Qaz sayğacının dəyişdirilməsi, arxiv şəkli

Abonentlərin narahatlığı da həll olundu: vəsaitlər yeni sayğaca köçürüldü

15
(Yenilənib 19:49 28.08.2020)
Əvəzlənən Smart-kart tipli sayğaclardakı bir milyon manata yaxın avans vəsait yeni sayğacların bazasına köçürülüb.

BAKI, 28 avqust — Sputnik. Xəbər verdiyimiz kimi Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu proses zamanı abonentləri daha çox narahat edən məqamlardan biri də əvəzlənən smart-kart tipli sayğacların balansında qalan avans məbləğin yeni quraşdırılan mexaniki tipli sayğacın bazasına yerləşdirilməsidir: "Bildirmək istərdik ki, bu avans məbləğ 2 fərqli baza arasında məlumat mübadiləsi aparılmaqla azı 10, maksimum 30 günə yeni sayğacın hesabında qeydiyyata alınır. 2020-ci ilin 7 ayı ərzində 53 270 abonentin 913 624 manat avans məbləği yeni quraşdırılan sayğacın bazasına qaytarılıb. Bu statistikadan 40 946 abonent və onların geri qaytarılan 697 262 manat avans məbləği təkcə Bakı şəhərinin payına düşür. Əlbəttə, ölkəmizdə yayılmış koronavirus (COVID-19) pandemiyası ilə bağlı sərt karantin rejimi tətbiq olunan bəzi vaxtlarda bu prosesdə gecikmələr olub. Lakin daha sonra yol verilən nöqsanlar dərhal aradan qaldırılıb".

Xatırladaq ki, sayğacların əvəzlənməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2015-ci ildə təsdiq etdiyi "Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi" sənədinə əsasən icra olunur. Sənəddə göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Tərtib edilmiş siyahıya görə, 2020-ci ildə 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir.

15

Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik

0
Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır.  Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur. 

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.    

Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır.  

Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

Prezident İlham Əliyev tərəfindən beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan etmişdir.    

Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir.  

Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. 

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Xudafərin körpüsü, arxiv şəkli

Xudafərin körpüsünün dünyada tanınması ilə bağlı əhəmiyyətli addım atılacaq

30
(Yenilənib 17:36 21.10.2020)
Məşhur abidə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

BAKI, 21 oktyabr — Sputnik. Müstəsna universal dəyəri, təkrarolunmaz landşaftı, yüksək memarlıq-mühəndis həlli, eləcə də iki ölkə ərazisində yerləşdiyi nəzərə alınaraq Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə Azərbaycan Respublikası İran İslam Respublikası ilə birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bəyanat verib.

Tikilmə tarixinə görə dövrünün möhtəşəm mühəndis qurğularından olan Xudafərin körpüləri Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən möhtəşəm tarixi abidədir.

Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olub.

15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.

Qeyd edək ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalıb. Cari il oktyabrın 18-də rəşadətli Azərbaycan Ordusu 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Xudafərin körpülərini işğaldan azad edib. Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldılıb.

30
Əlaqədar
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
Həm Azərbaycanın, həm də İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN
MN: Ermənilər qorxularından Xudafərinlə bağlı cəfəngiyyat yayırlar