Dingə aləti

Şimal-qərb bölgəmizin qeyri-adi əmək aləti - Sağlam nəslin yetişməsində onun da rolu var

3984
(Yenilənib 09:34 14.08.2020)
Zaqatalada qeyri-adi qədim əmək aləti: Onu doqqaza, kənd meydanına qoyurlar ki, hamı istifadə edə bilsin.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Zaman keçdikcə, əl əməyini texnika əvəz edir. Lakin elə qədim əmək alətləri var ki, onlar hələ də bölgələrimizdə qorunub saxlanmaqdadır və insanlar onlardan sevə-sevə istifadə edir.

Söhbət palıddan düzəldilən, dənli bitkiləri döymə üsulu ilə un halına salan alətdən – dingdən gedir. Sözügedən alət Zaqatalanın bəzi kəndlərində bu günümüzə qədər qorunub saxlanılıb. Rayonun Yengiyan kənd sakinləri də ata-babalarından qalan “miras”ı qoruyub saxlamağı bacarıblar.

Zaqatala rayon Mosul kənd Mədəniyyət evinin müdiri, tarixçi Şaiq Əlixanovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, dingin tarixi qədim Albaniya dövrünə qədər gedib çıxır: “Dingin tarixi qədimdir. Keçmişdə ata-babalarımız tərəfindən gövdəsi yoğun palıd ağacının içi oyularaq hazırlanıb. Alətin uc hissəsinə xüsusi daş yerləşdirilir. Buna babalarımız “ildırım vuran daş” deyirdilər. Daş yanır, kristallaşır, daha sonra onu cilalayırlar. Bu daş heç vaxt ovulmur və çəkic rolunu oynayır. Bütün dənli bitkilər o daş vasitəsi ilə ovxalanır və un halına salınır”.

© Sputnik / Shahperi Abbasova
Ding alətindən istifadə

Alətin ön hissəsində girdə çala, arxa hissəsində isə bir cüt qol olur. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilir. Bu ucluq çalaya doldurulmuş çəltiyə dəydikcə onu un halına salır. Üyütmə prosesi un ələkdən keçirilməklə iki-üç dəfə təkrar olunur. Şaiq Əlixanov bildirir ki, bu prosesin vaxtaparan və fiziki güc tələb edən olmasına baxmayaraq, onunla daha çox qadınlar məşğul olur: “Həmin prosesi tək həyata keçirmək qeyri-mümkündür. Ən azı 3 nəfər üyütmə prosesində iştirak edir.  Babalarından yadigar qalmış bu aləti gələcək nəsillərə ötürmək üçün kənd sakinləri onu vaxtaşırı təmir edirlər”.

Tarixçinin sözlərinə görə, bu alətə qədər dəyirmanlar yox idi. Ding aləti də məhz bu zərurətdən yaranıb. Zaqatalanın Mosul, Faldar, Kəpənəkçi kəndlərində hələ də dinglər qalmaqdadır. Dingin üstün cəhəti bir də ondadır ki, alətin ilkin forması qorunub saxlanılıb.

"Bura hansısa modern texnologiya əlavə edilməyib, elektrikdən istifadə olunmur. Ona görə də, dingdə hazırlanan məhsul dadını və keyfiyyətini qoruyur. Elə buna görə də dingdə üyüdülən undan hazırlanmış qidalar çox ləzzətli olur”, - deyə Ş.Əlixanov bildirib. 

Şaiq müəllim özü də yeni bir ding hazırladaraq kənd camaatının ixtiyarına vermək fikrindədir: “İstəyirəm özüm bir ding hazırladım, kəndin meydanına qoyum və hamı ondan istifadə etsin. Özü də təkcə yerli camaatı yox, digər bölgələrdən gələn insanlar da öz məhsullarını dingdə üyütsünlər”.

© Sputnik / Shahperi Abbasova
Ding aləti

Kənd sakini İbadulla Qurbanovun atasından qalan dingdən bu gün bütün kənd sakinləri istifadə edir. İbadulla bəyin xanımı Bahar Qurbanova deyir ki, qaynatasından qalan, yaşı bir əsrə bərabər olan bu alət əvvəl həyətlərində olub. Sonra onu doqqaza çıxarıblar ki, camaat istifadə edə bilsin.

"Bizim bölgədə hazırlanan bəzi şirniyyatlar məhz dingdə üyüdülən undan hazırlanır. Novruz, Qurban, Ramazan bayramlarında hamı gəlib düyünü, buğdanı, qarğıdalını bu dingdə üyüdür. Xeyir-şər məclislərimiz dingdə üyüdülən düyüdən hazırlanmış şirniyyatlarsız keçmir. Bölgəmizin ən məşhur şirniyyatı olan düyü halvasının unu mütləq dingdə üyüdülməlidir. Dükandan alınan düyü ilə halva alınmır”, - Bahar Qurbanova deyir.

Kənd sakini Qəndab Əlixanova da o fikirdədir ki, dingdə üyüdülən unun dadını heç nə əvəz etmir: “Satışda olan, digər dəyirmanlarda üyüdülən unun dadı ilə dingdə hazırlanan unun dadında yerlə göy qədər fərq var. Dingə üyüdülən un öz keyfiyyətini qoruyub saxlamaqla bərabər, ondan hazırlanan şirniyyatlar olduqca kolorili olur. Məhz elə buna görə də, yeni ana olan qadınlara, süd əmizdirən analara mütləq dingdə üyüdülən undan yeməklər və şirniyyatlar hazırlayırlar. Bu, artıq bizim kəndimizdə adət halını alıb. Mən bu kəndə gəlin gəlmişəm, əvvəllər dingdən istifadə edə bilmirdim, bura gələndən sonra öyrəndim”.

© Sputnik / Shahperi Abbasova
Ding alətindən istifadə

Uzun illər dingdən istifadə edən kənd sakini Sədaqət Məmmədova da dingdə hazırlanan qidaların faydalarından danışıb: “Dingdə çəltik, buğda, qarğıdalı əzilir. Sonra ondan düyü halvası, qorqud hazırlanır. Bizim bölgədə belə bir adət var, təzə uşaq dünyaya gələndə onun üçün beşik məclisi təşkil edirlər. Həmin məclisdə qorqud və düyü halvası mütləq hazırlanır. Bu ənənə hələ də davam edir. Qorqud insan orqanizmi üçün olduqca faydalıdır. Yeni ana olmuş qadınlara mütləq qorqud yedirirlər ki, ananın orqanizmi güclənsin, südü artsın. Qorqud və düyü halvası faydalı olmaqla yanaşı, həm də ucuz başa gəlir”.

3984

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

9
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

9
Çadır, arxiv şəkli

Azərbaycan turizmində yeni mərhələ: Hoteller turistlərə çadır təklif edəcəklər

3
(Yenilənib 20:24 24.09.2020)
"Pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Bu gün Rusiya kimi böyük ölkələrdə də yayda hotellərdə yer tapılmır. Bu gün bir çox ölkələr gəlmək istəyən turistləri geri qaytarmamaq üçün bir təcrübəni sınaqdan keçiriblər. Belə ki, bu ölkələrdə bir qədər yüksək komfortu olan, müəyyən mebellərlə təmin olunmuş çadırlar qurulur".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi bu barədə bu gün Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində təşkil olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da bu təcrübədən yararlana bilər: "Hazırda bununla bağlı olaraq biz belə çadırlar istehsal edən bir şirkətlə danışıqlar aparırıq ki, sonradan bununla bağlı hotellərə tövsiyəmizi verək. Yəni pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq. Eyni zamanda da Bakı əhalisini rayonlara cəlb etməliyik. Bunun üçün isə müəyyən ekoturlar təşkil oluna bilər. Düşünürəm ki, Bakıda böyüyən, yaşayan biri üçün balın necə hazırlanması, arıçılıq, eyni zamanda bu kimi digər təsərrüfatlarda bir gün keçirtmək maraqlı olar. Təbii ki, bunun üçün həm də turistlərin gecələmə imkanları da təmin edilməlidir. Yəni bütün bunların olması eyni zamanda kəndlərdə turizm məqsədilə icarəyə verilən evlərin sayının artması, hotellər, hostellərin daha da inkişafı deməkdir".

"Kənddən-şəhərə" də bu addıma qoşula bilər. Lakin biz bunu görmürük. Halbuki, onların konsepsiyasında da bu malların həm də turizm məqsədilə tanıtımı nəzərdə tutulub", - deyə ekspert qeyd edib.

3
Əlaqədar
Hava limanında turistlərə görə daha bir dezinfeksiya tədbiri
Biz də turistlərə pul paylayaq? - Pandemiyanın vurduğu sektoru xilas etməyin yolları
Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”
Milli turizmin qışı: Xəzər adalarına səyahət, tənbəl turistlər və yeyib-içmək
Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"

İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"

6
(Yenilənib 01:11 25.09.2020)
Azərbaycan Prezidenti İlham Əliyev: "İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır!"

BAKI, 25 sentyabr - Sputnik. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.

"Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir", - İlham Əliyev deyib.

O qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.

"Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb", - Prezident əlavə edib.

6
Teqlər:
Ermənistan, BMT Baş Assambleyası, BMT, Prezident İlham Əliyev