllərdir bununla mübarizə aparıram".

© Photo : Courtesy of Khumar Kerimli
Xumar Kərimli

Amma valideynləri Xumarın Afrika səfərinə görə çox narahat olublar, hətta karantin dövrünün uzanmasına seviniblər ki, getməyəcək.

"Bu, instinktivdir. İnsan özü üçün narahat olmasa da, doğmaları üçün narahat olur. Bilirəm ki, istənilən halda mən vəziyyətdən çıxış yolu tapacam. Amma doğmalarım harasa gedəndə, onlar üçün narahat oluram. Hər halda bunlara rəğmən, üstümə gəlmədilər, əksinə, bacardıqları qədər maddi yardım etdilər. Pandemiya dövrü ailəmizə də mənfi təsir göstərib, maddi sıxıntımız var. Buna baxmayaraq, getməyimi istəmədikləri halda, mənə kömək etdilər. Bu, məni kövrəltdi. Buna görə onlara təşəkkür edirəm", - deyə Xumar Kərimli fikrini tamamlayıb.

647
Ceyms Bond

Ceyms Bondun silahı hərracda satıldı

5
(Yenilənib 20:46 05.12.2020)
Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı

 

BAKI, 5 dekabr — Sputnik. Şon Konnerinin agent-007 rolunu oynadığı "Ceyms Bond" filmində istifadə edilən tapança hərracda yüksək qiymətə satılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tapança 256 min dollara satılıb.

Söhbət "Doktor Nou" filmində olan Walther PP silahından gedir. Süjet xəttinə görə, məhz bu filmdə Bond Berettanı Walther PP-yə dəyişir. Çünki o, Berettanın uğursuluq gətirəcəyini düşünürdü. Həmin vaxtdan Walther PP xüsusi agentin əsas silahına çevrilir.

Silah gözlənildiyindən baha qiymətə satılıb. Çünki əvvəlcə o, 150-200 min dollar məbləğində dəyərləndirilmişdi.

Bir müddət əvvəl isə hərraca Bondun "Doktor Nou" filmində ilk sevgilisi, isveçrəli aktrisa Ursula Andressin çimərlik geyimi çxarılmışdı. Geyim yarım milyon dollar məbləğində dəyərləndirilmişdi.

Qeyd edək ki, çimərlik geyimi ilk dəfə 2001-ci ildə 45 dollara Planet Hollywood restoranlar şəbəkəsinin rəhbəri Robert Erl tərəfindən satın alınmışdı.

5
Teqlər:
tapança, hərrac, Şon Konneri, film
Bill Geyts

Bill Geyts tarix verdi - Həyat zaman normala dönər?

9
(Yenilənib 21:00 05.12.2020)
Bill Geyts inkişaf etdirilən peyvəndlər və müalicə üsulları sayəsində ABŞ-ın 2021-ci ilin yazına qədər normala dönə biləcəyini söyləyib

BAKI, 5 dekabr — Sputnik. “Microsoft” şirkətinin qurucusu Bill Geyts pandemiyanın gedişatı ilə bağlı bir açıqlama verib.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, Bill Geyts qarşıdakı 4-5 ayın pandemiya ilə mübarizədə çətin olacağı ilə bağlı xəbərdarlıq edib. O, peyvənd istehsalının bahar aylarında artacağını və nəzərəçarpacaq dəyişikliyin yaşanacağını vurğulayıb.

Bill Geyts inkişaf etdirilən peyvəndlər və müalicə üsulları sayəsində ABŞ-ın 2021-ci ilin yazına qədər normala dönə biləcəyini söyləyib. Milyonçu maska taxmağın və sosial məsafə saxlamağın vacibliyini bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, Bill Geyts koronavirus peyvəndi araşdırmaları üçün bir çox şirkətə milyonlarla dollar sərmayə qoyub.

9
Teqlər:
vaksin, pandemiya, Koronavirus, COVID-19, epidemiya, "Microsoft", Bill Qeyts, Bill Gates
Mövzu:
Dünyanı cənginə almış bəla