Fəttah Heydərov - Milli Məclisin deputatı

Fəttah Heydərov vəfat edib

254
(Yenilənib 10:08 04.08.2020)
Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib bu gecə 82 yaşında dünyasını dəyişib

BAKI, 4 iyul – Sputnik. Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, F. Heydərov bu gecə 82 yaşında dünyasını dəyişib.

O, bir müddətdir, xəstəlikdən əziyyət çəkirdi.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilmişdir.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləmişdir.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləmişdir.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olmuşdur. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Ağsaqqallar Şurasının sədridir.

254

Mülki əhalimizə atəş açılır: Tərtərdə iki qardaş həlak oldu, 2 nəfər isə yaralandı

25
Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar.

BAKI, 28 sentyabr - Sputnik. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

25
Televizora baxan adam, arxiv şəkli

Rəsmi məlumat gözləyərkən: Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib

62
(Yenilənib 19:37 28.09.2020)
Çoxdan işlətmədiyi radiosunu işə salan, internet gələndən kənara atdığı antenanı quraşdıran nə qədər insan var. İllərlə arzuladığı bir qırıq sözü eşitmək arzusu ilə hərə bir yolla məlumat almaq istəyir.

Müharibə asan görünən işləri çətinləşdirir. Bir anda görə biləcəyin hər hansı məsələ bəzən çətin problemə çevrilir. Bir anda narahatlıq yaranır, istəyirsən yaxın bir adamına zəng edəsən, görürsən şəbəkə yüklənib. Hamı sənin kimi zəng etmək istəyir deyə heç yerə siqnal çatmır.

İnsanı bir vahimə bürüyür. Hətta adi telefonla da zəng edə bilməyəndə, düşünürsən, bunun axırı necə olacaq, görəsən. Kimsə tez əlinə bir zənbil alıb qaçır dükana, lazım gəldi, gəlmədi əlinə keçəndən alıb atır zənbilinə. Düşünür, sabah bir çətinlik olsa, evində bir ehtiyatı olar.

Çoxdan kənara atdığı qaz balonu da aktuallaşır, bir də baxırsan, vurub qoltuğuna düz yönlənir qazdoldurma məntəqəsinə. Doldurur, qayıdır evinə, atır bir küncə. Evində xəstəsi olan qaçır aptekə, olan dərmandan bir az artıq alıb yığır. Amma interneti yüklənəndə və ya kəsiləndə lap müdafiəsiz olur müasir insan, nə ödəmə, nə taksi sifariş edə bilir. Elə belə qalır vakuumda. Nə edəsən, hara qaçasan, kimlə danışasan? Bu sualların əlində də aciz qalır.

Komfort şəraitə öyrəşmiş insanın çətin durumda atacağı addımları da qabaqcadan proqnozlaşdırmaq olmur. Elə oradan bura, buradan ora xaotik hərəkət etməklə bir yol axtarır. İnternet olmasa da, hamı bir yolla internetdədir. Hamı xəbər gözləyir, xəbər izləyir. Sosial şəbəkəyə giriş olmasa da, hamı şəbəkədədir. Hər kiçik yeniliyə ya sevinir, ya kədərlənir hər birimiz.

Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib. Çoxdan işlətmədiyi radiosunu işə salan, internet gələndən kənara atdığı antenanı quraşdıran nə qədər insan var. İllərlə arzuladığı bir qırıq sözü eşitmək arzusu ilə hərə bir yolla məlumat almaq istəyir. Sosial mediada müzakirə mövzuları sırasında elə antena axtaranları da görmək olar. Elə hey soruşurlar, bu işə yarayar ya yox?

"Yaralanan yaxud itki var?", "övladlarımız doğma nənə-baba torpağını ziyarət edəcək", "Rəsmi olmayan məlumatları yaymayın", "Allah rəhmət eləsin...", "Füzuli deyirlər, rəsmi məlumat gözləyirik" – şəbəkədə belə postlar hələ çox paylaşılacaq.

Hamı öz aləmində, öz Qarabağındadır bu gün. Kimi döyüş meydanında, kimi də virtual məkanda. İrəli getmək var, geri dönmək yoxdur.

62
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Prezident İlham Əliyev Türkiyə liderinə təşəkkür edib

0
(Yenilənib 20:34 28.09.2020)
Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub.

BAKI, 28 sentyabr - Sputnik. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti, əziz qardaşı cənab Rəcəb Tayyib Ərdoğana "Tarix, Siyasət ve Ölkələrarası Münasibətlər baxımından Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq Dənizi Simpoziumu"nda Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən hörmətli cənab Prezident başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Tovuz hadisələri zamanı da Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Türkiyə Respublikası olub: "Prezident İlham Əliyev Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Azərbaycan və Türkiyə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir".

0