Hotel foyesi, arxiv şəkli

Pandemiya dövründə mehmanxanalar üçün yeni qaydalar

9
(Yenilənib 15:40 27.08.2020)
Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır.

BAKI, 27 avqust — Sputnik. Yeni növ koronavirus pandemiyası dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra əməl olunmalı qaydalar açıqlanıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda qeyd edilir ki, mehmanxana xidmətinin təşkilində, xüsusilə ictimai iaşə zonalarında müvafiq metodiki göstərişlərin, tövsiyə və tələblərin yerinə yetirilməsi vacib şərtlərdəndir. Belə ki, insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə təsirini nəzərə alaraq, müştərilər arasında növbəlilik sisteminin qurulması və digər qabaqlayıcı tədbirlər kimi, mehmanxanaların əhatə etdiyi ərazidə dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlarda maskası olmayan şəxslərə əlavə maskalar, digər gigiyena vasitələri təqdim olunmalıdır. Həmçinin müəssisənin bütün xidmət ərazilərində nağd ödənişlər məhdudlaşdırılmalı və təmassız ödəniş üsullarına üstünlük verilməlidir.

Mehmanxanaların ictimai iaşə zonalarında işçi heyət şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etməlidir. Həmçinin mehmanxanaya daxil olarkən onların termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülməli və bədən hərarətinin 37.5° C və ya daha yüksək olduğu müəyyən edildikdə işə cəlb olunmamalıdırlar. Mehmanxanaların ictimai iaşə sahəsində çalışan işçi heyətin dəyişəkli təmiz iş geyimində olması əsas şərtlərdəndir.

Profilaktik tədbirlər çərçivəsində mehmanxanaların bütün ərazisində səthlərin xüsusiyyətinə uyğun olaraq, dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilməlidir. Qeyd edək ki, hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirklənmənin növü, səthin tipi və s. kimi amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.

Qonaqların yeyib-içmə zamanı istisna olmaqla, bütün digər vaxtlarda və masanı tərk etdikdə maskadan istifadə etmələrinə nəzarət olunmalıdır. Sosial məsafə saxlanması COVID-19-a yoluxmanın qarşısını alan əsas tədbirlərdən biridir. Buna görə də qonaqlar arasında minimum 2 metr məsafə təmin olunmalı, mümkün olan yerlərdə xüsusi işarələr yerləşdirilməlidir. Xatırladaq ki, eyni ailədən olan və ya eyni otağı bölüşən qonaqlara fiziki (sosial) məsafə tələbi şamil edilmir.

Mehmanxanaların ictimai iaşə zonalarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmalıdır. İctimai iaşə sahəsinin qarşısındakı (girişində) xüsusi lövhələrdə qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları əks olunmalıdır.

Mehmanxanaların mətbəxində qida ilə təmasda olan səthlərin, alət və avadanlıqların təmizliyi təmin olunmalı, işçi heyət şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidir. Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanmalıdır. Qida məhsullarına işçi heyətdən mümkün qədər az sayda insanın əllə toxunmasına icazə verilməlidir. Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanmalıdır.

Eyni zamanda, heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması üçün mətbəxə gətirilən heyvan mənşəli məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır.

Mehmanxanaların ictimai iaşə zonalarında - mətbəxdə işçi heyətin şəxsi gigiyenaya əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət olunması, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub, təmizlənməsi təmin olunmalıdır.

9
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ" qardaş Türkiyəni seçdi

5
(Yenilənib 17:48 21.10.2020)
Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarının neytral ərazidə keçirilməsi ilə bağlı qərarından apelyasiya şikayəti verib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubunun rəhbərliyi Avropa Liqasının qrup mərhələsinin ev oyunlarını keçirmək istədiyi ölkənin adını açıqlayıb.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi dünən Azərbaycan və Ermənistanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla əlaqədar ölkələrində UEFA-nın himayəsi altında ev oyunlarının keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib.

"Qarabağ" klubunun direktoru Emrah Çelikel bəyan edib ki, bu halda komandası ev oyunlarını qardaş Türkiyədə keçirmək istəyir.

"İndi üç neytral ərazi var – Kipr, Macarıstan və Polşa, ancaq bizim alternativ seçim təklif etmək imkanımız var. Avropa Liqasının qrup mərhələsindəki rəqiblərimizi Türkiyənin şəhərlərindən birində qəbul etmək istəyirik", – deyə E.Çelikel bildirib.

Komandanın bu seçimini əsaslandıran klub direktoru qeyd edib ki, Avropa İttifaqı ərazisindəki oyunlar üçün futbolçulara viza almaq lazım gəlir, bu prosedur isə xeyli vaxt tələb edir. Türkiyə ilə Azərbaycan arasında vizasız-gediş gəliş sistemi qüvvədə olduğundan, oyun qardaş ölkənin stadionlarından birində keçirilsə, sənədləşmə işlərinə əlavə vaxt lazım gəlməyəcək.

E.Çelikel klubun UEFA İcraiyyə Komitəsinin qərarından apelyasiya şikayəti verəcəyini də vurğulayaraq bildirib ki, Avropa kuboku oyunlarının Bakıda keçirilməsinə heç bir təhdid yoxdur.

Qeyd edək ki, "Qarabağ" klubu oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk oyununu Tel-Əvivdə yerli "Makkabi" klubuna qarşı keçirəcək. Bir həftə sonra isə futbolçularımız Bakıda İspaniyanın "Villarreal" komandasını qəbul etməli idi.

5
Teqlər:
qrup mərhələsi, Avropa Liqası, Türkiyə, Qarabağ futbol klubu
Əlaqədar
UEFA rəhbərliyi Bakının AVRO-2020 siyahısından çıxarılacağını istisna etmir
Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"
Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi
UEFA rəhbəri: "Ümid edirəm ki, Qarabağdakı münaqişə tezliklə sülh yolu ilə həll ediləcək"

Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik

20
(Yenilənib 18:14 21.10.2020)
Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır.  Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur. 

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.    

Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır.  

Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

Prezident İlham Əliyev tərəfindən beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan etmişdir.    

Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir.  

Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. 

20
Teqlər:
Nikol Paşinyan, diplomatiya, Hikmət Hacıyev, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər
Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə