Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı tədbir görüləcək

8
Bu kimi hallar vətəndaşlar arasında narahatlıq yaratmaqla yanaşı, dövlətin sərnişindaşıma sahəsində həyata keçirdiyi tədbirlərə də xələl gətirir.

BAKI, 3 avqust - Sputnik. Avqustun 2-də sərt karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə video-konfrans formatında müşavirə keçirilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, müşavirədə sərnişindaşımaların təşkili, görülən işlər, çatışmazlıqlar və onların həllinə dair məsələlər müzakirə olunub.

Əsas diqqət günün pik saatlarında müəyyən istiqamətlər üzrə avtobuslarda müşahidə olunan sərnişin sıxlıqlarına yönəldilib. Vurğulanıb ki, pandemiya dövründə avtobus sayının düzgün tənzimlənməsinə dair tapşırıqlar verilsə də, bəzi daşıyıcılar fəaliyyətlərində məsuliyyətsizliyə yol verirlər. Daha çox mənfəət əldə etmək üçün bəzi daşıyıcılar məqsədli şəkildə avtobusların sayını azaldıb. Nəticədə daha çox “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və “20 Yanvar” dairəsi istiqamətində ətraf kənd və qəsəbələrdən hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunub.

Bu kimi hallar vətəndaşlar arasında narahatlıq yaratmaqla yanaşı, dövlətin sərnişindaşıma sahəsində həyata keçirdiyi tədbirlərə də xələl gətirir. Bunun yolverilməz olduğu qeyd edilərək problemlərin qısa vaxtda həllinə dair daşıyıcılara növbəti dəfə xəbərdarlıq olunub.

Sərnişin tələbatı nəzərə alınmaqla hər bir xətt üzrə avtobus sayı müəyyən edilib və təmin edilməsi üçün tapşırıq verilib. Bildirilib ki, xəttə müəyyən olunan saydan az avtobusun çıxaran daşıyıcıya qarşı qanunvericiliyə uyğun ən sərt tədbirin görüləcək. Avtobus sayının qəsdən azaldılması və ya sərnişin sıxlığına səbəb olan digər hallar müəyyən edilərsə bu həmçinin karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

8
İnsanın kölgəsi, arxiv şəkli

Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

2
(Yenilənib 18:13 19.09.2020)
Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 19 sentyabr — Sputnik. Xəbər verildiyi kimi, "Güllübulaq" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, istintaq zamanı toplanmış sübutlarla "Güllübulaq" MMC-nin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci illər ərzində Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib "Güllübulaq" MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, "Güllübulaq" MMC-yə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da şübhələr üçün əsaslar yaranıb.

Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2

Təhsil naziri intihar etmiş müəllimlə bağlı paylaşım etdi

6
(Yenilənib 17:50 19.09.2020)
"Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb".

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev bur neçə gün əvvəl intihar etmiş ibtidai sinif müəllimi Naidə İsayeva ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deyilir: "Sentyabrın 16-da Bakı şəhəri 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın intihar etməsi xəbəri Təhsil Nazirliyi, eləcə də bütün təhsil ictimaiyyəti tərəfindən dərin narahatlıq və kədər hissi ilə qarşılanıb.

Müxtəlif media orqanlarında mərhum müəllim haqqında qeyri-dəqiq və yoxlanılmamış məlumatların təqdim edilməsi böyük təəssüf doğurur.

Bununla bağlı Təhsil Nazirliyi olaraq bildiririk ki, mərhum Naidə İsayeva çalışdığı məktəbdə hər kəs tərəfindən mədəni, savadlı və zəhmətkeş təhsil işçisi kimi tanınıb. O, Bakı Humanitar Kollecini ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirdikdən sonra 2016-cı ildən Bakı şəhəri 92 nömrəli tam orta məktəbdə müəllim kimi işləməyə başlayıb. 2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 51 bal toplayıb və Bakı şəhəri 121 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyətə başlayıb.

Naidə xanım çalışdığı kollektivin xatirəsində hər zaman dəyərli təhsil işçisi olaraq qalacaq.
Təhsil Nazirliyi bir daha Naidə İsayevanın vəfatından kədərləndiyini bildirir və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"

 

6

Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"

0
(Yenilənib 18:21 19.09.2020)
"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi".

BAKI, 19 sentyabr - Sputnik. “Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi: "İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik.

Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.

Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.

Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır.

Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”.

0