Masazır gölü

Nəzarəti suyu kimi yoxa çıxan göl! Əvvəl giriş qadağan idi, indi yaxın duran yoxdur

1282
(Yenilənib 22:06 27.07.2020)
Karantin dövrü olduğu üçün gölə əvvəlki kimi nəzarət də yoxdur. Yəni istəyən hər kəs bura gəlib, ən azından yodlu göl havası qəbul edə bilər.

İradə Cəlilova, putnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Masazır gölü Bakıdan 21 kilometr uzaqlıqda yerləşir. Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat tərkibli olan göl əvvəllər Masazır və yaxın qəsəbələrin sakinlərinin üzünə açıq olub.

Deyilənə görə, gölün suyu şəfaverici tərkibə malikdir. Dəri xəstəlikləri, allergik xəstəliklər və revmatizmi olan hər kəs Masazır duz gölünə gəlib şəfa tapırmış.

© Sputnik / Irade JELIL
Duz gölü

Masazır gölündən 1813-cü ildən duz çıxarılmağa başlayıb. Araşdırmalar görə, gölün 1780 ton duz ehtiyatı var.

Hazırda gölün yaxınlığında duz zavodu da fəaliyyət göstərir. Elə göl sakinlərin üzünə də zavod tikiləndən sonra bağlanıb. Çünki bəzi vətəndaşlar göldən duz yığaraq, onu kustar üsulla hazırlayaraq, “qida duzu” kimi satırmış.

© Sputnik / Irade JELIL
Duz gölü

Kənd təsərrüfatı mütəxəssisləri isə bildirilər ki, kustar üsulla hazırlanan duzun qidada istifadə edilməsi təhlükəlidir. Xüsusən də nəzərə alınsa ki, Masazır və Novxanı qəsəbələrinin kanalizasiya suları gölə axıdıldığından, oradan yığılan duzun qida duzu kimi xüsusi emal proseslərindən keçirilmədən istifadəsi həm gigiyenik cəhətdən doğru deyil, həm də sağlamlıq üçün böyük təhlükədir.

Hazırda havaların isti keçməsi ilə əlaqədar olaraq duz gölü də quruyub. Mütəxəssislərin fikrincə, havaların isti keçməsi ilə yanaşı gölün suyunun azalmasının daha bir səbəbi yağıntıların az olmasıdır.

© Sputnik / Irade JELIL
Duz gölü

Ekoloq Araz Ağayev Sputnik Azərbaycan-a bildirib ki, duz gölünün yay ayların suyu azalır: "Bu zaman duz kristallaşır və yığım məhz elə yay aylarında həyata keçirilir. Ancaq müşahidələr göstərir ki, bu il su çox geri çəkilib. Bu da hava şəraitinin quru və isti olması ilə bağlıdır".

Onun sözlərinə görə, gölə Masazır, Novxanı və Binəqədinin bəzi ərazilərindən kanalizasiya suları axıdılsa da, görünən odur ki, bu il gölün suyunun əvvəlki səviyyədə qalması üçün bu da azdır. Hər ötən gün göldə qurumanın artması müşahidə edilir.

© Sputnik / Irade JELIL
Duz gölü

Qeyd edək ki, gölün kənarına "Kənar şəxslərin gölə daxil olması qadağandır” lövhələri vurulsa da, axşam üstün yaxın qəsəbələrin sakinləri göl kənarına gəlir. Masazır sakini Dilarə İbrahimova deyir ki, pandemiya ilə əlaqədar evdən çıxma qadağa edildiyi üçün çox uzağa gedə bilmir: "2-3 saat icazəmi götürüb, hava alıb geri qayıdıram. Yaşlı adamam, havalar da isti keçir. Evdə otursam ürəyim partlayar. Göl yaxınlıqdadır. Gəzə-gəzə gəlib hava alıram, bir saat burda dayanıb gölə baxıram, sakitləşib evimə qayıdıram".

Gölün suyuna toxunmaq üçün bir qədər irəli getmək lazımdır. Amma bu da mümkün deyil. Çünki ayağını gölə qoyanda duza batırsan.

Pandemiya dövrü olduğu üçün gölə əvvəlki kimi nəzarət də yoxdur. Yəni istəyən hər kəs bura gəlib, ən azından yodlu göl havası qəbul edə bilər.

Gölə gələnlər isə ruhsuz, yorğun və kədərli görünür…

1282
Məktəblərin birində, arxiv şəkli

"Nazirlik bu qədər müddətə bir problemin öhdəsindən gələ bilməyib"

16
(Yenilənib 08:28 29.10.2020)
"Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində elan olunmuş tətil davam edir. Noyabrın 2-dən sonra təhsilin hansı formada davam edəcəyi isə hələ aydın deyil. Təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, noyabrın 2-dən sonra tədrisin hansı formada aparılması ilə bağlı işlər gedir: "İnternet məsələsi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar gedir. Deməzdim ki, bu gün distant təhsil mümkün deyil. Müəyyən çətinlik var, lakin danışıqlar aparılır. Noyabr ayı ərzində danışıqların yekun nəticəsi ilə bağlı məlumat veriləcək".

Sputnik Azərbaycan pandemiya dövründə və hərbi vəziyyətdə noyabrın 2-dən sonra dərslərin hansı formada bərpa edilməsinin mümkünlüyünü araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını dəyərləndirib. O bildirib ki, hər şey proseslərin gedişatına bağlıdır: "Özünüz də qeyd etdiniz ki, bir tərəfdən koronavirusa yoluxma artır, digər tərəfdən isə cəbhədə vəziyyət gərgindir. Mən həmişə vurğulamışam ki, təhsil dəyərdir. Amma sağlamlıq bir ayrı dəyərdir. Vətəni qorumaq isə müqəddəs dəyərdir. İndi əgər müqəddəs dəyər və sağlamlıqla yanaşı, həm də ali dəyər uğrunda mübarizə aparırıqsa, ilk növbədə bu dəyərləri qorumalıyıq. Vətənimizi düşmən tapdağından qurtaraq, ondan sonra Təhsil Nazirliyi qalan problemləri həll edəcək. Dövlətimizin hər zaman təhsilə qayğısı var, bundan sonra da bu qayğını artıracaq".

Ş.Əsgərov deyir ki, hər şey ölkəmizdə virusa yoluxma ilə bağlı vəziyyətin necə dəyişəcəyindən asılıdır: "Əgər virusa yoluxma sayı aşağı düşərsə, yəqin ki, əyani təhsili bərpa etmək mümkün olacaq".

Kamran Əsədov isə Təhsil Nazirliyinin problemdən çıxış yolu tapmaqda gecikdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, 9 aya normal bir uşaq dünyaya gətirmək mümkün olduğu halda, Təhsil Nazirliyi bu qədər müddətə bir resurs hazırlayaraq ortaya çıxarda bilməyib: "Pandemiya mart ayından başlayıb. Bu qədər müddətə nazirlik elə bir resurs hazırlamalıydı ki, bütün şagirdlər məsafədən təhsil ala bilsinlər. Amma indiyədək işlək bir resurs hazırlayıb ortaya qoymadılar. Bu gün ümumi internetin verilişində problem yoxdur. Problem bir sıra platformalara girişdədir. Xarici saytlara giriş məhdudlaşdırılıb. Hər məktəbin öz videokonfrans proqramı vasitəsilə dərslərin keçirilməsi mümkündür. Azərbaycanda kompüter üzrə bu qədər mütəxəssislərimiz olduğu halda, bütün ölkənin şagirdləri teledərslərin ümidinə qalıb".

K.Əsədov bildirir ki, hazırda yeganə əlçatan resurs teledərslər olduğundan, teledərslərlə işləmək əsas çıxış yoludur: "9 aya bir normal uşaq dünyaya gəlir. Amma Təhsil Nazirliyi 9 aya yaxın müddətdə normal işlək resurs hazırlayaraq ortaya çıxartmayıb ki, şagirdlər məsafədən dərs keçsinlər. İndi nazir problemi iki həftəyə aradan qaldırmağı vəd edir. Bunun nə dərəcədə mümkün olduğunu isə tətil bitəndən sonra görmək mümkündür".

Qeyd edək ki, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib. Nazir qeyd edib ki, noyabr ayında ənənəvi tətil günləri qabağa çəkilib. Odur ki, tətil günlərinin kompensasiyası gözlənilmir. İrəlidə olması nəzərdə tutulan tətil günlərindən istifadə edilir. Xatırladaq ki, payız tətili 16-20 noyabr müəyyən edilmişdi.

16
Bakıda kafelərin birində, arxiv şəkli

İşçi heyətin müştərilərin maskadan istifadəsinə nəzarət edilməməsi halları aşkarlanıb

7
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.

AQTA-dan Sputnik Azərbayan-a verilən məlumata görə, agentlik tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 26 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

7

Diplomatik korpusların nümayəndələri Bərdə Tərtərə gedir

0
(Yenilənib 09:47 29.10.2020)
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 29 oktyabr - Sputnik. “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

0