Bakıya istilər qayıdır, rayonlarda dolu gözlənilir

9
(Yenilənib 13:48 20.08.2020)
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 20 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 32-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

21 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

9
Teqlər:
hava proqnozu

“Mən kiməm?” Baş rolda “Günəş insanı” çəkilən ilk serial necə ərsəyə gəlib

2
(Yenilənib 12:47 25.09.2020)
Azərbaycanda inklüzivliyin getdikcə artdığını seyr etmək xoş təəssürat yaradır. Baş rolda Daun sindromlu aktyorun çəkildiyi ilk milli serialın çəkilişləri artıq başa çatıb. Sputnik Azərbaycan məmnuniyyətlə onun çəkiliş pavilyonuna baş çəkib. Daha ətraflı – videomuzda.

Bu yaxınlarda “Reji” prodakşn tərəfindən çəkilişi başa çatdırılan “Mən kiməm” adlı və baş rolda Daun sindromlu qeyri-peşəkar aktyorun çəkildiyi serial sentyabrın 29-da artıq tamaşaçıya təqdim ediləcək.

Bütün dünya mediasında inklüziv serial və filmlərin hazırlanması artıq heç kimi təəcübləndirmir. Amma Azərbaycan səhnə və ekranları üçün bu hələ də yenilik olaraq qalır. Çox vaxt “günəş insanları”na epizodik rollar həvalə edildiyi halda, bu serialda baş qəhrəman məhz 24 yaşlı Əli Əsgərovdur. Serial onun ətrafında hərlənir və o, bütün çəkiliş günlərində iştirak edib. Serialın quruluşçu rejissoru Rahim Hacıyev isə etiraf edib ki, bu serialın çıxması ilə bu cür insanlara qarşı mənfi və ya xoş olmayan fikir sahibləri mütləq öz nəzər nöqtələrini dəyişəcəklər.

“Düşünürəm ki, bu uşaqlar cəmiyyətimizə paklıq və sevgi bəxş edir. Biz onların nümayiş etdirdikləri sevgi və nəvazişə qadir deyilik. Çəkiliş zamanı da Əli qrupun bir hissəsi olub. Onun üçün xüsusi şərait yaradılmayıb, çünki biz onu özümüzdən fərqli görmürük. Hər şeyi bizimlə birgə edib. Onunla işləmək hər kəs üçün olduqca xoş və ibrət verici olub”, - deyə Hacıyev bizimlə bölüşüb.

Baş qəhrəman Əli ilə söhbətimiz əsnasında isə məlum olub ki, filmdə çəkilmək onun üçün ən həyəcanlı məqamlardan biri olub. Və o, mütləq yenidən kinoda çəkilmək istədiyini deyib.

Tamaşaçılar serialın treyleri ilə tanış olmaq imkanı əldə edib. Biz isə onun ilk seriyasını səbirsizliklə gözləyirik.

2
Emin Əmrullayev, arxiv şəkli

Təhsil nazirindən kreativ addım - sevincini Facebookda bölüşdü

9
(Yenilənib 12:56 25.09.2020)
Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir

BAKI, 25 sentyabr — Sputnik.Təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan məzunları təbrik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazir özünün "Facebook" sosial şəbəkəsindəki hesabında bunları yazıb:

"Əziz tələbə adını qazanan məzunlarımız, Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram. Məlum olduğu kimi, bu tədris ili üzrə 42731 nəfər tələbə adını qazanıb. Onlardan 20799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır. Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!"

9

İlham Əliyev Avropaya mesaj göndərdi: "Onlar bizə hücum etsələr, peşman olacaqlar"

1
(Yenilənib 13:28 25.09.2020)
Prezident: Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik.

BAKI, 25 sentyabr — Sputnik. "Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər", - prezident deyib. 

Bütün bunları nümayiş etdirdiklərini, televiziya və internet vasitəsilə göstərdiklərini vurğulayan İlham Əliyev,  Ermənistanın beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymadığını və cinayət törətdiyini deyib:

"Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər".

İlham Əliyev kəşfiyyat mənbələrinə istinadla bildirib ki, Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.

"Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm", - deyə İlham Əliyev qeyd edib.

1
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"
Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı
Prezident İlham Əliyev BMT-də nədən danışıb