BAKI, 16 avqust — Sputnik. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə ekspres xətlərdən daha biri, M10 ekspres xətti avqustun 17-dən fəaliyyətə başlayır.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.
Məlumata görə, M10 xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsində, köhnə dəmiryolu stansiyası adlanan ərazidə təşkil olunan dayanacaq məntəqəsindən hərəkət edəcək. Ərazidə müvafiq nişanlanma işləri aparılıb.
Saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.
M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13.000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 10 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M10 ekspres xətti üzrə avtobusların hərəkət sxemi Mərdəkan qəsəbəsi - "Nəriman Nərimanov" metro stansiyası istiqaməti müəyyən edilib.
BNA-dan karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M10 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırıldığı bildirilib. Agentlik sərnişinlərən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edir.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.