ASAN Xidmətin binası

Prezident "ASAN müraciət" informasiya sisteminin yaradılması haqda Sərəncam imzaladı

44
(Yenilənib 19:35 21.08.2020)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN müraciət" informasiya sisteminin operatorunu müəyyən edəcək.

BAKI, 21 avqust — Sputnik. Dövlət başçısı İlham Əliyev "ASAN müraciət" informasiya sisteminin yaradılması haqda Sərəncam imzalayıb. Sputnik Azərbaycan Sərəncamın tam mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İctimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən "ASAN müraciət" informasiya sistemi yaradılsın.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN müraciət" informasiya sisteminin operatoru müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

3.1. "ASAN müraciət" informasiya sistemini və onun mobil tətbiqini formalaşdırsın;

3.2. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, "ASAN müraciət" informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının "ASAN müraciət" informasiya sisteminə çıxışını təmin etsin.

4. Dövlət orqanları (qurumları) "ASAN müraciət" informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılmanı təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. "ASAN müraciət" informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

5.2. "ASAN müraciət" informasiya sisteminin formalaşdırılması, aparılması və saxlanması xərclərinin maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görsün;

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2020-ci il.

44
quş qripi

İndi quş qripi ilə bağlı xəbərdarlıq edildi

5
(Yenilənib 13:29 28.01.2021)
AQTA ilin fəslinə görə quşların miqrasiyasını nəzərə alaraq əhaliyə xəbərdarlıq edib və bir sıra qaydalara əməl etmələrı üçün tövsiyələrini açıqlayıb.

BAKI, 28 yanvar — Sputnik. Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır. Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir. Buna görə də vətəndaşlar bir sıra qaydalara əməl etməlidirlər.

Agentlikdən qeyd edilib ki, ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması, ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın 1003-Çağrı Mərkəzi və regional bölmələri, rayon baytarlıq idarələri və s.), quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi, quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması, quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi, qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi, təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və s. kimi tədbirlərə əməl edilməlidir: "Vətəndaşlara epizootik vəziyyətlə bağlı diqqətli olmaq, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmaq, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat vermələri tövsiyə olunur".

5
Teqlər:
tövsiyə, AQTA, xəbərdarlıq, "quş qripi"

Hava korlanacaq

6
(Yenilənib 13:29 28.01.2021)
Sabaha olan hava proqnozuna görə, gecə bəzi rayonlara yağış, qar yağacaq. Bakıdakılar üçün də hava xoş olmayacaq: külək güclənəcək

BAKI, 28 yanvar — Sputnik. Azərbaycanda yanvarın 29-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Yanvarın 29-da Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

6
Teqlər:
külək, yağış, hava proqnozu