Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov

Vilayət Eyvazovdan etiraf: “Xidmətimizdə nöqsanlar var tədbirlər görürük”

155
(Yenilənib 11:46 02.07.2020)
Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq.

BAKI, 2 iyul — Sputnik. Pandemiya elə qlobal fəsadlar və kəskin problemlər yaradıb ki, onun ağır nəticələri bütün dünyada özünü hiss etdirir. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə  Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov “Azərbaycan” qəzetinə müsahibəsində qeyd edib.

O, bildirib ki,  bu bəla Azərbaycandan da yan keçməyib. Mart ayından etibarən ölkədə karantin rejimi tətbiq olunub və müəyyən dövrlərdə daha da sərtləşdirilib.

Nazirin sözlərinə görə, sözügedən sahədə digər dövlət strukturları kimi daxili işlər orqanları da ölkə rəhbərinin müəyyənləşdirdiyi strateji prinsiplər əsasında fəaliyyət göstərir: "Bu müddətdə polisin işinin ilkin nəticələri barədə mənim rəyimə gəldikdə isə hesab edirəm ki, bunu ictimaiyyət və kütləvi informasiya vasitələri daha dolğun və obyektiv verə bilər. Sözsüz ki, xidmətimizdə müəyyən nöqsanlar var və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görürük.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə tətbiq edilən xüsusi karantin rejimi dövründə hərəkət məhdudiyyətlərini tənzimləyən qaydalara riayət olunmasına ölkə boyu nəzarətin həyata keçirilməsinə bütün şəxsi heyətimiz səfərbər olunub. Daxili işlər orqanlarının əməkdaşları, sıravisindən ali rəis heyətinədək hər biri mart ayından etibarən gücləndirilmiş iş variantında və bundan irəli gələn gərgin iş rejimində çalışır. Açıq deyək, həyatlarını bəzən infeksiyaya yoluxma risqi altına qoyur, paytaxtda və bölgələrdə, o cümlədən müvəqqəti postlarda məlum qaydaların təmini və qarşıya qoyulmuş xidməti tapşırıqların icrası üçün yorulmadan səy göstərirlər.

Digər tərəfdən, bildiyiniz kimi, hərəkət məhdudiyyətlərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu halların müəyyənləşməsi üçün yol-patrul, post-patrul xidmətlərinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları davamlı tədbirlər görürlər. Paytaxtda və sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan digər inzibati ərazilərdə əhalinin sıx olduğu yerlər tam nəzarətə götürülüb".

V. Eyvazov qeyd edib ki görülən tədbirlərə baxmayaraq xüsusi karantin rejiminin pozulması halları təəssüf ki, hələ də qeydə alınır: 

"Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozan insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara riayət etməyən obyekt sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə edən sürücülər və digər pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar məsuliyyətə cəlb olunurlar".

Nazir deyib ki, vətəndaşlarımız adi və sərt karantin rejimləri üçün müəyyən edilmiş qaydalara bütövlükdə riayət edirlər: "Əhalinin mütləq əksəriyyəti sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə və sanitar-gigiyenik şərtlərə əməl edilməsi, lüzum olmadan yaşayış yerinin tərk edilməməsi və bu kimi digər tələblərə əməl edir. Lakin onu da vurğulayım ki, vətəndaşlarımızın bir qismində şəxsi səhlənkarlıq, məsuliyyətsizlik hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr bu cür münasibətdən ortaya çıxan, eyni zamanda, ailələrinin, ətraflarının xəstəliyə yoluxmasına şərait yaradan acı həqiqətin nəticəsidir. Mən bu istiqamətdə də möhtərəm Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın davamlı çağırışlarını, şəxsi nümunələrini xüsusilə əhəmiyyətli sayıram. Bu örnəklər ictimaiyyətdə ciddi profilaktik təsir yaratdı, böyük maarifçilik dalğasına çevrildi.

Sərt karantin rejimi nə deməkdir? İnsanlar pandemiyaya yoluxmamaq üçün evində qalsın, ətraf mühitdən təcrid olunsun və beləliklə də, sağlamlığını təmin etsin. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir.

Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib".

Daxili işlər naziri bildirib ki, müxtəlif istiqamətlər üzrə monitorinqlər də aparılır: "Təsəvvürünüzə gətirin, ictimai nəqliyyatda hərəkət edən sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir. İaşə obyektlərində, açıq və qapalı məkanlarda sosial məsafə çox vaxt qorunmur. Son günlər yoluxmaya məruz qalan insanların sayının artması da məhz belə səhlənkarlıqların nəticəsi kimi meydana çıxır. Yaxud icazəsi olmadığına görə şəhəri tərk etmələrinə imkan verilməyən, ancaq postlardan yayınıb, ara torpaq yollarla avtomobillərdə hərəkət etməyə cəhd edən yüzlərlə şəxsi hamı gördü.

Sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində əhali arasında xof, vahimə yaradan yalan məlumatlarla da hər gün rastlaşırıq. Daxili işlər orqanları bu kimi halları, - əslində o həm də cinayət faktlarıdır, - müəyyən edən müasir texnikaya malikdir və qeyd etdiyim faktlar dərhal müəyyənləşdirilərək lazımi hüquqi tədbirlər görülür".

155
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

55
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

55

İstanbuldan azərbaycanlı generala böyük sayğı - Polad Həşimov kitabxanası yaradılır

15
(Yenilənib 21:37 31.10.2020)
İstanbulda Polad Həşimovun şərəfinə adlandırılacaq kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

BAKI, 31 oktyabr - Sputnik. İstanbulda yeni kitabxanaya 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov adı veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar İstanbul Universitetinin "Azərbaycan- Türkiyə" Mədəniyyət və Həmrəylik Birliyi üzvlərinin təşəbbüsü ilə qəbul edilib.

Kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

Xatırladaq ki, yaxın günlərdə qardaş ölkənin Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınmış böyük parka da şəhid general Polad Həşimovun adı verilib.

15
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusu Ermənistan ərazilərini atəşə tutmur, cavab tədbiri görür - MN

0
(Yenilənib 22:50 31.10.2020)
Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

BAKI, 31 oktyabr - Sputnik. Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən düşmən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusunun bölmələrini gün ərzində intensiv atəşə tutub. Yalnız sərhədlərimiz çərçivəsində tərəfimizdən düşmənin həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görülüb.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan ölkəmizin sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.

0
Teqlər:
Ermənistan silahlı qüvvələri, Ermənistan ordusu, Ermənistan, Müdafiə Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi Əsgəran, Ağdərə və Xocavəndin bombalanması barədə
Müdafiə Nazirliyi: "Azərbaycan tərəfinin hücum cəhdi olmayıb"
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edildi
Müdafiə Nazirliyi Xocalıdakı Qarabulaq kəndi ilə bağlı məlumat yaydı
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - Müdafiə Nazirliyi