BAKI, 23 avqust - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha üç nəfər cərimələnib.
Millət vəkili Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və filarmoniyanın direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.
Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.
Bu gün BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə də sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə 400 manat cərimələniblər.
Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.