Səhra çəyirtkələri, arxiv şəkli

Çörəyimizə şərik çıxanlar: budəfəkilər "gəlmə" deyil, quraqlıqdan törəyib

3997
(Yenilənib 16:55 11.07.2020)
Onlardan yaxa qurtarmağın bir neçə yolu var. Lakin insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Əks təqdirdə, qaş düzəltikləri yerdə vurub gözü də çıxararlar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bir neçə gün öncə Azərbaycanın şimal bölgəsinə hücum edən çəyirtkələrin budəfəki hədəfi şimal-qərb bölgəsidir. Qax rayonunun Qıpcaq, Qaysarlı, Baydarlı, Ağyazı, Tasmallı və digər kəndlərinin sakinləri gecə saatlarında çəyirtkə yağışının şahidi olublar.

Qıpcaq kənd sakini Abdulla Əfəndiyev deyir ki, belə bir hadisə ilə ilk dəfə qarşılaşır: “Gecə saatlarında sürüylə gəldilər sanki. Bütün həyət çəyirtkə ilə dolu idi. Bu məsələdə ən çox qazanan isə toyuq-cücə oldu. Bilirsiz ki, quşlar həşəratları çox sevir. Bu hadisə onlar üçün böyük bayrama çevrildi”.

Qaysarlı kənd sakini Kamil Həşimov isə arzuolunmaz qonağın bitkilərə zərər verməsindən narahatdır: “56  illik ömrümdə belə bir möcüzə ilə ilk dəfə qarşılaşdım. Məni ən çox narahat edən həşəratların bitkilərə zərər verməsidir. Həşəratların içində bitkilərə ən çox zərər verəni çəyirtkədir. Onsuz da bu il digər illərə nisbətən məhsuldarlıq zəifdir. Çəyirtkələrin hücumu da bir tərəfdən zərər verəcək”.

Tasmallı kənd sakini Afət Aslanova isə çəyirtkələrin sürü halda gəlməsini dolu yağışına bənzədib: “Gecə saatlarında elə bildim, dolu yağır. Yoldaşıma dedim ki, dolu yağır. Yoldaşım pəncərəni açdı ki, havaya baxsın, pəncərəni açan kimi çəyirtkələr evin içinə də doldu. Çox qorxduq. Tez pəncərələri bağladıq. Səhər həyətə düşəndə baxdıq ki, hər tərəf çəyirtkəylə doludur”. 

Məsələ ilə bağlı İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradovla əlaqə saxladıq. Ekoloqun Sputnik Azərbaycan-a dediyinə görə, indi həmin çəyitkələrin çoxalma və miqrasiya dövrüdür: “Buğumayaqlılardan olan çəyirtkə bir neçə fazada olur: tək və sürü fazası. Həmin kəndlərdəki çəyirtkələr sürü fazasıdır ki, indi onların artıb-çoxalma və miqrasiya  dövrüdür. Əmələ gəldiyi, artıb-çoxaldığı ərazilərdən artıq köç etməyə başlayıblar. Təbii mühitdə, o cümlədən aqrosenozlarda yaşıl kütləyə - əkin sahələrinə, yaşıllıq ərazilərinə kütləvi ziyan vura bilərlər. Bəzən ağır sürüləri olur ki, ağacların, kolların budaqlarına qonanda qırıb-tökür. Bu hadisə bizim rayonun əsasən Əyriçay vadisi və ondan yuxarı hissəsində olub. Orta Atağar qovşağına qədər gəlib çatıblar. Ağyazı kəndində yerləşən “Aqropark” adlanan ərazidən Qax şəhərinə doğru olan ərazini əhatə edib”.

Qurum rəsmisinin sözlərinə görə, onlardan yaxa qurtarmağın bir neçə yolu var. Lakin insanlar bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Əks təqdirdə, qaş düzəltikləri yerdə vurub gözü də çıxararlar:

“Buna qarşı metodlar var. Çəyirtkənin təbii düşmənləri var. Məsələn, quşlar, sürünənlər çəyirtkələri məhv edir. Bundan başqa, bu həşəratların qarşısını almaq üçün müxtəlif kimyəvi preparatlardan istifadə etməklə təsir göstərmək olar. Amma buna da diqqət etmək lazımdır. Elmi biliklərə əsaslanaraq həmin dərman preparatlarından istifadə etmək lazımdı, ki, onlarla bərabər təbiətə xeyir verən həşəratlar da məhv olmasın. Preparatdan düzgün istifadə olunmazsa, ilk növbədə arıları məhv edə bilərlər. Buna görə də, dəqiq təyin olunmuş kimyəvi preparatlardan istifadə etmək lazımdır. Çəyirtkələrlə mübarizənin ən düzgün üsulu çiləmədir. Onların sıx toplaşdığı əraziyə havadan və yaxud yerdən çiləyərək mübarizə aparmaq olar”.

Təbiətşünas həşəratların artmasının səbəblərindən də danışdı: “Artmasının səbəbi quraqlıqla əlaqədardır. Bu iqlim onların sayının artması üçün münbit şərait yaradıb. Quraqlıq dövründə çəyirtkələr ortalığa çıxır, yaşıllıq olan ərazini məhv edir. Ötən əsrin sonlarında bu bölgədə sarı kəpənəklərin sayı çox idi, bir müddət sonra onların sayı getdikcə azaldı. Çox güman ki, çəyirtkələrin də bu növü müəyyən müddətdən sonra azalacaq”.

Muradov  bildirir ki, Qaxdakı hadisə bir müddət öncə Şabran rayonunda baş verənlə eyni deyil:  “Sözügedən həşəratlar Xəzərsahili rayonlardan gələn həşəratlar deyil. Bu, sırf iqlimin quraq keçməsi ilə bağlıdır. İqlimin quraq keçməsi onların artmasına kömək edir”. 

3997
Əlaqədar
Cavanşir Təlai: "İqlim dəyişmələri ölkəmizdə fəsadlar əmələ gətirib"
Qızıl qiymətinə olan delikates: Hamı yeyir dadlıdır deyir, biz əlindən dad çəkirik
Göygöz kosanın arzuladığı "cənnət": Mayakda çərxi-fələk tərsinə dövran edir – REPORTAJ
Təbiətin mülayimliyi bizə baha başa gələcək - Bu il yerli meyvədən əl üzməli olacağıq
Çin Pakistana yüz minlik "ordu" göndərməyə hazırlaşır - VİDEO
Azərbaycan manatı, arxiv şəkli

Pensiya kapitalı ədalət - qalaqlanan problemlər üçün çözüm təklifi

16
(Yenilənib 17:59 26.11.2020)
"Bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir", - Vüqar Bayramov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Dünyanın ən yaxşı pensiya sisteminə malik olan 39 ölkəsinin adları açıqlanıb. "Mercer CFA" institutunun "Global Pension Index 2020" hesabatına görə, 2020-ci ildə dünyanın ən yaxşı pensiya sisteminə malik ölkəsi Niderland olub. Bu ölkənin indeksi ötən illə müqayisədə 81-dən 82,6-a yüksəlib. İkinci yerdə qərarlaşan Danimarkanın isə builki indeksi 80,3-dən 81,4 bəndə qədər yüksəlib. Siyahının üçüncü yerinə isə İsrail (74,2 bənd) layiq görülüb.

Hazırda Niderlandda pensiya yaşı 66-dır. 2024-cü ilədək ölkədə pensiya yaşının aylıq artım dinamikası dondurulur. Yalnız 2024-cü ildə ölkədə pensiya yaşı 67 olacaq və bundan sonra hər il bu müddət daha öncəki müddətlə müqayisədə çox cüzi olaraq artmaqda davam edəcək. Digər ölkələrlə müqayisədə Niderlandda pensionerlər daha firavan həyat yaşayırlar ki, bunun da səbəbi ölkədəki qanunlardır.

Ölkədə yaşlılığa görə verilən pensiya olan AOW-dan yararlanmaq üçün şəxslərin Niderlandda çalışdığı hər il üçün 2 faiz illik AOW vəsaiti toplanmalıdır. Məsələn, şəxs pensiya yaşına çatdıqda sadəcə olaraq 40 ildir ki, Niderlandda yaşamış olarsa, bu zaman AOW vəsaitinin 80 faizini əldə etmiş olacaq.

Bundan başqa, ölkə qanunları ağır işdə çalışanlara daha tez pensiyaya çıxmaq hüququnu verir. Bununla yanaşı, istəyən hər kəs 3 il daha tez yaşlılıq pensiyasına çıxa bilmək hüququna malik olur.

Pensiya sisteminə görə 39 ölkə arasında ikinci olan Danimarkada isə bu yaş həddinin aşağı endirilməsi müzakirə edilir.

Ölkənin Baş naziri Mette Frederiksen pensiya yaşının 65-dən 61-ə endirilməsi üçün təkliflərin verildiyini də vurğulayıb:

"Danimarka vətəndaşları hər gün işləmək, pul qazanmaq üçün səhər tezdən oyanır, ağrı və acı ilə işə gedirlər. Bəlkə də belləri, dizləri, çiyinləri ağrıyır, bəlkə də çox acı çəkirlər. Bu səbəbdən biz uzun illərdir çalışanlar, çalışdığı müddətdə vergilərini ödəyən və ağır işə cəlb olunanlar üçün təkliflər vermişik. Yeni qanun layihəsinə görə, 42-44 il çalışanlar 1-4 il daha tez pensiyaya çıxa biləcəklər. 2022-ci ildə 38 min şəxs bundan yararlana biləcək".

Qeyd edək ki, qarşıdakı 10 il ərzində Danimarkada pensiya yaşının 68 olacağı planlaşdırılır.

Son illərdə Azərbaycanda da pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində müxtəlif işlər görülüb. Lakin bununla belə, bəzi problemlər hələ də həllini tapmamış qalır. Bəs Azərbaycanda pensiya sistemində hansı qalaqlanmış problemlər həllini gözləyir?

Saxla samanı... Kartda olan pulları necə artırmalı?>>

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Son illər Azərbaycanda pensiya sistemində bir sıra islahatlar aparılıb. Xüsusən də 2018-ci ildən pensiya sisteminin təkmilləşdirilməsi müşahidə olunub. Biz mütəmadi olaraq pensiya islahatlarının davamlı olması və pensiya sisteminin daha da təkmilləşdirilməsi üçün təkliflərimizi təqdim edirik. Qiymətləndirmələr onu göstərir ki, indiki halda həm pensiya kapitalı ilə bağlı, həm də pensiya kartından istifadə ilə bağlı islahatların davam etdirilməsinə ehtiyac var".

"Nəzərə almalıyıq ki, minimum pensiya məbləği artdıqca tələb olunan minimum pensiya kapitalı da artır. Bu səbəbdən vacibdir ki, pensiya kapitalının müəyyən hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi mexanizminə baxılsın. Daha yaxşı olardı ki, vəsaitlərin, xüsusən də həssas qruplar üçün olan vəsaitlərin bir hissəsi kompensasiya olunsun", - deyə millət vəkili əlavə edib.

O bildirib ki, böyük pensiya kapitalına malik vətəndaşlarımıza ABŞ-da olduğu kimi daha tez pensiyaya çıxmaq hüququnun verilməsinə ehtiyac var: "Ona görə də biz minimum pensiya kapitalı ilə yanaşı, pensiyaya çıxmaqla bağlı minimum kapital yığıldıqdan sonra belə bir hüququn verilməsinin tərəfdarıyıq.

Yəni vətəndaşa pensiya yaşına çatmadan yığılan kapitaldan istifadə etmə hüququnun verilməsi məqsədəuyğundur. Bu da təbii ki, kapitalla bağlı yığımlara marağı artırmaqla yanaşı, eyni zamanda imkan verəcək ki, vətəndaşlarımız bəzi hallarda pensiya yaşını gözləmədən də pensiya kapitalının bir hissəsindən faydalana bilsinlər".

"Digər məsələ isə pensiya kapitalının müəyyən hissəsinin varisə transfer edilməsi ilə bağlıdır. Çünki bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir. Bu səbəbdən həmin kapitalın bir hissəsinin vətəndaşın varisinə transfer edilməsi mexanizmi təqdirəuyğun olardı. Bu da nəticə etibarı ilə pensiya sistemində ədalətin daha da məqsədəuyğunluğu üçün önəmlidir", - deyə V.Bayramov əlavə edib.

16
Teqlər:
Vüqar Bayramov, təklif, varis, kapital, təqaüd, pensiya

Ermənistandakı hərbi bazada Rusiya hərbçisinin cəsədi tapılıb

18
(Yenilənib 21:33 26.11.2020)
Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. H

BAKI, 26 noyabr - Sputnik. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.

Bu barədə Sputnik Ermənistan-a Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi hazırda hərbçinin ölümü ilə bağlı materialları toplayır.

Bildirilir ki, 36 yaşlı rus hərbçinin həyat əlamətləri olmayan cəsədi onun hərbçi yoldaşları tərəfindən aşkar edilib. Onun üzərində hər hansı zorakılıq əlamətlərinə rast gəlinməyib: 

"Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. Hərbçinin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib".

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Cinayət xəbərləri saytı shamshyan.com-un yazdığına görə, ölən şəxs 36 yaşlı müqaviləli hərbçi A.P.-dir.

18

Çavuşoğlu Qarabağ məsələsini NATO-nun gündəminə gətirdi

0
(Yenilənib 22:33 26.11.2020)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ və digər regional münaqişələri müzakirə ediblər.

BAKI, 26 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi, Əfqanıstan və Liviya böhranı barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Stoltenberqə İrini Hərəkatı çərçivəsində Aralıq dənizindəki Türkiyə ticarət gəmisində axtarış aparılmasının beynəlxalq hüquqa zidd və yolverilməz olduğunu bildirib.

0
Teqlər:
Aralıq dənizi, Liviya, Dağlıq Qarabağ, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO