Toyuq əti, arxiv şəkli

Toyuqlara vurulan mayenin tərkibi ilə bağlı həyəcan təbili çalındı

95
"Bunun üçün toyuqlara vurulan mayenin tərkibi dərindən araşdırılmalı, laborator müayinədən keçməlidir. Bildiyim qədər, AQTA mayenin tərkibi ilə bağlı yekun qərarını açıqlamayıb. Bundan öncə təcrübədə dəfələrlə görmüşük ki, naməlum maye toyuqlara iynə şəklində vurulur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Siyəzən şəhərində fəaliyyət göstərən quş kəsimi və qablaşdırma sexinə baxış zamanı ortaya çıxardığı faktlar ciddi müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla söhbətin istehlakçıların qida rasionunda xüsusi payı olan toyuq məhsullarının keyfiyyəti və bazarın mövcud vəziyyəti ilə bağlı müzakirələrə aydınlıq gətirib.

- Siyəzəndə aşkarlanan qanunsuz quş sexinin fəaliyyəti gündəm mövzulardandır. Doğrudanmı kustar üsulla məhsul istehsal edən sexlər hələ də mövcuddur?

- Təəssüf ki, ölkəmiz istehsal sahəsində müəyyən yol qət etmiş olsa da, bazara sağlam rəqabətə davamlı məhsullar təqdim olunsa da, hələ də gizli şəkildə fəaliyyət göstərən, vətəndaşların etimadını sarsıtmağa yönəlik, öz fəaliyyətində heç bir normativ qaydaları gözləməyən, istehlakçıları aldatma yolu ilə gəlir əldə etməyə çalışan müəssisələr mövcuddur. Əslində, mənim onlara müəssisə deməyə də dilim gəlmir. Çünki əsl müəssisə vətəndaşın həyatını təhlükəyə atmaq kimi mənəviyyatsız üsula əl atmaz. Əvvəla o məqam araşdırılmalıdır ki, həmin sexlərin fəaliyyətinə niyə əngəl törədilmir və onların arxasında dayanan "qaranlıq qüvvələr" kimlərdir? Hesab edirəm ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başlayandan bu cür sexlərin sayında xüsusi azalma müşahidə olunur. Siyəzəndə fəaliyyət göstərən sexdə baş verənlər və həmin sexin fəaliyyətinin dayandırılması bunun bariz nümunəsidir. Unutmaq lazım deyil ki, belə nəzarətsiz quş əti istehsalçıları vətəndaşlarımız üçün xüsusi təhlükə mənbəyidir.

- AQTA-nın açıqlamasında bir məqam xüsusi diqqət çəkir: toyuğun çəkisinin su ilə artırılması. Bu təkcə maddi zərəri kompensasiya edir, yoxsa digər fəsadları da var?

- Əvvəla kim zəmanət verir ki, su dediyiniz həqiqətən maye sudur? Bunun üçün toyuqlara vurulan mayenin tərkibi dərindən araşdırılmalı, laborator müayinədən keçməlidir. Bildiyim qədər AQTA mayenin tərkibi ilə bağlı yekun qərarını açıqlamayıb. Bundan öncə təcrübədə dəfələrlə görmüşük ki, naməlum maye toyuqlara iynə şəklində vurulur. Ukraynadan ölkəmizə idxal edilən toyuqlarda aparılan laborator müayinələr zamanı ortaya çıxan faktlar bunun bariz nümunəsidir. Tamamilə mümkündür ki, bu maye təkcə çəki artırmaq üçün yox, həm də məhsulun daha gec xarab olmasına görə vurulur. Bir məqamı unutmaq lazım deyil ki, xalis çəki hər hansı süni yolla artırılırsa, heç şübhəsiz bu artıq məhsulun keyfiyyətsiz olduğuna dair mühakimələr yürütməyə əsas yaradır.

- Kəsim və ya təmizlənmə müvafiq normativlərə uyğun həyata keçirilməzsə, hansı fəsadlara yol aça bilər?

- Hazirki şəraitdə hər bir istehsal və xidmət sahələri qəbul edilmiş mövcud protoklları nəzərə alaraq fəaliyyət göstərməlidir. Bu protokollar hansısa müəssisə və şirkətin şəxsi istəyi ilə yox, beynəlxalq normativlərə uyğun şəkildə tənzimlənir. Əgər hər bir müəssisə öz fəaliyyətini bu protokollara müvafiq şəkildə qurur və həyata keçirirsə, bu artıq onun istehsal etdiyi məhsulların da müvafiq standartlara uyğun gəldiyi anlamına gəlir. Bilirsiniz ki, quş ətinin istehsalı ilə bağlı normativlər var. Quş ətinin istehsalı zamanı kəsimə və təmizləməyə xüsusi diqqət yetirilməlidir ki, bakteriya düşməsin.

- Satış nöqtələrində ilk baxışdan cəlbedici və ucuz qiymətə təklif olunan məhsullara rast gəlirik. Zəruri maya dəyərindən ucuz bu məhsullar nə dərəcədə etibarlıdır?

- Hər dəfə bu cür məhsulları görərkən fikirləşirəm ki, doğrudan da hələ də şirnikləndirici vədlərə inanan istehlakçılar var?! Açığı, bu vəziyyət məndə dərin təəssüf hissi yaradır. Elementar məntiq kifayətdir ki, kəskin qiymət fərqinin arxasında hansı qaranlıq niyyətin dayandığını müəyyən edəsən. Bazarda öz sözünü demiş və özünü təsdiq etmiş kifayət qədər müəssisələr niyə bu qiymətə məhsul satmırlar? Cavab sadədir: Onlar öz reputasiyasını qoruyur və bazarda müvəqqəti yox, daimi pay sahibi olmaq niyyətindədirlər. Məhz buna görə, kefiyyətli məhsul istehsal etməlidirlər. Kefiyyətli məhsul isə piştaxtalarda satışa çıxarılan "sex toyuqları" ilə eyni qiymətə satışa çıxarıla bilməz. Bu praktik baxımdan mümkün deyil. Demək istehlakçı iki şüurlu seçimdən birini etməlidir: ya kefiyyətsiz məhsul istehlak edərək öz həyatını təhlükəyə atmalıdır, ya da sağlam qidaya üstünlük verməlidir.

- Kifayət qədər ciddi mətləblərə toxundunuz. Bəs bu cür məhsulların istehlakı insan orqanizmi üçün hansı təhlükələrə səbəb ola bilər?

- Birmənalı şəkildə deyirəm ki, məhsulun istehsalı onun qiymətinə bilavasitə təsir edir. Nəzərə almaq lazımdır ki, quş ətinin istehsalı yemlənmədən tutmuş kəsim və paketlənməyə qədər uzun bir proses keçir. Ucuz qiymətə təklif edilən toyuq ətinin çəkisi adətən 1 kiloqramdan az olur. Ucuz başa gələn və çəkisi az olan toyuqlara el arasında murdar olmuş toyuqlar deyirlər. Buna səbəb həmin quş məhsullarının istifadəyə yararsız və insan orqanizmi üçün təhlükə mənbəyi olması ilə bağlıdır. Bir məqamı unutmaq lazım deyil ki, hər bir prosesdə bir alqoritm olmalıdır və proses təbii yolla tamamlanmalıdır. Yox əgər bu yoxdursa, demək hardasa axsama var, ya istehsalda, ya da yemlənmədə.

- Toyuğu alırıq, dondurucuya qoyuruq, lazım olanda buzluqdan çıxarıb donunu açıb, yeni məhsul kimi istifadə edirik. İstehsalatdakı professional ani - şok dondurma vasitələri ilə adi soyuducu buzluğunun fərqi nədir?

- Əlbəttə, donu açılmış məhsulu təkrar dondurmaq olduqca təhlükəlidir. Hətta bu zəhərlənməyə səbəb ola bilər. Əgər toyuq məhsulunu alıb buzluğa atacaqsınızsa, elə bu başdan istehsalatda dondurulmuş toyuq alın. İstehsalatda ani dondurulma ilə məhsul -42 dərəcədə qısa müddətdə dondurulur, tərkibi çox dəyişmir, ən əsası bakteriyaların inkişafı üçün şərait yaranmır. Məişət soyuducularında -18 dərəcədə məhsulun donması uzun zaman tələb edir və bu müddət ərzində toyuğun içərisində salmonella çubuqları kimi mikroblar inkişaf edib zəhərlənməyə səbəb yarada bilirlər.

- Və sonda. İstehlakçı quş əti məhsulları istehlak edərkən özünü sığortalamaq üçün hansı addımları atmalıdır?

- Azərbaycan istehlakçısı toyuq məhsullarından müntəzəm istifadə edir. Bu mənada maarifləndirmə işlərinin aparılmasına xüsusi ehtiyac var. Quş əti məhsullarından istifadə edən soydaşlarımıza dörd əsas istiqamət təklif edirəm. Bunlardan biri məhsulun qablaşdırmasına xüsusi diqqət ayırmaq, ikincisi istehsal tarixi ilə tanış olmaq, üçüncüsü saxlanma müddəti ilə maraqlanmaq və nəhayət dördüncüsü məhsulu ərsəyə gətirən müəssisənin fəaliyyətini aradışdırmaqdır. Çalışın təzə toyuq alın. Əgər vaxtınız varsa, kiçik bazar araşdırması aparın. Ölkəmizdə kifayət qədər keyfiyyətli quş əti istehsal edən müəssisələr var və onların fəaliyyəti ilə yaxından tanış olun. Bununla siz həm vaxt udmuş olur, bazarı analiz edir, həm də özünüzün və doğmalarınız sağlam qida ilə bəslənməsinə nail olursunuz.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Siyəzən şəhəri İsmət Qayıbov küçəsi 83 ünvanında fiziki şəxs Nəsir Ramazan oğlu Əhmədova məxsus quş əti məhsullarının qablaşdırılması sexinə baxış keçirib.

Baxış zamanı sexin yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərdiyi, kəsilib təmizləndikdən sonra emal sahəsinə gətirilən toyuqların nasosa birləşdirilmiş xüsusi iynə ucluğa malik avadanlıqla daxilinə maye vurularaq çəkisinin qanunsuz yolla, su hesabına 300-350 qr artırıldığı məlum olub. Müəyyən edilib ki, toyuqlar yaxınlıqda yerləşən, antisanitar şəraitdə fəaliyyət göstərən toyuq kəsimi sexindən tədarük olunur.

Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

95
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

14
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

14
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

35
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

35

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə