103 xidmətinin əməkdaşı

Əl, əli yuyar! Çağrı mərkəzləri yüklənən 103 xidmətinə kömək edə bilər TƏKLİF VAR

554
(Yenilənib 21:22 27.07.2020)
Ənənəvi, gündəlik çağırışların üzərinə koronavirusla bağlı olan doğru və yanlış çağırışlar əlavə olunub. Bu səbəbdən, insanlar bəzən 103 xidmətinə belə, düşə bilmirlər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Ölkədə COVID-19-a yoluxma halları tədricən azalsa da, vəziyyət hələ də gərgin oraq qalır. Bir neçə gün öncə yoluxma ilə bağlı rəqəm 321 nəfərə düşmüşdüsə, artıq iki gündür say yenə 400 ətrafında dolaşır.

Sərt karantin rejimi öz bəhrəsini verir. Amma Operativ Qərargahın avqustun 5-dən etibarən yumşaldılma tədbirlərinə gedəcəyi gözlənilir. Bu halda, virusun yayılmasının yenidən çoxalacağı istisna olunmur. Digər tərəfdən, ölkədə dərs ilinin başlanmasına çox az vaxt qalıb, ekspertlər isə məhdudiyyətlərlə də olsa, dərslərə start veriləcəyini gözləyirlər. Həmçinin, qarşıdan respirator xəstəlikləri üçün münbit olan payız fəsli gəlir.

Artıq bütün dünya qəbul edib ki, koronavirusa qarşı effektiv vaksin hazırlanmayana qədər insanlar bu xəstəliklə qonşu olaraq yaşamağa məhkumdurlar. Effektiv vaksin isə hələ də yoxdur. Deməli, bizlər xəstələnməkdə, həkimlər isə bizi xilas etməyə davam edəcəklər.

Amma onu da etiraf etmək lazımdır ki, səhiyyənin də imkanları sonsuz deyil. Məsələn, artıq bir müddətdir Təcili və Tibbi Yardım üçün çağırışları qəbul edən 103 xidməti həddin artıq yüklənib. Ənənəvi, gündəlik çağırışların üzərinə koronavirusla bağlı olan doğru və yanlış çağırışlar əlavə olunub. Bu səbəbdən, insanlar bəzən 103 xidmətinə belə, düşə bilmirlər. Bu isə kömək, yardım gözləyən insanların haqlı narazılığına səbəb olur.

Bəs gələcəkdə bu vəziyyətdən necə çıxmaq olar? Yaranmış problemin öhdəsindən gəlmək üçün çıxış yolu olaraq digər qurumların çağrı mərkəzlərini bu işə cəlb etmək olarmı?

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında digər nazirliklərin, qurumların da çağrı mərkəzləri bu işə cəlb oluna biləcəyini yaxşı təklif adlandırıb: "Çünki bu gün hər kəs ehtiyac olduğu halda 103-ə zəng edir. Lakin 103 o qədər yüklənib ki, cavab verə, adekvat yardım edə bilmir. Ona görə də belə hallarda 102, 112 də bu işə cəlb oluna bilər, 103 kimi sorğuları cavablaya bilər".

"Amma etiraf edək ki, bu gün digər çağrı mərkəzləri də yüklənib. Amma yenə də müəyyən qədər də olsa yardım edə biləcəklər. Lakin avtomobil təminatını 103 həyata keçirməlidir. Ola bilər ki, avtomobil, benzin çatışmazlığı olsun. Mən bunu dəqiqliklə deyə bilmərəm. Amma deyim ki, personal çatışmazlığı da var. Çünki bu gün tibb personalın böyük əksəriyyəti artıq yoluxub, müalicə alırlar", - deyə Ə.Rüstəm bildirib.

Qeyd edək ki, digər qurumların çağrı mərkəzlərinin cəlb edilməsi təklifini bir müddət öncə özü COVID-19-a yoluxan və hazırda ağır vəziyyətdə olan həkim-anestezioloq Cavid Paşayev irəli sürmüşdü. Həkim vəziyyətin daha da gərginləşə biləcəyini belə izah etmişdi: "Bir zamanlar deyirdik ki, hər evdə xəstə olacaq. Amma bir azdan hər kəsin ətrafında ölüm olacaq. Allah köməyimiz olsun".

 

554

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8