Həbsxana, arxiv şəkli

Virus həbsxanalarımızı da vurdu! Məhkumların sayı daha da azala bilər

240
(Yenilənib 14:00 20.07.2020)
"Cəzaçəkmə müəssisələrində azadlığa çıxma, amnistiya ilə bağlı düşünmək olar. Pandemiyanın davam etməsindən asılı olaraq zərurət yarandıqca  azadlığa çıxan məhkumların sayı daha da artacaq" – Əliməmməd Nuriyev

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Azərbaycanda koronavirusa yoluxanlar arasında məhkumlar da var. Bi müddət öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində açıqlanan məlumata görə, cəzaçəkmə müəssisələrində aparılmış kütləvi test müayinələri nəticəsində məhkumlarda virusun göstəriciləri pozitiv çıxıb. Ədliyyə Nazirliyinin məlumatına görə, test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib və müvafiq müalicə tədbirləri görülüb.

Qeyd edək ki, koronavirusun cəzaçəkmə müəssisələrində yayılması daha riskli hesab olunur. Buna səbəb isə cəzaçəkmə müəssisələrinin qapalı olması və havasızlıqdır.

Sputnik Azərbaycan cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma səbəbləri və çıxış yollarını araşdırıb.

Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma riskini azaltmaq üçün bütün gigiyenik  tədbirlər görülüb: "Bütün cəzaçəkmə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılır, qoruyucu vasitələr paylanılır. Amma cəzaçəkmə müəssisəsi elə bir yerdir ki, burada hava-damcı yolu ilə yayılan virusun qarşısını almaq çox çətindir. Məlumdur ki, Ədliyyə Nazirliyinin tibb müəssisələrində bütün xəstəliklərin müalicəsi mümkün deyil. Bəzi xəstəliklər üçün məhkumlar ixtisaslaşmış tibb müəssisələrinə aparılır. Elə cəzaçəkmə müəssisəsində xəstələrdən biri bu virusa da məhz dializ üçün aparıldıqda yoluxub. Bu da virusun məhkumlar arasında yayılmasına səbəb olub. Çünki dializ xəstələri ixtisaslaşmış tibb müəssisələrində bu aparata qoşulur. Hazırda cəzaçəkmə müəssisələrində məhkumlar arasında virusa yoluxmanın qarşısını almaq üçün ciddi tədbirlər görülür. Penitensiar müəssisələrdə çalışan ədliyyə işçilərinin də koronavirusa yoluxmaması üçün onlar testdən keçirilir, qoruyucu vasitələrdən istifadə edilir. Amma rəqəmlərdən də görünür ki bütün bu tədbirlərə rəğmən yoluxmanın qarşısını almaq mümkün olmayıb".

Ə.Nuriyev deyir ki, elə xəstəliklər var ki, onların müalicəsi ixtisaslaşmış tibb müəssisələrində aparılmalıdır: "Əgər Ədliyyə Nazirliyinin balansındakı tibb müəssisələrində hansısa xəstəliyin müalicəsi mümkündürsə, kənardan həkim dəvət olunur. Amma elə xəstəliklər var ki, onun müalicəsi üçün tibb müəssisəsinin xüsusi şəraiti, avadanlıqları olmalıdır. Belə halda məhkumların müalicəsi üçün kənara aparılması labüddür".

Həmsöhbətimiz bildirir ki, kənar müalicə müəssisəsində məhkumlar ona görə müalicə edilir ki, onların müalicəsi effekt versin: "Bütün xəstəlikləri Ədliyyə Nazirliyinin tibb müəssisələrində müalicə mümkün deyil. Buraya açıq ürək əməliyyatları və sair xəstəliklər daxildir. Belə hallarda məhkumlar arasında yoluxma halları da baş verir".

Ə.Nuriyev deyir ki, cəzaçəkmə müəssisələrində məhkumların da sayı azaldılmalıdır: "Bildiyiniz kimi, Cinayət Məcəlləsinə dəyişikliklər oldu. Bir sıra məhkumların cəzası azaldıldı, bir hissəsi azad olundular. Amma cəzaçəkmə müəssisələrində azadlığa çıxma, amnistiya ilə bağlı düşünmək olar. Pandemiyanın davam etməsindən asılı olaraq zərurət yarandıqca azadlığa çıxan məhkumların sayı daha da artacaq".

Komitə üzvü bununla belə bildirir ki, məhkumların azad edilməsində mərhəmət və humanizmlə yanaşı ədalət prinsipi də təmin edilməlidir: "Məhkumlar azad edilərkən, cəzaları azaldılarkən onların törətdikləri cinayət əməli nəzərə alınır. Yüngül cinayət törətmiş şəxslər azadlığa buraxılır. Ağır cinayət törətmiş təkrar cinayətə yol verən şəxsləri azad etmək ədalət prinsipini poza bilər. Ona görə də, bu məsələlər mütləq nəzərə alınır. Bütün məhkumları birdən-birə koronavirusa görə açıb buraxmaq olmaz!"

Məlumat üçün qeyd edək ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, koronavirusa yoluxmuş şəxslər dərhal izolyasiya olunub və xüsusi müalicə müəssisinə yerləşdirilib. Onların yerləşdirildiyi tibb ocağı zəruri avadanlıq və dərman vasitələri, habelə xüsusi havalalandırma sistemi ilə təchiz olunub. Hazırda virusa yoluxmuş məhkumların sağlamlıq durumu kafidir, ağır vəziyyətdə olan yoxdur. Onların müalicəsi üçün müvafiq tədbirlər görülür və səhhətləri daim həkim nəzarətində saxlanılır.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində yoluxma riski çox yüksəkdir. Ə.Rüstəmin sözlərinə görə, buna səbəb ilk növbədə cəzaçəkmə müəssisələrinin qapalı olmasıdır: "Siz bilirsiniz ki, cəzaçəkmə müəssisələri kazarma tipli qapalı yerlərdir. Orada bir neçə məhkum cəza çəkir. Həmçinin bu gün cəzaçəkmə müəssisələrində məhkumların qidalanması da yaxşı deyil. Bu onların immun sisteminin aşağı olmasına gətirib çıxardır. Üstəlik cəzaçəkmə müəssisələrində vərəmli məhkumlar var. Onların bir qismi narkotik aludəçisidir. Bu da koronavirusa yoluxan məhkumlar arasında ağırlaşma hallarını qaçılmaz edir. Qeyd edim ki, koronaviruslu məhkumlar Ədliyyə Nazirliyinin tibb müəssisəsində boksların olduğu şöbədə müalicə alırlar".

240
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

66
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

66

İstanbuldan azərbaycanlı generala böyük sayğı - Polad Həşimov kitabxanası yaradılır

16
(Yenilənib 21:37 31.10.2020)
İstanbulda Polad Həşimovun şərəfinə adlandırılacaq kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

BAKI, 31 oktyabr - Sputnik. İstanbulda yeni kitabxanaya 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov adı veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar İstanbul Universitetinin "Azərbaycan- Türkiyə" Mədəniyyət və Həmrəylik Birliyi üzvlərinin təşəbbüsü ilə qəbul edilib.

Kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

Xatırladaq ki, yaxın günlərdə qardaş ölkənin Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınmış böyük parka da şəhid general Polad Həşimovun adı verilib.

16
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

0
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

0
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib