Məktəbəhazırlıq qrupu

Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçə bilməyənlərin nəzərinə

12
İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək

BAKI, 19 avqust — Sputnik. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi formada təşkil olunub.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur. Belə ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər "WhatsApp" nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Bütün digər hallarla bağlı isə valideynlər şəxsi kabinetlərindəki "Əlaqə" bölməsinə yazaraq müraciət edə bilərlər.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə avqustun 18-dən start verilib. Valideynlər (qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının və özünün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə isə avqust ayının 20-dən başlanılacaq. Onu da qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına yalnız 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

12
Teqlər:
elektron qeydiyyat, ümumi təhsil müəssisələri, təhsil müəssisəsi, məktəb, alternativ
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

27
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

27

İstanbuldan azərbaycanlı generala böyük sayğı - Polad Həşimov kitabxanası yaradılır

12
(Yenilənib 21:37 31.10.2020)
İstanbulda Polad Həşimovun şərəfinə adlandırılacaq kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

BAKI, 31 oktyabr - Sputnik. İstanbulda yeni kitabxanaya 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov adı veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar İstanbul Universitetinin "Azərbaycan- Türkiyə" Mədəniyyət və Həmrəylik Birliyi üzvlərinin təşəbbüsü ilə qəbul edilib.

Kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

Xatırladaq ki, yaxın günlərdə qardaş ölkənin Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınmış böyük parka da şəhid general Polad Həşimovun adı verilib.

12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan İzmir fəlakətindən danışarkən İlham Əliyevin ona dəstək təklif etdiyi bildirib

0
(Yenilənib 22:19 31.10.2020)
Ərdoğan təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

BAKI, 31 oktyabr - Sputnik. Hazırda İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb, xəsarət alanlar 885 nəfərdir.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki təbii fəlakətin nəticələri ilə daha yaxından tanış olmaq üçün Seferhisar rayonuna gedərkən bildirib. 

O qeyd edib ki, yaralılardan 667-si evə buraxılıb, 218-nin isə müalicəsi davam edir. Dağıntılar altında qalan 103 nəfər xilas edilib.

Türkiyə Prezidenti deyib ki, zəlzələdən zərər çəkənlərin yaşayış və qida ehtiyaclarının ödənməsi üçün lazımi tədbirlər görülür. Bununla yanaşı, o, təbii fəlakət nəticəsində dəyən zərərin ödənilməsi üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

0
Teqlər:
İzmir şəhəri, İzmir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev