В одной из бакинских школ, фото из архива

Gələcəyimiz necə qorunacaq: Hüquqi boşluq ortadan qaldırılıb, qalıb əməli

333
(Yenilənib 17:43 02.07.2020)
Təhlükəsizlik üzrə ekspert qeyd edir ki, məktəblərdə təhlükəsizliyin təmin edilməsi təkcə qapıya bir nəzarətçinin qoyulması ilə həll edilmir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Ümumtəhsil müəssisələrində mühafizə xidmətinin təşkili hər zaman diqqət mərkəzində olan məsələ olub. Amma uşaqların təhlükəsizliyinin təmin edilməsi haqqında xüsusi bir qayda olmadığı üçün bunu məktəb direktorları müxtəlif formalarda həyata keçirirdilər.

Lakin pərakəndə təhlükəsizlik təminatı artıq geridə qalıb. Bir müddət öncə Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası"nı təsdiq edib.

Bu qaydalara görə, mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri tərəfindən "həyəcan" siqnalizasiyası sistemi vasitəsilə həyata keçirilir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi sahələrdə təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasına ehtiyac var. Çünki orda baş verən hər hansı neqativ hadisə cəmiyyətdə narahatlığa səbəb olur.

Ekspert qeyd edir ki, məktəblərdə təhlükəsizliyin yüksək səviyyədə olması cəmiyyət üçün çox önəmlidir. Təhsil alan uşaqların hər hansı hadisə vaxtı müstəqil qərar qəbul etmək iqtidarında olmaması, ətrafında baş verən neqativ hadisələrə reaksiyası və özləri üçün gələ biləcək təhlükələri analiz edərək, düzgün qərar vermək qabiliyyətinin hələ tam formalaşmaması, məktəblərdə təhlükəsizlik məsələsinə daha ciddi yanaşmanın vacib olduğunu göstərir.

"Hesab edirəm ki, buna görə məktəblərdə təhlükəsizlik məsələsinə daha həssas yanaşmaq lazımdır. Məktəblərdə təhlükəsizliyin təmin edilməsi təkcə qapıya bir nəzarətçinin qoyulması ilə həll edilmir. Onu da qeyd edim ki, hətta nəzarətçi də bütün məktəblərdə yoxdur. Elə məktəblər var ki, onları DİN-in mühafizə polisi qoruyur, elə məktəblər var ki, onlar özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlərlə müqavilə bağlayıb, məktəbin mühafizəsini təmin edir. Elə məktəblər də var ki, onlar qapıya özlərinin işçisi olan gözətçini, yaxud digər sahədə işləyən birini qoymaqla mühafizəni təşkil edirlər", – deyə ekspert bildirib.

E.Nurəliyev qeyd edib ki, təhlükəsizlik kompleks görülən tədbirlər planıdır. Bəzi məktəblər bunu öz daxili vəsaitləri hesabına edirlər. Çox zaman bəzi məktəblərdə valideyn komissiyalarının könüllü təşəbbüsü ilə müəyyən məbləğin qarşılığında məktəblərdə mühafizə təşkil edilir: 

"Müəllimlərin də təhlükəsizliklə bağlı maarifləndirilməsinə ehtiyac var. Çünki fövqəladə vəziyyətdə onların üzərinə böyük məsuliyyət düşür. Onlar xilasetmə qrupları gələnə qədər vəziyyəti nəzarətdə saxlamalıdırlar. Təbii ki, bunun üçün onlarda ilkin biliklərin olması vacibdir. Məktəblərdə mütəmadi olaraq həyəcan siqnalları verilməklə praktiki olaraq uşaqlara bu təlimlərin keçirilməsi zəruridir. İdman və əmək dərslərinin müəyyən saatlarında bu cür təlimlər keçirilsə, uşaqların yaddaşında daha yaxşı qalar və fövqəladə vəziyyətdə nə etmək lazım olduğu haqqında məlumatlı olarlar".

E.Nurəliyev deyir ki, ümumtəhsil müəssisələri çoxdur və bunların hamısının polis nəfərləri tərəfindən qorunması mümkün deyil.

"Ancaq bu təhsil müəssisələrində bir milyondan çox uşağın təlim , tərbiyə, təhsil aldığını nəzərə alsaq onların təhlükəsizliyinin necə vacib olduğunu başa düşmək mümkündür. Məktəblərdə baş verən hər hansı neqativ hadisələr uşaqlara həm mənəvi, həm də psixoloji təsir edir və onlarda silinməz izlər buraxır. Bu səbəbdən də məktəblərdə baş verən xoşagəlməz hadisələri minimuma endirmək və hadisədən sonra yarana biləcək fəsadları azaltmaq lazımdır. Heç kim hadisədən sığortalanmayıb. Ancaq düzgün nəzarət mexanizmi qurmaqla baş verə biləcək hadisələrdən qorunmaq olar", – deyən ekspert vurğulayıb ki, məktəblərdə həm məktəblinin fiziki olaraq qorunması, həm texniki təhlükəsizlik, həm əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar gigiyenik təhlükəsizliyi, qida təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyinin tətbiqi ilə şagirdlərin təhlükəsizliyini təmin etmək olar.

Ekspert Nazirlər Kabinetinin verdiyi qərarın əhəmiyyətli olduğunu qeyd edərək əlavə edib ki, məktəblərdə mühafizəçilərin olması da vacibdir: "Məktəblərdə mühafizəni həyata keçirən mühafizəçi tərəfindən dərs başlamamışdan qabaq məktəbin həyəti, binanın mərtəbələri yoxlanılmalı, uçuq-sökük yer varsa, insan həyatı üçün təhlükəli hallar aşkar edilərsə, məktəb rəhbərliyinə məlumat verilməli və bundan sonra tədbirlər görülməlidir. Hər gün məktəbdə hər mərtəbə üzrə müəllimlərdən növbətçiliyin təşkil olunması da önəmlidir. Bu zaman tənəffüs vaxtı şagirdlərə nəzarət artmış olar".

Mütəxəssisin fikrincə, istifadə olunmayan siniflərin otaqlarının qapıları həmişə bağlı saxlanılmalıdır. İdman dərslərində soyunub-geyinmə otaqlarına, sanitar qovşaqlara xüsusi nəzarət olmalıdır.

"Bəzi məktəblərdə azyaşlılar ilə yuxarı sinifdə oxuyanlar eyni sanitar qovşaqdan, soyunub-geyinmə otağından istifadə edir. Bu düzgün deyil", – deyə vurğulayan ekspert bildirib ki, əsas məsələlərdən biri də aşağı sinifdə oxuyan şagirdləri müəllimlərin valideynlərinə birbaşa təhvil verməsidir.

333
Elnur Hüseynov, arxiv şəkli

"Eurovision" ulduzlarından Gəncə terroru barədə klip

14
(Yenilənib 20:03 28.10.2020)
"Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

BAKI, 28 oktyabr — Sputnik. "Eurovision" mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. Sputnik Azərbaycan xəbər verir ki, "Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

Müğənni kliplə bağlı danışarkən bunları deyib: "Oktyabrın 4, 11 və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub. Həlak olanlar arasında 10 qadın və 6 uşaq var. Daha 138 nəfər yaralanıb. İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi".

Rejissor Ülviyyə Könül bildirib ki, bu klipin ərsəyə gəlməsində məqsəd həqiqəti bəşəriyyətə çatdırmaqdır: "Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil".

Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

Mahnının sözləri Cəlal Qurbanovundır. Misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

"Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır. Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa, unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır".

14
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

26
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

26
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

0
İran XİN başçısının müavini: Son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm.

BAKI, 28 oktyabr - Sputnik. "Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram" , - Seyid Abbas Əraqçi bildirib.

Prezident İlham Əliyev isə öz növbəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

0