Müsəlman namaz qılır, arxiv şəkli

Məhərrəmlik, böyük günahlar koronavirus: "Sosial şəbəkələrdə diqqətli olun"

857
(Yenilənib 19:35 16.08.2020)
Aşura günündə əl yumamaq, yemək yeməmək kimi inanclara gəldikdə ilahiyyatçı Murad Paşazadə qeyd edib ki, İslam dinində belə inanclar yoxdur və din bu qeyd edilənləri qəbul etmir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Təxminən bir həftədən sonra hicri təqviminə görə Məhərrəm ayı başlayır. Hər il Azərbaycanda bu ay xüsusi formada keçirilir. Məhərrəm ayının 10-cu - Aşura günündə müsəlmanlar pirlərə, ziyarətgahlara axışır, Kərbəla hadisələrinin ildönümünü qeyd edirlər.

Bu il isə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar, pirlər ziyarətçilərin üzünə bağlıdır.

Bəs inanclı insanlar, müsəlmanlar Məhərrəmlik mərasimlərini necə keçirə bilərlər?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

İlahiyyatçı Mircəfər Əyyubov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il Məhərrəm ayı, Məhərrəm əzadarlığı pandemiya dövrünə təsadüf etdiyindən dinə bağlı insanlar iki yol arasında qalıblar:

"Məhərrəm əzadarlığı gənclərdə vətənpərvərliyi, şəhidlik, zalımın zülmünə qarşı çıxmaq, məzlumun yanında olmaq, sevməyi bacarmaq kimi hissləri aşılayır. Bu ayinlərin, mərasimin keçirilməsi vacibdir. Amma digər tərəfdən, ölümlərə səbəb olan, bəşəriyyəti ağuşuna alan koronavirus pandemiyası var. Həm də virusun insanların daha çox toplaşdığı qapalı məkanlarda yayılma riski böyükdür. Biz nə Məhərrəmliyi rədd edə bilərik, nə də insanları toplaşmağa çağıra bilərik".

İlahiyyatçı bildirib ki, bu səbəbdən də insanlar dini ayinləri, çalışmalıdırlar ki, öz evlərində, ailə üzvləri ilə keçirsinlər.

"Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar qapalıdır. Məhərrəmlik mərasimini hər gün görüşdükləri ailə üzvləri ilə keçirmək tövsiyə edilir. Eyni zamanda Məhərrəmliyi simvolizə edən qara geyimlər geyinmək, əyləncələrdən uzaq olmaq, sosial şəbəkələrdə diqqətli olmaq tövsiyə edilir", - deyən ilahiyyatçı jurnalistlərə də mesaj göndərib. O vurğulayıb ki, bu il vəziyyəti nəzərə alıb KİV Məhərrəm ayına, bu ayda baş verənlərə yer ayırsa, yaxşı olar.

İlahiyyatçı Murad Paşazadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Məhərrəm ayı 4 haram aydan biridir: "Məhərrəm ayında savaş etmək, müharibələrə qoşulmaq, qan tökmək, şadyanalıq etmək və bu kimi əməllər qadağandır və bunları edən zaman insana böyük günah yazılar. Qurani-Kərimdə Tövbə surəsi 36-cı ayədə buyurulur: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri 12 dir. Onların 4-ü - Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm - haram aylardır. Bu, doğru dindir"".

Onun sözlərinə görə, müsəlmanlar bu ayda Peyğəmbər nəvəsi Hz. Hüseyn Aşura günü (Yəni Məhərrəm ayının 10-cu günü) şəhid olduğu üçün toy-nişan etməzlər, çünki bu ayda bəşər tarixində böyük faciə baş verib, Peyğəmbərimizin nəvəsi 72 nəfərlə birlikdə şəhid olub.

İlahiyyatçı vurğulayıb ki, Aşura günü zəncir vurmaq, bədənə xəsarət yetirmək olmaz, İslam dini belə işləri bəyənmir.

"Artıq neçə illərdir, Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə insanları özlərinə zülm etməməyə çağırır, bədənə xəsarət yetirməyin böyük günah olduğunu insanlara çatdırır və bu səbəbdən məscidlərdə və müəyyən yerlərdə qanvermə aksiyası keçirilir", - deyə o bildirib.

M.Paşazadənin sözlərinə görə, bu il pandemiyaya görə məscidlər bağlıdır. İlahiyyatçılar ayinləri sosial şəbəkə vasitəsilə yerinə yetirəcəklər, evdə olan inanclı insanlar da oraya baxıb evdə ayinləri icra edə bilərlər: "Bu, 10 gün ərzində mütəmadi davam edəcək".

Aşura günündə əl yumamaq, yemək yeməmək kimi inanclara gəldikdə isə ilahiyyatçı qeyd edib ki, İslam dinində belə inanclar yoxdur və din bu qeyd edilənləri qəbul etmir.

857
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Məhərrəm ayının başlaması avqustun 21-nə təsadüf edəcək
Hələ payız gəlməmiş koronavirus proqnozu qabaqlayır: ikinci rekord qeydə alındı
DİN Aşura ilə bağlı əhaliyə müraciət etdi
ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq
Nazirlik həkimlərin niyə COVID-19-a qarşı vaksini vurdurmaq istəməməsini şərh edib
Bıçaq, arxiv şəkli

Nənə bibisini öldürən şəxs saxlanılıb

16
(Yenilənib 10:43 25.09.2020)
Suraxanıda nənə və bibisini öldürən şəxs saxlanılıb, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 25 sentyabr — Sputnik. Ötən gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

16
Əlaqədar
Bakıda dəhşətli qətl: Övladlığa götürülmüş şəxs nənəsini və bibisini öldürüb
Kişi və uşaq silueti, arxiv şəkli

Uşaq evindən ailələrə - yüksək müavinətlərin sirri açıqlandı

449
(Yenilənib 00:56 25.09.2020)
Deputat: "İstənilən halda uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur.

BAKI, 25 sentyabr — Sputnik. Övladlığa uşaq götürənlərə müavinət veriləcək. Bununla bağlı olaraq artıq layihə hazırlanıb və müzakirə mərhələsindədir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığagötürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək. Valideyn himayəsindən məhrum olan və fiziki məhdudiyyəti olan 0-18 yaş uşaqlara görə 480 manat, 3-18 yaşlı uşaqların övladlığa götürülməsinə görə isə 160 manat müavinətin verilməsi təklif olunur.

Yeni qanun layihəsi ilə bağlı bir sıra məsələlər sual doğurur. Bu müavinətin aidiyyəti üzrə xərclənməsinə necə nəzarət ediləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev Sputnik Azərbaycan-a bildirib ki, ölkə başçısının övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqda 2018-ci ilin 10 dekabr tarixli 393 nömrəli fərmanı var. Bu fərmandan irəli gələn tədbirlərdən biri də valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin, dəstək mexanizmlərinin hazırlanmasıdır.

Nazirlidə bu fərmandan irəli gələrək övladlığagötürülmə sahəsində bir sıra işlər görülüb, bu ilin fevralında vahid qaydalar müəyyənləşib.

Şahmalıyevin sözlərinə görə, növbəti mərhələ övladlığa götürülməsi çətin hesab edilən uşaqların övladlığa verilməsinin təşviqinin stimullaşdırılması haqdadır. Bu kateqoriyaya valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud 0-18 yaş qrupunda olan uşaqlar daxildir.

"Bu gün övladlığa götürmək istəyən namizədlər demək olar ki, belə uşaqları övladlığa götürmək üçün müraciət etmirlər. Odur ki, bu işi təşviq etmək üçün "Sosial xidmətlər haqqında" qanuna dəyişikliklər paketi hazırlanıb. Dəyişikliklərdən biri budur ki, hansısa bir namizəd 0-18 yaş arası sağlamlıq imkanı məhdud uşaq götürmək istəsə, övladlığa götürmə haqda məhkəmə qətnaməsi verildikdən sonra həmin ailəyə aylıq olaraq 480 manat müavinət təklif olunur", - deyə departament rəhbəri bildirib. 

O əlavə edib ki, övladlığa götürmə üçün müraciət edən və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Vergi Məcəlləsində də bir sıra güzəştlər nəzərdə tutulub. Digər kateqoriya isə 3-18 yaş qrupu uşaqların övladlığa verilməsi haqdadır: 

"Əksər hallarda 0-3 yaşadək uşaqlar övladlığa götürüldüyündən 3 yaşdan yuxarı uşaqların ailə ilə təmin olunması prosesi gecikir. Bu səbəbdən də biz yaşı 3-dən yuxarı uşaqların övladlığa verilməsi üçün həmin ailələrə 160 manatlıq aylıq müavinət təklif olundu. Bundan başqa, belə uşaqlar övladlığa verilərkən də onların dövlət, özəl, ali ixtisas müəssisələrində ödənişli əsaslarla təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq".

Maraqlıdır, indiyədək ölkədə 0-18 yaş qrupunda fiziki məhdudiyyətli uşaqların övladlığa verilməsi təcrübəsi olmadığı halda, 480 manat müavinətin verilməsi hansısa neqativ meyllər, məsələn, sırf bu vəsaitə görə, övladlığa götürmə kimi hallar yaratmayacaq ki? Və bu cür halların müəyyən edilməsi mexanizmi necə nəzərdə tutulur?

Nazirliyin rəsmisi deyib ki, bu cür halların qarşısının alınması üçün Ailə Məcəlləsinə istinad ediləcək. Məcəlləyə görə isə övladlığagötürmə bir neçə mərhələdə həyata keçirilir. Birinci mərhələdə valideyn namizədlər qeydiyyata alınır. İkinci mərhələ övladlığagötürmədə uşağın mənafeyinin uyğunluğunun müəyyən edilməsidir. Digər mərhələ isə məhkəmə ilə bağlıdır.

"İkinci mərhələ özü bir neçə istiqamətdən ibarətdir. Bura müraciət edən valideyn namizədlərlə müsahibələrin aparılması, maddi-məişət şəraitlərinin yoxlanılması aiddir. Bu mərəhələdə sosial işçilərimiz tərəfindən hər hansı bu tip nöqsan aşkarlanarsa, həmin namizədlər növbəti mərhələyə keçməyəcək. Bundan başqa digər mərhələdə treninq aparılır. Yəni biz bir ay ərzində valideynə həftədə 3 saatdan az olmamaq şərti ilə onlara lazım olacaq bilik və bacarıqları ötürəcəyik. Bu bir ay ərzində həmçinin namizədlərin övladlığa götürmə ilə bağlı həqiqi istək və arzularını da öyrənmiş oluruq. Bu mərhələdən də uğurla keçən, imtahan verən valideynlər artıq uşaqla uyğunlaşma mərhələsinə gəlib çatacaqlar. Bundan sonra isə müəssisədə uşaqlarla görüş mərhələsi başlayacaq. Ayda 40 saatdan az olmayaraq valideyn namizəd övladlığa götürmək istədiyi uşaqla müəssisədə birgə zaman keçirmiş olacaq. Bu zaman bu vəziyyət sosial işçilərimizin nəzarətində olacaq. Hansısa neqativ hal aşkarlanarsa, bu zaman aidiyyəti üzrə addım, övladlığa götürülmənin uşağın mənafeyinə uyğunsuzluğu kimi qiymətləndiriləcək. Bu mərhələ ilə də işlər yekunlaşmayacaq. Sınaq müddəti veriləcək və bu zaman uşaq valideyn namizədin evinə sınaq müddətinə veriləcək. Sınaq müddətində sosial işçilərin birinci həftədə 3 dəfə, növbəti həftələrdə 1 dəfə ailələrə səfəri olur. Neqativ hal aşkarlanarsa, bu zaman övladlığagötürülmə uşağın mənafeyinə uyğun hesab edilməyəcək".

C.Şahmalıyev əlavə edib ki, hazırkı şəraitdə övladlığagötürmə ilə bağlı olan qaydalar müraciət edən namizədlərin həqiqi motivasiyasının nədən qaynaqlandığını üzə çıxarmağa imkan verir. 

Bəs uşaq ailəyə övladlığa verildikdən sonra, vəziyyət necə nəzarətə alınacaq?

Həmsöhbətimiz deyib ki, övladlığaverilmənin uyğunluğu haqda rəy verildikdən sonra məhkəmə həyata keçirilir. Məhkəmə müsbət rəy verərsə, uşaq ailəyə verilir və 18 yaşına çatanadək 1-ci ildə rübdə 1 dəfə, növbəti illərdə ildə bir dəfə olmaqla ailəyə monitorinq səfərləri təşkil olunur. Sosial işçilər tərəfindən uşağın ailədəki yaşam tərzi qiymətləndirilir. Bununla da uşağın ailədəki inkişaf mühiti, inkişaf perspektivləri yaxından izləniləcək.

Departament rəhbəri deyilənlərin hələ layihə şəklində və müzakirə mərhələsində olduğunu vurğulayıb. Qeyd edib ki, sözügedən müavinətlər yaşayış minimumuna bağlanılsın. Yəni yaşayış minimumunda artım olduqca, bu məbləğlər də artırıla bilər. 

C.Şahmalıyevin sözlərinə görə, valideynlər adətən 3+ yaşda olan uşaqları övladlığa götürməmələrinin səbəbini onların xərclərinin çox olması ilə izah edirlər: "Onlar belə uşaqların geyim, təhsil və sağlamlıq xərclərinin çox olduğunu deyirlər. Bu amillər nəzərə alınaraq ailəyə dəstək, təşviq məqsədilə belə uşaqlar üçün 160 manat müavinətin verilməsi təklif olunur. Amma etiraf edək ki, 160 manat müavinətə görə kimsə gəlib uşaq götürməyəcək. Burada məqsəd, 3+ yaşda olan uşaqları övladlığa götürmək istəyən, lakin maddi çətinlikləri olan ailələrə dəstək verməkdir. Biz müavinətə görə müraciət edən ailələrə də uşaq verməyəcəyik".

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Sputnik Azərbaycan-a bildirib ki, Milli Məclisdə "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişikliklərin olması təklif olunub. Bu dəyişikliklərə görə, valideyn himayəsindən məhrum edilmiş 3-18 yaşlı uşaqlara görə onları övladlığa götürənlərə ayda 190, fiziki məhdudiyyəti olan 0-18 yaşlı uşaqların övladlığa verilməsi üçün 480 manat müavinətin verilməsi nəzərdə tutulur. Məqsəd uşaqların övladlığa götürülməsini stimullaşdırmaq, belə ailələrə dövlətin maddi dəstəyini göstərməkdən ibarətdir.

"İstənilən halda uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur. Ailədə uşaq daha çox sosiallaşır, qaynayıb-qarışır, özünü daha çox güvəndə hiss edir. Bununla həm də övladı olmayan, yaxud da övladı olub digər uşağı övladlığa götürən şəxslər üçün də bir mənəvi, psixoloji stimul yaranır. Dövlətin əsas siyasəti ondan ibarətdir ki, uşaqlar daha çox ailələrdə böyüsün", - deyə millət vəkili bildirib.

M.Quliyev qeyd edib ki, xəstəliyi və fiziki məhdudiyyəti olan uşaqlar əksər hallarda övladlığa götürülmür və onlar adətən dövlətin himayəsində böyüyürlər: "Bəzən əcnəbilər bu uşaqları övladlığa götürürlər. Bizim də məqsədimiz ondan ibarətdir ki, uşaqlar Azərbaycanda böyüsünlər. Bu səbəbdən yəqin ki, ayın 30-da bu məsələyə baxılacaq. Düşünürəm ki, bu, müsbət və pozitiv bir qanun layihəsidir".

Millət vəkilinin fikrincə, gələcəkdə yəqin ki, müavinətlərlə bağlı vəsaitlər artırılacaq: "Biz parlamentdə qanunun birinci oxunuşunda da təklif edəcəyik ki, yaşayış minimumu artdıqca, bu məbləğlər də artırılsın".

M.Quliyev bu cür uşaqların ali təhsil imkanlarının da dövlət tərəfindən qarşılanacağını vurğulayıb.

449
Əlaqədar
Övladlığa götürülən uşaqların sayı açıqlandı
Övladlığa verilmə ilə bağlı yeni qaydalar
Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək
Övladlığa götürülən uşaqların sayı məlum oldu
Övladlığa götürülən uşağa görə müavinətlərin məbləği açıqlanıb
Prezident İlham Əliyev, arxiv şəkli

Prezident İlham Əliyev BMT-də nədən danışıb

0
(Yenilənib 12:21 25.09.2020)
İlham Əliyev: "Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb".

BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi debatlarda videoformatda çıxış edib. Sputnik Azərbaycan İlham Əliyevin çıxışını oxuculara təqdim edir:

"Mən BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri cənab Volkan Bozkırı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edirəm. Qardaş Türkiyənin nümayəndəsinin belə mötəbər vəzifəyə seçilməsi bizi məmnun etdi. Sizi əmin etmək istəyirəm ki, bu məsuliyyətli və şərəfli işinizdə Azərbaycan sizi dəstəkləməkdən ötrü səylərini əsirgəməyəcək.

Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, "sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil". Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir.

Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır.

1992-ci ildə Ermənistan Xocalı soyqırımını törətmişdir ki, onun nəticəsində Xocalının 106-sı qadın və 63-ü uşaq olmaqla 613 dinc sakini qətlə yetirilmişdir. Ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.

Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.

Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir.

Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.

Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb.

Ermənistan təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə alır və təxribatlar törədir.

2016-cı ilin aprel ayında Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum həyata keçirmişdir. Həmin hücum nəticəsində biri uşaq olmaqla, 6 dinc sakin qətlə yetirilmiş, 26 mülki vətəndaş isə yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirmiş və işğal olunmuş torpaqların bir hissəsini azad etmişdir.

2017-ci ildə Ermənistanın məqsədyönlü hücumu nəticəsində 2 yaşlı Zəhra Quliyevə və onun nənəsi qətlə yetirilmişdir.

2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olmuş, mülki infrastruktura isə ciddi zərər dəymişdir.

Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Bununla yanaşı, onlar Ermənistanda artmaqda olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışdılar.

Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu.

Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etmişdir.

Ermənistan hökuməti Azərbaycan tərəfinin əsirlərin "hamının-hamıya" prinsipi əsasında mübadiləsi təklifini rədd etmişdir. Azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı ərazilərdə valideynlərinin məzarlarını ziyarət edərkən əsir götürülmüş və işgəncəyə məruz qalmışlar. Onlar 6 ildən çoxdur ki, əsirlikdədirlər.

Cari ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma "seçkilər" növbəti təxribat idi. Həmin dırnaqarası "seçkilər" əvvəlkilər kimi, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti və digərləri tərəfindən kəskin şəkildə qınanıldı və rədd edildi.

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun "Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Onun qəbuledilməz "yeddi şərti" tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.

Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri "yeni ərazilər uğrunda yeni müharibəyə" çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.

Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Ermənistan Azərbaycana qarşı 30-dan artıq terror aktı törədib. Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var.

Erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.

Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub.

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde "milli qəhrəmana" çevrilib. İkinci Dünya müharibəsindən sonra o, həbs olunaraq 25 illik azadlıqdan məhrum edilmiş və həbsxanada ölmüşdür. Ermənistanın paytaxtının mərkəzində Njdenin xatirəsinə 6 metrlik abidə ucaldılıb. ASALA kimi bir sıra digər terror təşkilatlarının üzvləri də bu ölkədə şöhrətləndirilir.

Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik.

Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə verməmişdir. Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var.

Otuz ilə yaxın danışıqlar prosesində iştirakımız sülhə sadiqliyimizin bariz nümunəsidir. ATƏT-in Minsk qrupunun bütün 11 üzvü prosesdə fəal iştirak etməlidir.

BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafiki tərtib edilməlidir. BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Həmin qətnamələr icra edilənə qədər qüvvədədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması isə qəbuledilməzdir.

Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!

Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla qarşılaşmaqda davam edir. Ermənistanda iki il bundan əvvəl rejim dəyişikliyi baş vermişdir, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalmışdır.

Ermənistanda insan hüquqları geniş şəkildə pozulur. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən həbs edilir. Ermənistanda faktiki olaraq diktatura qurulub.

Ölkənin iki sabiq prezidentinə qarşı cinayət işləri açılıb. Toxunulmazlığa sahib olmaqlarına baxmayaraq, parlament deputatları saxlanılır.

Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdür. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının müşahidə edilməsindən ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. "Human Rights Watch", "Amnesty International", "Freedom House" və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər.

Bu ölkədə siyasi münasibətlər böhran həddinə çatmışdır. Ölkə 20 ildən artıq idi ki, səhra komandirləri tərəfindən idarə olunurdu. Hazırkı siyasi rəhbərlik isə əvvəlki rejimlərin təcrübəsini davam etdirir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaqdır.

Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Halbuki Ermənistanda koronavirusla bağlı vəziyyət çox acınacaqlıdır. Ermənistan bu təşəbbüsün əleyhinə yalnız onun Azərbaycan tərəfindən irəli sürüldüyünə görə çıxış etmişdir. Belə bir təşəbbüsə etiraz irrasional düşüncənin məhsuludur. Bu, Ermənistanda hökm sürən və hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiyanın növbəti təzahürüdür. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır.

Ermənistanın işğalının səbəb olduğu çətinliklərə baxmayaraq, Azərbaycan sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olmuşdur. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay əvvəl biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək.

Son 17 ildə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul 3 dəfə artmışdır. Ötən 17 il ərzində Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Son 17 ildə ölkəmizdə 3700-dən artıq məktəb yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. "Dayanıqlı İnkişaf Məqsədləri"nin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. "2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı"nda yer almış "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi"nə görə, Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir, Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Biz Bakı-Tbilisi-Qars dəmir yolu və 25 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanını istifadəyə vermişik. Davos İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi "Qlobal Rəqabətlilik İndeksi"nə görə Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 141 ölkə arasında 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanı xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyətinə görə 27-ci yerdədir.

Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Bizim 3 peykimiz var – ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün. Əhalimizin 80 faizi internet istifadəçisidir.

Biz iqlim dəyişikliyi səbəbindən yaranmış içməli su qıtlığı probleminin həlli üçün səmərəli tədbirlər həyata keçiririk. Azərbaycan Paris Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Azərbaycanda elektrik enerjisinin istehsalı üçün ekoloji cəhətdən təmiz təbii qaz və hidroelektrik enerji stansiyalarından istifadə olunur.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik. 2008-ci ildə Azərbaycan tərəfindən başladılmış "Bakı Prosesi" müsəlman dünyası və Avropa arasında dialoq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır, həmçinin BMT tərəfindən dəstəklənir. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə "mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma" kimi tanınmışdır.

2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.

2016-cı ildə Roma Papası Azərbaycana səfər etmişdir. Bu ilin fevral ayında mənim Vatikana səfərim baş tutmuş və orada Papa Fransisklə görüşüm olmuşdur. Görüş zamanı Papa Fransisk Azərbaycanı "əsl tolerantlıq nümunəsi" adlandırmışdır.

Azərbaycan dini abidələrin – məscid, kilsə və sinaqoqların bərpasına çox böyük önəm verir. Biz müxtəlif ölkələrdə belə dini və tarixi abidələrin bərpası ilə bağlı birgə layihələr həyata keçirmişik.

Koronavirus pandemiyası dünyadakı vəziyyəti kökündən dəyişmiş, nəticədə yeni reallıqlar meydana gəlmişdir. İlkin olaraq virusun inkişafda olan ölkələrə təsir edəcəyi gözlənilirdi. Lakin pandemiya inkişaf etmiş ölkələrə də ciddi təsir etmişdir. Bu, virusun sərhəd tanımadığını bir daha sübut edir. Biz pandemiyanın öhdəsindən yalnız qarşılıqlı dəstək və birgə səylərlə gələ bilərik.

Azərbaycan virusun yayılmasının qarşısını almaq üçün zamanında zəruri addımlar atmışdır. Azərbaycan tərəfindən "Minilliyin İnkişaf Məqsədləri"nə nail olunması və "Dayanıqlı İnkişaf Məqsədləri" istiqamətində əldə edilmiş tərəqqi ona pandemiya ilə səmərəli mübarizə aparmağa imkan vermişdir. Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmiş və yenidən qurulmuşdur, son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir.

Görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir.

Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz iki bərabər tranşla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. İkinci tranş Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Azərbaycan Respublikası 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Zirvə toplantısındakı çıxışımda qeyd etdiyim kimi, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin mənafelərinin qorunması naminə əlindən gələni edəcəkdir. Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə edəcəkdir.

Təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusa qarşı videoformatda Fövqəladə Zirvə görüşü keçirildi. Mən Zirvə görüşündə Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.

Hesab edirəm ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir.

Beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsiri ölkələr arasında həmrəylik tələb edir. Bu mənada mən bir neçə təklif irəli sürmək istəyirəm:

- Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.

- Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır.

- Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.

- Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır.

- Müxtəlif ölkələr tərəfindən "Dayanıqlı İnkişaf Məqsədləri"nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır".

0
Teqlər:
Ermənistan, BMT Baş Məclisi, BMT, Azərbaycan prezidenti, İlham Əliyev
Əlaqədar
Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"