Qırmızı körpü gömrük-keçid məntəqəsi

Göylə uça bilərsiz, yerlə gedə bilməzsiz! Ən yaxşısı isə ümumiyyətlə evdən çıxmamaqdır

1139
(Yenilənib 21:31 18.07.2020)
"Quru yolla gəldikdə sərhəddə, gömrükdə ləngimə olur. Belə olan halda o testin nəticəsi heç bir əhəmiyyət kəsb etmir. İnsan həmin müddətdə yoluxa bilər. Ona görə də quru yolla gələnlər mütləq karantində saxlanılmalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Pandemiya dövründə sərhədlər açıldıqca xaricdən qayıdanlara tətbiq edilən karantin tələbləri də yumşaldılır. 

Artıq Rusiyada xaricdən qayıdan ölkə vətəndaşları üçün 14 günlük karantin ləğv ediləcək. Əcnəbilərdən isə koronavirusun olmaması haqqında arayış və ya Rusiyada testdən keçmələri tələb olunacaq.

NTV-nin məlumatına görə, “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova qaydalara dəyişiklikləri imzalayıb.  Buna əsasən, koronavirusun yayılması riski səbəbindən Rusiyaya gedən vətəndaşlar üçün iki həftəlik məcburi təcridolunma ləğv edilir. Qərar iyulun 15-dən qüvvəyə minib.

Azərbaycan da artıq bir sıra ölkələrlə hava əlaqələrini bərpa edib. Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtması üçün çarter reyslər həyata keçirilir, eyni zamanda quru yolla da ölkə vətəndaşları Azərbaycana gətirilir. Hətta Azərbaycandan xaricə hava yolu ilə müalicə və dincəlmək məqsədilə gedənlər də var. Belə halda Azərbaycan xaricə gedib ölkəsinə qayıdan, eləcə də Azərbaycana gələn əcnəbi vətəndaşlara qarşı karantin tələblərini yumşalda bilərmi?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat  xidmətinin rəhbəri Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkəmizə gələn bütün şəxslər karantində saxlanılmır: "Başqa ölkələr kimi Azərbaycan da ölkəmizə hava yolu ilə gələnlərdən koronavirus testi tələb edir. Bu test 48 saat qüvvədə qalır. Amma quru yolla Azərbaycana gələn şəxslər mütləq 14 gün karantində qalırlar".

R.Əliyeva bildirir ki, quru yolla gələn şəxsləri koronavirus testinin nəticəsi əsasında karantində saxlamadan ölkəmizə buraxmaq düzgün olmaz: "Hava yolu ilə gələnlərin koronavirus testi 48 saat ərzində etibarlıdır. Amma quru yolla gəldikdə sərhəddə, gömrükdə ləngimə olur. Belə olan halda o testin nəticəsi heç bir əhəmiyyət kəsb etmir. İnsan həmin müddətdə yoluxa bilər. Ona görə də quru yolla gələnlər mütləq karantində saxlanılmalıdır!".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdən gələnlərlə bağlı karantin qaydalarını yumşaltmaq hələ tezdir: "Biz də hava yolu ilə gələnləri ölkəmizə koronavirus testinin nəticəsi əsasında buraxırıq. Amma quru yolla gələnlərə bu qayda tətbiq oluna bilməz. Avtobusla, şəxsi minik maşını ilə gələn şəxs yolda düşə, kiminləsə təmasda ola bilər. Onun ölkəmizə gəlməmiş etdirdiyi testin nəticəsi neqativ çıxsa belə, yolda yoluxma riski var. Təyyarə isə elədir ki, salonda qapalı şəkildə gəlir insanlar. Hər kəs də koronavirusa görə testdən keçirilir. Bu halda orada kiminsə bu virus daşıyıcısı olma ehtimalı azdır".

Bununla belə C.İsayev koronavirusun 14 günlük inkubasiya dövrü olduğunu, bu dövr ərzində kliniki əlamətlərin müşahidə olunduğunu söyləyir.

Miqrasiya Məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a bildirib ki, qonşu Rusiyada bütün qaydalara yumşalma var: "Rusiyada pandemiya ilə bağlı ümumi qaydalar yumşaldılır. Hətta bəzi yerlərdə tədbirlərin keçirilməsinə də icazə verilir. Karantində iki həftə saxlamaq artıq məsrəfdir. Bu da həmin tədbirlərin bir hissəsi olaraq həyata keçirilir".

A.Allahverənov deyir ki, hava yolu ilə müqayisədə, quru yolla ölkəmizə gələnlərin koronavirusa yoluxmamasını təmin etmək tam mümkün deyil: "Bu gün Azərbaycan da hava yolu ilə gələnləri koronavirus testinin nəticəsində ölkəmizə buraxır. Amma nəzərə almaq lazımdır ki, hava limanının içərisi dezinfeksiya olunur. Oraya ancaq test verən şəxslər buraxılır. Hətta öz yaxınını ötürməyə belə icazə verilmir. Yəni hava limanında təhlükəsiz mühit yaratmaq mümkündür. Amma quru yollarda maksimum təhklükəsizlik mühiti keçid məntəqələrində yaradıla bilər. Neytral ərazilərdə isə mümkün deyil, olduqca çətindir. Mən düşünürəm ki, hava yolu ilə koronavirus testi ilə bu rahat həyata keçirilə bilər, amma quru yolla yox!"

1139

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

177
(Yenilənib 01:19 30.09.2020)
Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib

BAKI, 30 sentyabr - Sputnik. Bu gün cəbhənin Cəbrayıl rayonunu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Erməni işğalçılarının sentyabrın 27-də başladığı təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu bütün cəbhə boyu hücuma keçib. Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda ordumuzun hücumu davam edir. Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir. 

Bu gün Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.

Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib. 

Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan da bu gün məhv ediliblər. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan isə ağır yaralanıb.

177
Teqlər:
Azərbaycan Ordusu, döyüş texnikası, tank, Cəbrayıl, döyüş, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Həsənqaya yaxınlığında Ermənistan ordusunun mövqeləri darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Hadrut istiqamətində Ermənistanın komanda müşahidə məntəqəsi darmadağın edilib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki Karen Babayan məhv edilib
Peyvənd

Vaksin qədər təhlükəlidir: ABŞ cavab tələb edir

29
Qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq.

BAKI, 29 sentyabr — Sputnik, İrina Alksnis. "AstraZeneca" farmakologiya şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı eyni adlı peyvəndin problemləri yeni mərhələyə qədəm qoyub.

ABŞ bir neçə həftə əvvəl dondurulmuş sınaqları bərpa edib. Lakin Amerikanın aparıcı KİV-ləri preparatın təhlükəsizliyi ilə bağlı getdikcə daha çox sual səsləndirirlər. CNN telekanalı başqalarından daha yüksək səslə çıxış edib.

Məlum olduğu kimi, "AstraZeneca"nın klinik sınaqları iki dəfə – iyul və sentyabr aylarında dayandırılıb: iki könüllüdə nevroloji mənşəli qeyri-adi simptomlar özünü göstərib. Hər iki halın sonradan vurulmuş vaksinlə əlaqəli olmadığı təsdiqlənib və Böyük Britaniya da daxil olmaqla, əksər ölkələrdə sınaqlar davam edib.

Lakin amerikalı alimlər və ABŞ-ın səhiyyə sisteminin mütəxəssisləri daha çox narahatlıq keçiriblər və yan təsirlərlə bağlı hesabatlarda ciddi fərqlər aşkar ediblər.

"AstraZeneca"nın iyul insidenti əvvəl aşkar edilməmiş skleroz ilə izah edilib. Lakin Oksford Universitetinin saytında bu, "açıqlanmayan nevroloji simptom" kimi təsvir olunub.

Sentyabrda baş vermiş ikinci insident ilə bağlı şirkət könüllü qadında "anlaşılmaz xəstəlik" yarandığını deyib. Yalnız daxili sənədlərdə bu vəziyyət "köndələn mielit" (nadir nevroloji xəstəlik) kimi göstərilir.

Nəticədə, amerikalılar indi belə fikir ayrılığının səbəbləri ilə bağlı tamamilə məntiqli suallar verirlər. "AstraZeneca" onsuz da peyvənd üzərində işinin şəffaflığına dair ciddi iddialarla üzləşib və ortaya çıxmış ziddiyyətlər yalnız əlavə olaraq preparata və onun təhlükəsizliyinə olan inamı pozur.

Sınaq iştirakçılarının sağlamlığında yaranmış problemlərin ümumi xarakteri xüsusi bir mövzu olaraq qalır. Amerikalı professor-immunoloqlardan biri bu məsələ ilə bağlı açıq şəkildə deyib: hər iki xəstəliyin nevroloji təbiətinin olması "şoka salır".

Bəlkə də "AstraZeneca"nın sadəcə bəxti gətirməyib və söhbət həqiqətən də vaksin ilə heç bir əlaqəsi olmayan uğursuz təsadüflərdən gedir. Amma sağlam düşüncə ən azından bu məqamı aydınlaşdırmağı tələb edir. Burada Amerikanın sınaqları dondurmuş məsul xidmətlərini tərifləmək lazımdır.

Onların avropalı həmkarlarının mövqeyi isə daha çox təəccüb doğurur. Onlar bütün bu qəribəlikləri görməməyə üstünlük veriblər və testləri davam etdiriblər.

Hərçənd Avropa İttifaqı (Aİ) hökumətlərinin və şirkətin özünün bu cür sürüşkən mövzu ilə bağlı rahatlığı böyük xoşagəlməz hallara səbəb ola bilər (əgər vaksin həqiqətən də təhlükəlidirsə).

Bu günlərdə "Reuters" agentliyi Aİ-nin rəsmi nümayəndəsinə istinadən xəbər verib ki, "AstraZeneca" Avropa İttifaqı ilə vaksin sövdələşməsi çərçivəsində qismən toxunulmazlıq qazanıb. Razılaşma avqustda bağlanıb, lakin onun bəzi incə detalları yalnız indi elan edilib.

Məsələ ondadır ki, əczaçılıq şirkəti preparatı Aİ-yə aşağı qiymətə tədarük edəcək və əvəzində onun tətbiqinin yan təsirlərinə görə maliyyə məsuliyyəti daşımayacaq. Sazişin dəqiq miqyası açıqlanmır, lakin Avropanın "AstraZeneca"ya hər doza üçün 2,5 avro ödəyəcəyi məlumdur.

"GlaxoSmithKline" konserni ilə birlikdə öz preparatını hazırlayan Fransanın "Sanofi" şirkəti isə preparatın hər dozasını Avropaya 10 avroya satır.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Yeri gəlmişkən, hər iki şirkət artıq Aİ-dən avans ödənişləri alıb. "AstraZeneca"nın 400 milyon dozanı təmin etməsi üçün ödəniş 336 milyon avro təşkil edib. "Sanofi"də bu rəqəm 324 milyon avro olub (300 milyon doza üçün).

Beləliklə, əgər qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq. Zərərçəkənlərə kompensasiyaları milli hökumətlər, daha dəqiqi, müvafiq ölkələrin vergi ödəyiciləri verəcəklər.

Həmçinin, Avropa isteblişmentinin bu qədər fərqli yanaşmaları olan iki vaksin ("AstraZeneca" və "Sanofi") üzərində dayanması maraq oyatmaya bilməz. Aİ-nin hansı dövlətlərinin hansı preparatı alacağını, həmçinin onların öz daxilində rayonların rifahı və orada yaşayan insanların ictimai vəziyyətinə görə preparatları necə bölüşdürəcəyini görmək maraqlı olacaq.

29
Teqlər:
ABŞ, AstraZeneca, vaksin, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Belə insanlar koronavirusa az yoluxurlar
Cizgi filmi qəhrəmanları uşaqları koronavirusdan qorumaq əvəzinə...
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar