Azərbaycan bayrağı yağış zamanı, arxiv şəkli

Sinoptiklərdən sərinlik vədi - bəzi rayonlarda leysan yağacaq

29
(Yenilənib 13:31 16.08.2020)
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir

BAKI, 16 avqust — Sputnik. Avqustun 17-də Azərbaycanda gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80  faiz təşkil edəcək. 

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. 

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz  12-15 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidməti faktiki hava durumunu da açıqlayıb. MƏlumata görə, avqustun 16-sı səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış  yağıb. Düşən yağışın miqdarı Lerikdə 17, Sabirabadda 15, Astara, Yardımlıda 9, İmişlidə 8, İsmayıllıda 5, Cəfərxanda 4, Şamaxıda 3, Lənkəran, Zərdabda 2, Şabran, Tərtər, Yevlax, Balakən, Oğuz, Xınalıq, Qrız, Qəbələ, Mərəzə, Qusar, Göyçay, Altıağac, Şahdağ, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

Havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-26, aran rayonlarında 26-29, dağlıq rayonlarda 14 dərəcəyədək, Naxçıvan MR-da 27-32 dərəcə isti olub.

29
Teqlər:
hava proqnozu
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

3
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

3
Tikinti işləri, arxiv şəkli

Tikintidə istifadə olunan kranlarla bağlı ekspertiza aparılmalıdır - FHN

14
(Yenilənib 11:04 19.09.2020)
Yükqaldırıcı kranın kimə məxsus olmasından asılı olmayaraq texniki nəzarətin təşkili və onun icrasına nəzarət tikinti şirkəti tərəfindən əmrlə təyin olunmuş cavabdeh şəxslər tərəfindən həyata keçirilməlidir.

Zülfiyyə Quluyeva,Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Hündürmərtəbəli yaşayış binasının inşasında istismar olunan yükqaldırıcı kranların təhlükəsiz istismarını təmin etmək birbaşa tikinti işləri aparan şirkətin vəzifələrinə aiddir. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib:

"Hündürmərtəbəli yaşayış binasının tikintisində istismar olunacaq yükqaldırıcı kran bu sahə üzrə ixtisaslaşmış və lisenziyası olan müəssisə tərəfindən quraşdırılmalı, sonra tam texniki sınaq aparılaraq quraşdırma aktı ilə birlikdə sifarişçiyə təhvil verilməlidir. Kranın təhlükəsiz istismarını təmin etmək məqsədilə tikinti şirkəti tərəfindən kranın texniki sazlığına və təhlükəsiz istismarına mühəndis texniki işçilərdən cavabdeh şəxslər təyin edilməli və ya tikinti şirkəti ilə kranlara servis xidməti göstərmək üçün ixtisaslaşmış texniki bazaya və lisenziyaya malik üçünçu bir tərəflə müqavilə bağlanmalıdır. İstismarda olan qülləli kran texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir.

Yükqaldırıcı kranın kimə məxsus olmasından asılı olmayaraq texniki nəzarətin təşkili və onun icrasına nəzarət tikinti şirkəti tərəfindən əmrlə təyin olunmuş cavabdeh şəxslər tərəfindən həyata keçirilməli, tikinti meydançasında yüklərin yerlərinin dəyişdirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi üçün tikinti şirkəti tərəfindən iş icra layihəsi tərtib olunmalıdır. Qeyd edək ki, kranın texniki təhlükəsizlik sertifikatının alınması üçün ekspert rəyi vermək səlahiyyəti olan lisenziyalı təşkilat tərəfindən ekspertiza işləri aparılmalı və texniki təhlükəsizlik sertifikatı alınması üçün FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə təqdim olunmalıdır".

14
Xəstə adam

Bu il böyrək çatışmazlığından əziyyət çəkənlərə böyrək köçürülməyib - SƏBƏB

0
“Ötən il isə Azərbaycanda 69 böyrək köçürülməsi əməliyyatı aparılıb. Ümumiyyətlə indiyədək ölkəmizdə 782 xəstəyə böyrək köçürülüb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda bu il dializ xəstələrinə böyrək köçürülməyib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, Tibb elməri namizədi,  Səhiyyə Nazirliyinin Baş Nefroloqu Fariz Babayev bildirib.

Onun sözlərinə görə, bu il ərzində pandemiyaya görə dünyanın hər yerində transplantasiya əməliyyatı aparılmayıb: “Ötən il isə Azərbaycanda 69 böyrək köçürülməsi əməliyyatı aparılıb. Ümumiyyətlə indiyədək ölkəmizdə 782 xəstəyə böyrək köçürülüb. Onların arasında ölkəmizdəki dövlət tibb müəssisələrində böyrəyi köçürülənlər də var, özəl xəstəxanalarda böyrək köçürülən xəstələr də. Amma ölkədən kənarda da böyrək transplantasiyası əməliyyatı etdirənlər var. Onlar pulsuz dərmanla təmin olunur”.

0