Nurlan Quliyevin Masallıda yaşadığı ev

Yaralı əsgərin evini təmir etdilər, ona qapı pəncərə qoydular

162
(Yenilənib 10:37 16.08.2020)
Masallıda rayon rəsmiləri və deputat birləşib Tovuz döyüşlərində yaralanan əsgərin ata evini əsaslı şəkildə təmir etdiriblər

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 16 avqust – Sputnik. İyul ayının 13-dən 14-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhəddində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev artıq sağlamlığına qovuşub. Üstəlik, onun yaşadığı ata evi də dövlət vəsaiti hesabına əsaslı şəkildə təmir edilib.  

Nurlan Quliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada hərbi hospitalda həkimlərin səyi nəticəsində sağaldığını, əməliyyatlardan sonra yeriyə bildiyini deyib.

“Nə vaxt lazım olsa, döyüşə getməyə, canımızdan-qanımızdan keçməyə hazırıq. Bütün yaralananlar kimi mən də tam sağalıb ordu sıralarına qayıtmaq istəyirəm. Vətənə qulluq etmək üçün yenidən ordu sıralarına qayıtmaq lazımdır. Torpaq bizim qeyrətimiz-namusumuzdur. Hər bir azərbaycanlı kimi mən də  torpaq uğrunda canımdan keçməyə hazıram”, - deyə Nurlan Quliyev bildirib.

  • Nurlan Quliyevin Masallıda yaşadığı ev
    © Sputnik / Rahim Murad
  • Nurlan Quliyevin Masallıda yaşadığı ev
    © Sputnik / Rahim Murad
  • Nurlan Quliyevin Masallıda yaşadığı ev
    © Sputnik / Rahim Murad
  • Nurlan Quliyevin Masallıda yaşadığı ev
    © Sputnik / Rahim Murad
  • Xalid Quliyev və Nurlan Quliyev
    © Sputnik / Rahim Murad
  • Nurlan Quliyev
    © Sputnik / Rahim Murad
1 / 6
© Sputnik / Rahim Murad
Nurlan Quliyevin Masallıda yaşadığı ev

Qeyd edək ki, Nurlanın müalicə aldığı müddətdə ailəsinə baş çəkən rayon rəsmiləri evlərinin əsaslı təmirə ehtiyacı olduğunu görüblər. Nəticədə qazinin Masallının Sığıncaq kəndindəki doğulub boya-başa çatdığı ev əsaslı təmir olunub.

Nurlan bildirib ki, ailələri aztəminatlı olduğundan və çətinliklə dolandığından, evləri də təmirsiz olub. O yaralanandan sonra rayon rəsmiləri qazinin evinin pis vəziyyətdə olduğunu görüb, onu təmir etdirməyə qərar veriblər. Nurlan evin təmir olunmuş halını bəyənib və bunun üçün əməyi keçən hər kəsə minnətdardır. Bu hadisə onda inam yaradıb ki, əgər bir gün o olmasa, dövlət valideynlərinə arxa-dayaq olacaq.

ASAN Xidmətin binası
© Official website of President of Azerbaijan Republic

Nurlanın əmisi Xalid Quliyev isə qeyd edib ki, qardaşının evinin ciddi təmirə ehtiyacı olub.

“Qardaşım günəmuzd fəhlə işləyir, ailəsi çox kasıb yaşayır. Sağ olsunlar ki, Nurlan yarandıqdan sonra rayon rəsmiləri gəlib onun yaşayış şəraiti ilə maraqlandılar və evin təmirə ehtiyacı olduğunu görüb, bu işi öz öhdələrinə götürdülər”, - deyən X.Quliyev bildirib ki, evin dam örtüyü yenilənib, əvvəllər pəncərəsi olmayan bu evə yeni pəncərələr qoyulub. Fasadında hörgü və suvaq işləri aparılıb. Yeni sanitar qovşağı tikilib, hamam təmir mərhələsindədir. Evə yeni qapılar qoyulub, tavan və döşəməsi yenilənib. Bundan əlavə evə yeni mətbəx mebeli və avadanlığı quraşdırılıb, televizor alınıb. Hətta həyətdə su quyusu da qazılıb.

Qeyd edək ki, Masallı rayon icra hakimiyyəti, YAP Masallı rayon Təşkilatı və millət vəkili Məşhur Məmmədov Nurlan Quliyevin yaşadığı evin bütün təmir xərclərini öz üzərlərinə götürüblər.

162
Teqlər:
pəncərə, ev, əsgər, yaralı, döyüş, Tovuz, Masallı
20 nömrəli məktəbdə tədris prosesi, arxiv şəkli

Məktəb direktoru olmaq istəyənlərə pulsuz dərs keçəcəklər

0
(Yenilənib 18:36 22.09.2020)
Qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.

BAKI, 22 sentyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün təlimlərə start veriləcək. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi ilə bağlı qısamüddətli təlimlər BŞTİ əməkdaşları və direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədən uğurla keçərək hazırda çalışan məktəb direktorları tərəfindən aparılacaq.

İctimai əsaslarla (ödənişsiz) keçiriləcək təlimlərin əsas məqsədi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinin daha da yaxşılaşdırılması, namizədlərin sözügedən müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir. Təlimlərdə, həmçinin təhsil müəssisələrinin idarəetməsi üzrə fəal və səriştəli kadrların öz təcrübələrini bölüşməsi, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrin çatdırılması, məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoyması üçün şərait yaradılacaq.

Müraciət edənlərdən 80 nəfər müvafiq meyarlar üzrə seçilərək qısamüddətli təlimə cəlb olunacaq. Seçimlərdə 5 il pedaqoji stajı olan, hazırda ümumi təhsil müəssisələrində direktor müavini və ya müəllim vəzifəsində çalışan şəxslərə üstünlük veriləcək.

Mövcud karantin rejimi qaydalarına uyğun olaraq 10 təlimçi tərəfindən ayrı-ayrı qruplarda keçiriləcək təlimlərdə hər qrup üzrə 8 nəfərin iştirakı nəzərdə tutulur.

Təlimlərə qatılmaq istəyənlər şəxsi məlumatlarını (CV) 24 sentyabr 2020-ci il tarixinədək diqtelim@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

0
Teqlər:
pulsuz, təlim, direktor, məktəb
Meyvə və tərəvəz satışı, arxiv şəkli

"Bazarlara nəzarət artırılmalıdır" - Baş infeksionist

0
(Yenilənib 18:21 22.09.2020)
"Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. "Koronavirusla yaşamağa öyrəşməliyik" fikrini regionlarımızdakı əhali özünəməxsus surətdə başa düşüb. Virusdan qorunmaq üçün qoyulan qadağalara əməl etmək əvəzinə, çoxları onu vecinə almamağa çalışır, tibbi maska taxmır, sosial məsafəni gözləmir.

Bir neçə gün əvvəl Şəkidə baş verən hadisə də bunu təsdiqlədi. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi "Şəki Bazar" ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edildi. Bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın dezinfeksiya edilməsi məqsədi ilə o, sentyabrın 18-dən üç gün müddətində karantinə bağlandı. Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldü və "Şəki Bazar" ASC fəaliyyətini yenidən bərpa etdi. Bildirilir ki, orada virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.

Sputnik Azərbaycan regionlarda alış-veriş mərkəzlərində koronavirus təhlükəsini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şəki şəhərində bazarda virusa yoluxma halının qeydə alınması çox ciddi siqnaldır:

“Koronavirus pandemiyasına görə karantin rejimi bütün ölkəni əhatə edir. Ona görə də bölgələr də daxil olmaqla karantin qaydalarına hər yerdə əməl olunmalıdır. Hansısa zona sərt karantin rejimindən çıxıbsa, bu o demək deyil ki, həmin yerdə tibbi maska taxılmamalıdır. Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir. Şəki bazarında baş verən hadisə də göstərdi ki, orada virus yayan insanlar olub. 12 nəfərin bu virusa yoluxması faktı bazarda tibbi maska ilə bağlı tələbə də əməl olunmadığını göstərir”.

C.İsayev bildirir ki, regionlarda yoluxma hallarının qeydə alınması tibbi maska ilə bağlı tələbə nəzarətin zəif olmasından qaynaqlanmır: “Bu bir məsuliyyətdir. Çox təəssüf ki, insanlar bölgələrdə bu qaydalara əməl etmirlər. Nəzarət olduğunu görən kimi tibbi maska taxır, nəzarət olmadığını görən kimi çıxardırlar. Belə hallar paytaxtda da var. İnsanlar bəşəriyyətin bir bəla ilə üz-üzə olduğunu dərk etməli, özlərini və ətrafdakıları koronavirusdan qorumaq üçün tibbi maskadan istifadə etməlidirlər. Bu artıq bizim bir həyat tərzimizə çevrilməlidir”.

Baş infeksionist bölgələrdə bazarlara nəzarətin artırılmalı olduğunu da söyləyib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a bildiriblər ki, bazarlarla bağlı xüsusi tələblər olmasa da, ictimai-iaşə obyektlərinin pandemiya dövründə fəaliyyəti ilə bağlı hazırlanan metodiki göstərişlər bazarlara da aiddir.

0
Teqlər:
Şəki, Cəlal İsayev, infeksionist, Koronavirus, epidemiya, COVID-19, bazar
Əlaqədar
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Professor: “Koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir”
Şəkidə bu ərazidə koronavirusa kütləvi yoluxma aşkarlanıb
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar