BAKI, 26 avqust — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan bildirir ki, sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.