Dərs prosesi, arxiv şəkli

Gündə 500-dən çox yoluxma - Məktəblər sentyabrda necə açıla bilər?

822
(Yenilənib 11:53 16.07.2020)
Təhsil eksperti Kamran Əsədov pandemiyanın təhsilə ciddi zərbə vurduğunu bildirir və ümid ki, Azərbaycanda sentyabr ayında yeni tədris ili başlayacaq.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Artıq bir çox ölkələrdə pandemiya səbəbindən bağlanan məktəblərin fəaliyyəti, ümumilikdə isə təhsil hissəli də olsa, bərpa edilib. Digər ölkələr isə təhsili bərpa etmə üçün artıq fəaliyyət planı hazırlayırlar. Bu işdə həmin ölkələrin Səhiyyə Nazirlikləri də yaxından iştirak edirlər.

Tədrisin bərpa edilməsi üçün tövsiyələr sırasında bufetlər, sinif otaqları və bu kimi sıxlığın olduğu yerlərdə 1 metr sosial məsafənin gözlənilməsi tələbi qoyulur.

Digər tələblər isə bunlardır:

Məktəbdə dərslər başlamazdan öncə hər dəfə məktəb binası su və dezinfeksiya ilə təmizlənməlidir;

Məktəbə girişdə hər dəfə hərarət ölçülməli, əllər dezinfeksiya edilməli, maye sabunla tez-tez yuyulmalıdır;

Məktəb ərazisində hər 4 metrə bir nəfər düşülməsi tələbi pozulmamalı, məktəbə daxil olan şagird sayı da buna əsasən uyğunlaşdırılmalıdır;

Bundan başqa, hərarəti, öskürəyi, qripi, ishalı və s. bu kimi şikayətləri olanların da məktəbə gəlməməsi tövsiyə edilir. Bu şagirdlərin dərhal həkim nəzarətinə verilməsi tələb olunur.

Bundan başqa, ailəsində COVID-19 aşkarlanan şagirdlərlə bağlı da məktəblərə məlumat verilməsinin vacibliyi vurğulanır. Hər gün şagirdi məktəbdən eyni adamın götürməsi tələb olunur. Yaşı 65-dən yuxarı olan, müəyyən xəstəlikləri olan şəxslərin uşağı götürmək üçün məktəbə gəlməməsi tövsiyə edilir.

Məktəbin digər işçilərinin də maska taxmasının vacibliyi vurğulanır. Maskası olmayanlara məktəbə girişdə maska verilməsi tələbi qoyulub.

Məcburi olmayan tədbirlərin keçirilməməsinin gərəkliyi vurğulanır. Önəmli olan tədbirlərin isə açıq havada keçirilməsi tövsiyə edilir.

Bundan başqa, məktəbdə daha çox təmasın olduğu yerlərin tez-tez təmizlənməsi, sinif otaqlarında pəncərələrin tez-tez açılaraq otaqların havalandırılması tövsiyə edilir.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda da məktəblərin açılmasının zəruriliyindən danışıb: "İlk növbədə qeyd edim ki, pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz ötüşmədi. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başladılar. Artıq yeni tədris ilinin başlamasına 2 ay vaxt qalıb. Bir sıra ölkələr yeni tədris ilinin başlanacağı ilə bağlı proqnozlar veriblər".

"İnanıram və ümid edirəm ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaq. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər getməlidir. Bu zaman sosial məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – onlayn təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Hesab edirəm ki, dərslər sentyabrın 1-dən başlamalıdır", - deyə ekspert əlavə edib.

Həmsöhbətimiz təklif edir ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqə müəyyən edilməlidir. Bundan başqa, mahiyyət etibarı ilə bir-birinə yaxın fənləri birləşdirərək interaktiv dərslərə üstünlük verilməlidir: "Dərs saatları elə müəyyən edilməlidir  ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Belə ki, məktəb 3 növbə fəaliyyət göstərməlidir".

Kamran Əsədovun sözlərinə görə, bütün hallarda sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. Ekspert deyir ki, ibtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan vermək olmaz: "Bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir".

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı da məktəblərin açılması ilə bağlı danışıb. ÜST bildirib ki, məktəblərin açılması siyasi qərarlara bağlı olmamalıdır, çünki belə bir durum uşaqlar üçün yaxşı heç nə vəd etmir: "Təkcə 13 iyulda dünyada 230 min nəfərdə ilk dəfə COVID-19 aşkarlanıb. Bu rəqəmlərin 80 faizi 10 ölkədə qeydə alınıb. Bu gün əslində bütün ölkələr risk altındadır və virusdan eyni səviyyədə təsirləniblər. Bir çox ölkələr qabaqlayıcı addımlar atmaqda gecikdikləri üçün bu gün ölüm və yoluxma ilə bağlı rəqəmlər artır".

ÜST bildirib ki, pandemiyanı rahatlıqla yox etdikdən sonra məktəbləri əminliklə aça biləcəklər.

Bu gün yaşı 18-dən yuxarı olan şəxslərlə müqayisədə azyaşlılar arasında ümumi yoluxma və ölüm sayının az olmasının, bundan başqa, xəstəliyi ağır keçirən azyaşlılarla bağlı rəqəmlərin olmaması da bəzi ölkələri məktəbləri açmağa təşviq edib. Qeyd edək ki, hazırda Danimarka, Norveç, Hollandiyada, virusun ilk tüğyan etdiyi Çində və bir çox ölkələrdə artıq məktəblər açılıb. Tayvanda isə ümumiyyətlə məktəblər bağlanmayıb. İsveçdə isə 16 yaşadək olan şagirdlərin məktəbə getmələri məhdudlaşdırılmayıb.

822
Yük maşını

Aksiyaya qoşulmaq istəyənlər BNA-ya müraciət edə bilərlər

28
(Yenilənib 23:04 28.09.2020)
Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər.

BAKI, 28 sentyabr — Sputnik. Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə "Hər şey vətən üçün" aksiyası davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, iyul ayının düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə "Hər şey vətən üçün" aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

28
Azərbaycan Ordusunun hərbi qulluqçusu, arxiv şəkli

Azərbaycanda yaşayan etnik icma rəhbərləri: Qələbə bizimdir!

56
(Yenilənib 23:17 28.09.2020)
Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmayıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasında yaşayan etnik icma rəhbərləri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı bəyanat imzalayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olmuş bəyanatda bildirilir:

"Bu ilin 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təcavüzə əl ataraq, atəşkəs rejimini kobud şəkildə pozub, təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdur. Azərbaycanın cavab həmlələri nəticəsində ciddi tələfat verən düşmən növbəti siyasi-ideoloji təxribata əl atır, Azərbaycan Respublikasının guya döyüş əməliyyatlarına müxtəlif xalqların nümayəndələrinin zorən gəlb etməsi barədə çirkin məlumat yaymışdır. Onu da yaxşı bilirik ki, Azərbaycanda yaşayan xalqlar arasında əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq münasibətləri, onların vahid və bölünməz vətən naminə həmrəyliyi özünün sərsəm iddiaları ilə monoetnik dövlətə çevrilən irqçi Ermənistanda həmişə qısqanclıq və qıcıq hissi ilə qarşılanır.

Çünki Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın milli ordusunun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri vardır. Odur ki, terrorçu Ermənistan və onun havadarları münaqişənin ilk dövrlərindən etibarən Azərbaycan xalqları arasında münasibətləri pozmağa, etnik, dini zəmində süni qarşıdurmalar yaratmağa çalışmış və bu istiqamətdə pozuculuq fəaliyyətini indi də davam etdirməkdədir.

Lakin onların bütün çirkin və mənəviyyatsız oyunları həmişə olduğu kimi bu gün də uğursuzluqla nəticələnir. Ermənistanın dövlətimiz üçün əlavə gərginlik mənbələrinin yaradılmasına yönəldilmiş təxribat cəhdləri sıralarımızı daha da möhkəmləndirir, bizi bir-birimizə bağlayan qardaşlıq tellərini daha sarsılmaz edir. Ermənistanın özünü Azərbaycanda yaşayan xalqların "dostu və himayədarı" kimi təqdim etməsi isə riyakarlıqdan başqa bir şey deyildir. Biz Ermənistanın növbəti çirkin böhtan kampaniyasını qətiyyətlə pisləyir və bir daha bəyan edirik: İşğalçı və marionet Ermənistan dərk etməlidir ki, Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmamışdır.

Azərbaycan Ordusuna dəstək aksiyası, arxiv şəkli
© Photo : AR State Committee on Work with Diaspora

Biz etnik və dini mənsubiyyətimizdən asılı olmayaraq, Azərbaycan əsgərlərinin döyüş bölgələrində uğurlarına sevinəndə, şəhidlərimizə göz yaşları tökəndə onların etnik mənsubiyyətini soruşmuruq. Biz ürəkdən inanırıq və əminik ki, tezliklə Azərbaycanın rəşadətli ordusu üçrəngli bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaq, şəhidlərimizini qisasını alacaq və mənfur düşmən üzərində böyük qələbə sorağı ilə bizi sevindirəcəklər. Azərbaycan əsgərlərin isə hansı xalqa məxsus olmalarının, hansı dildə danışmalarının və hansı dinə tapınmalarının heç bir əhəmiyyəti yoxdur. Çünki, Azərbaycan bizim doğma Vətənimiz, Azərbaycan Respublikası bizim də dövlətimizdir. Onun hər qarış torpağı Azərbaycan xalqları üçün müqəddəs və əzizdir. Qələbə bizimdir!

İmamverdi Həmidov - Talış icmasının ağsaqqalı

Əhməde Həpo - Kürd icmasının ağsaqqalı,

İmran Rzayev - "Samur" Ləzgi Milli Mərkəzi,

Məhəmməd Nooyev - Azərbaycan-Avar İctimai Birliyinin sədri,

Mixail Zabelin - Azərbaycanda Rus İcması

Elman Əhmədov - "Azəri" tat mədəniyyət mərkəzi ictimai birliyi

Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcması

Robert Mobili - Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması

Aleksandr Şarovski - Avropa Yəhudilərinin Bakı Dini İcması

Rafiq Abdullayev - "Buduq" Xeyriyyə Cəmiyyəti

Gülcan Miəsautova - "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyəti

Ismayıl Rəhimov - Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi

Sevinc Bulacova - İngiloy İcması

Rafael Qvaladze - Azərbaycanda yaşayan Gürcü İcması

56
Teqlər:
Ermənistan, multikultural, Diasporla İş üzrə Dövlət Komitəsi
Əlaqədar
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
Allahşükür Paşazadə: "Vətən Müharibəsi hər zaman ədalətli savaşdır"