CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO

© Sputnik / Musa MuradliBərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli
Bərdənin Güloğlular yeni qəsəbəsində, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni seçilən sədr ümid edirmiş ki, bələdiyyənin pulunu yığıb, xərclədiyini geri qaytarar. Ondan sonra işlər yoluna düşər. Amma Güloğlular qəsəbəsinin sakinlərinin düşdükləri bəla heç də gül qoxumur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Bərdənin Güloğlular yeni qəsəbə massivində 150-yə yaxın ev var. Sakinlərin sosial problemləri az deyil: qaz çəkilməyib, içməli suyu kənardan gətirirlər. Həyət-bacalarını suvarmaq üçün 6-8 metrdən çıxarılan quyu suyundan istifadə edirlər. Burada qabaran problemin biri də məişət tullantılarının düzgün idarə olunmamasıdır. Qəsəbədə tullantılar üçün qablar qoyulmayıb. Sakinlər yaranmış dözülməz vəziyyət barədə Sputnik Azərbaycan-a şikayətləniblər. Onlar bildiriblər ki, evlərinə yaxın ərazidə yaranmış zibilliyin üfunətindən dayana bilmirlər. Hətta zibillkdə məskən salmış siçan, siçovullar yaşadıqları evlərə doluşur.

© Sputnik / Musa MuradliBərdənin Güloğlular yeni qəsəbəsində zibillik
Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO - Sputnik Azərbaycan
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Qəsəbə sakini Şamxal Əsədov bildirib ki, zibilliyin qoxusundan nəfəs ala bilmirlər:

“Buradakı evlər təzə tikilib. Müəyyən problemləri var ki, həll olunmalıdır. Belə problemimizdən biri də qəsəbə yolunun üzərində yaranan zibillikdir. Heyvan ölüsünə qədər gətirib buraya atırlar. Zibilliyə it leşi də tullayırlar. Antisanitariya baş alıb gedir. Xüsusilə koronavirusun tüğyan elədiyi bir vaxtda belə bir xəstəlik mənbəyinə laqeyd münasibəti anlamaq olmur".

Şamxal Əsədovun bildirdiyinə görə, bu cür başqa bir zibillik də varmış. Öz vəsaitləri hesabına oranı təmizlədiblər.

”Zibilliyin birini özümüz təmizlətdik. İndi çalışırıq ki, oraya zibil atan olmasın. Ancaq zibilliyin hamısını təmizləmək gücümüz daxilində deyil. Bunun üçün bələdiyyə sədrinə müraciət etmişik. Buna baxmayaraq, dözülməz vəziyyət dəyişməyib. Günbəgün zibilliyə atılan tullantıların həcmi artır”, - Şamxal Əsədov qeyd edib.

Nizaməddin İsbəndiyarov Güloğlular massivində kirayənişin kimi yaşasa da, o da buranın sakinləri kimi məcburən üfunət qoxuyan zibilliyin havası ilə nəfəs alır: ”Nəvəmiz, uşağımız var. Özümüzdən çox, onların gününə yanırıq. Yayın istisində evimizin qapı-bacasını açmaya bilmirik. Açanda da pis qoxu içəri dolur. Uşaqlar məktəbə gedəndə pəncərədən baxıb görürdüm ki, hamısı əlləriylə ağızlarını tutub keçirlər. Xüsusilə xəstəliyin yayılan vaxtında belə bir zibilliyin yığışdırılması təmin olunmalıdır”.

© Sputnik / Musa MuradliBərdənin Güloğlular yeni qəsəbəsində zibillik
Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO - Sputnik Azərbaycan
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Qəsəbə sakini olmayan Müsafir Cəmilli mütəmadi olaraq qəsəbəyə baş çəkir. Onun da övladlarından biri burada yaşayır. Bildirir ki, 150 evi olan qəsəbədə qaz çəkilişi aparılmayıb. Qış aylarında sakinlər yanacaq qismində odundan istifadə edirlər. İndi də növbəti qışın gəlişinə baxmayaraq qaz çəkilişi ləngiyir. Müsafir Cəmilli içməli suyun olmadığını da qeyd edib. Əhali suyu uzaq məsafələrdən gətirməyə məcbur olur.

“Kanalı təmizləyib, qırağa töküblər. Daşıyıb, ərazidən kənarlaşdırmayıblar. Abadlıq baxımından ürəkaçan mənzərə deyil. Qarşıdan yağı qış gəlir. Qaz çəkilməlidir. Qaz olmadığına görə buranın sakinləri odundan istifadə eləməli olurlar. Oduna da ki pul çatdırmaq mümkün deyil. Burada yaşayanların əksəriyyəti kasıb adamlardır. Pandemiya səbəbindən bir neçə aydır çoxu işləmir. Bunun üçün də qaz çəkilişi aparılmalıdır ki, qış gələndə qayğıları bir az yüngülləşsin“, - deyə Müsafir Cəmilli vurğulayıb.

© Sputnik / Musa MuradliBərdənin Güloğlular yeni qəsəbəsində zibillik
Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO - Sputnik Azərbaycan
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Güloğlular kənd bələdiyyəsinin sədri Mifaqət Əliyev bildirib ki, zibilin daşınması üçün əvvəllər maşın təşkil edib, fəhlə gətirib, qəsəbə sakinlərinin vəsaiti hesabına tullantıların ərazidən götürülməsinə nail olub. Ancaq vəsaitin toplanması sonradan mümkün olmayıb. 70 nəfərdən 30-u çəkilən xərclərə hesablanmış aylıq pulu ödəməkdən imtina edib. Buna görə də zibilin daşınmasını davam etdirmək mümkün olmayıb.

Onu da qeyd edək ki, Mifaqət Əliyev ötən bələdiyyə seçkilərində yerli özünüidarəetmə orqanına üzv seçilib. Bələdiyyə sədrinin dediyinə görə, bələdiyyənin maddi imkanları yox səviyyəsindədir. Özündən əvvəlki bələdiyyədən ona qalan miras ancaq borclardır. Bələdiyyə büdcəsində bir manat da olsun, pul vəsaiti olmayıb. Bələdiyyənin mülkiyyətində olan torpaqlara görə vergisi və icarə haqqı toplanmadığından büdcə boş qalıb. DSMF-yə külli miqdarda bələdiyyə borcu yaranıb.

© Sputnik / Musa MuradliBərdənin Güloğlular yeni qəsəbəsində zibillik
Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO - Sputnik Azərbaycan
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik
“Sentyabrın 15-dən noyabrın 15-nə qədər bələdiyyənin səlahiyyətinə aid olan vergilər yığılmalıdır. Ancaq heç kim vermir. Deyirlər ki, 20 ildir, vergi yığan olmayıb. İndi bu nədir belə? Görürəm ki, özümü çox çətin bir xətaya salmışam”, - deyə bələdiyyə sədri vurğulayıb.

Mifaqət Əliyev bələdiyyə sədri seçiləndən şəxsi vəsaiti hesabına müəyyən işlər gördüyünü də deyib. Ümid edirmiş ki, bələdiyyənin pulunu yığıb, xərclədiyini geri qaytarar. Ondan sonra işlər yoluna düşər. Yavaş-yavaş kəndin abadlığını, camaatın güzəranının yaxşılaşdırılmasını təmin edər. Ancaq bələdiyyənin problemlərini çözə bilmədiyindən gözləntilərini doğrulda bilməyib.

Bələdiyyə sədri qeyd edib ki, bələdiyyənin büdcəsinə pul gələndən sonra zibilliklərin təmizlənməsi təmin ediləcək. İndiki halda isə bələdiyyənin vəsati olmadığından ərazidəki tullantıların daşınması təmin edilmir.

Xəbər lenti
0