Pandemiya zamanı imtahan

Bir gündə 28 min nəfər - DİM-dən imtahan xəbərdarlığı

13
(Yenilənib 19:12 27.07.2020)
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər.

BAKI, 27 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək. Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar 29-30 iyul tarixlərində respublikanın 20 şəhər və rayonunda keçiriləcək.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi–müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi ayrılıb.

29-30 iyulda müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçiriləcək. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 134 şagird iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

İyulun 29-da keçiriləcək imtahanlarda 13809, iyulun 30-da keçiriləcək imtahanlarda isə 14115 nəfər olmaqla, ümumilikdə 27924 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilir.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından iyunun 26-dan etibarən çap edib götürə bilirlər.

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.

Qeyd edək ki, bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

13
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

0
(Yenilənib 13:06 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

0
Facebook, Instagram və WhatsApp tətbiqlərinin loqoları, arxiv şəkli

Nazirlikdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

0
(Yenilənib 13:00 23.01.2021)
"İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur.

BAKI, 23 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında pullu xidmət qarşılığında dələduzluq əməllərinin artması müşahidə olunur:

"Aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Virtual məkanda yüksək əmək haqqı müqabilində işə düzəltmək adı ilə də vətəndaşlarımızı aldadan şəxslər "xidmət" göstərirlər. Onlar şəbəkədə yerləşdirdikləri elanlarla bağlı müraciət edən vətəndaşlardan anket məlumatı və qeydiyyatdan keçirmələri üçün müəyyən məbləğdə pul köçürmələrini tələb edirlər. Pullar hesaba köçürüldükdən sonra vəsaitləri çıxararaq həmin səhifələri bağlayırlar.

Çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profilləri onu göstərir ki, onların bu "xidmət"lərindən çox təssüf ki, istifadə edənlər də var.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını, fotolarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, bu tipli səhifələrə ödəniş etmədən öncə DİN-in təsdiq ikonlu "polisazerbaycan" adlı səhifələrinə yazaraq dələduzluq faktı ilə üzləşmədən məlumat ala bilərlər" - məlumatda qeyd edilir.

0