Qəza, arxiv şəkli

Birinə bonus, o birinə malus: Adlara təəccüblənməyin, baş verəcəklərə mat qalacaqsınız

310
(Yenilənib 15:26 29.06.2020)
Ekspert: "Hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənə ödəniləcək məbləğ hazırda əmlaka dəyən zərər üzrə maksimum 5 min manatdır və bu məbləğin artırılması gözlənilir. Əgər sığorta ödənişi 20 faiz artsa, bu məbləğ 6 min manat olacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının daha çox olması təklif edilir. Yəni bu sığorta növü üzrə sığorta haqqı məbləğinin, mövcud sığorta haqqı məbləğindən təxminən 10-20 faiz çox olması təklif edilir". 

Bunu Sputnik Azərbaycan-a sığorta üzrə ekspert İlkin İbrahimov sığorta sektorunda gözlənilən yeniliklərdən danışarkən deyib.

Ekspert bildirib ki, məsələn, təkliflər qəbul edilsə, sığorta haqqında 20 faiz artım olsa, sığorta haqqı 100 manat olan bir avtomobil üçün bu məbləğ 120 manat olacaq: "10 faiz artım olsa, bu məbləğ 110 manat təşkil edəcək. Amma eyni zamanda bu sığorta növü üzrə sığorta ödənişinin, yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənlərə ödəniləcək məbləğin də artırılması təklif edilir. Yəni hadisə baş verdikdə sığorta şirkəti tərəfindən zərər çəkənə ödəniləcək məbləğ hazırda əmlaka dəyən zərər üzrə maksimum 5 min manatdır və bu məbləğin artırılması gözlənilir. Əgər sığorta ödənişi 20 faiz artsa, bu məbləğ 6 min manat olacaq".

"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı nəqliyyat vasitəsinin növündən, hüquqi və fiziki şəxsə məxsus olmasından, mühərrik həcmindən, yük götürmə qabiliyyətindən və sərnişin sayından asılı olaraq 50 manatdan 300 manatadək dəyişir. Amma fikrimcə, pandemiya dövründə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının artırılması düzgün addım olmaz. Statistika da göstərir ki, hazırda sığortalanma faizi aşağı düşüb. İcbari sığorta ilk növbədə sosial məqsəd daşıyır. Sığorta haqlarının artırılması hazırki dövr üçün məqsədəuyğun deyil", – deyə o bildirib.

O qeyd edib ki, burada Bonus-Malus sisteminin təkmilləşdirilməsi də təklif edilir və bu, müsbət addımdır: "Bonus-Malus sistemi - əvvəlki sığorta müqavilələri üzrə nəqliyyat vasitəsi sürücüsünün təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq, sığortalıya münasibətdə sığorta haqlarını artıran və ya azaldan əmsallar tətbiq edilməsini nəzərdə tutan güzəştlər və əlavələr sistemidir. 

Bonus-Malus "yaxşı-pis" deməkdir. Bonus o deməkdir ki, daha yaxşı, intizamlı sürücülər növbəti il sığorta haqqı üzrə 5 faiz endirim əldə edirlər. Malus isə o deməkdir ki, intizamsız sürücülər əlavə olaraq sığorta haqqı ödəyirlər. Yəni intizamlı, qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azaldılır, intizamsız, ilboyu qəza törədən və ödəniş alan sürücünün ödədiyi sığorta haqqı isə artırılır. Hazırda bəzi sığorta agentləri Bonus-Malus sistemindən sui-istifadə edirlər. Bu sistem təkmilləşsə, daha yaxşı olar".

Qeyd edək ki, Azərbaycanın sığorta sektorunda yeniliklər gözlənilir. Dəyişikliklər özünü ilk növbədə avtomobillərin icbari sığortasında göstərəcək. Söhbət sığorta haqlarının məbləğinin dəyişməsi, bonus-malus mexanizminin dəyişdirilməsi, eləcə də, agentlərə ödənilən komissiya haqlarına yeni yanaşmadan gedir. Sığorta qanunvericiliyinin təkmilləşdirilməsi üçün Mərkəzi Bankın rəhbərliyi və nəzarəti altında sığorta şirkətlərinin iştirakı ilə təkliflər planı hazırlanıb və müvafiq qurumlara təqdim edilib. Sığorta şirkətləri tərəfindən sığorta sektorunda problemlərin həll edilməsi, eləcə də istehlakçı hüquqlarının qorunması məqsədilə sığorta qanununda müəyyən istiqamətin alınması da hədəflənib.

310
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

6
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

6
Ofis, arxiv şəkli

Pandemiya dövründə daha bir Mərkəz yaradıldı

4
(Yenilənib 23:18 09.07.2020)
Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib.

BAKI, 9 iyul — Sputnik. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə turizm sahəsində çalışan mütəxəssislərin peşəkarlığını və əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq üçün Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb. Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Azərbaycan Turizm Bürosunun nəzdində fəaliyyət göstərəcək mərkəz turizm sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə və ixtisaslaşmış peşəkarların hazırlanmasına nail olmaqla turizmin uzunmüddətli inkişafına töhfə vermək məqsədini daşıyır.

Turizm Təlim və Sertifikasiya Mərkəzinin proqramına ilkin olaraq Qonaq qarşılama, Qida və içki, Təmizlik və Aşpazlıq daxil olmaqla 4 modul üzrə kurslar daxil edilib. Modullar 6 əsas turizm regionunda turizm sənayesinin təmsilçiləri arasında ötən ilin avqust-oktyabr ayları ərzində aparılan sorğuya əsasən müəyyənləşdirilib.

Təlimlər məhz hazırda turizm sektorunda müvafiq sahə üzrə çalışan və həmin sahə üzrə ən az 6 ay iş təcrübəsinə malik olan mütəxəssislərin iştirakı üçün nəzərdə tutulur.

Turizm sahəsində geniş təcrübəyə malik olan peşəkarlar tərəfindən keçiriləcək kurslar iştirakçıların təcrübəsi və peşəkarlıq dərəcəsi nəzərə alınaraq Qonaq qarşılama, Qida və içki, eləcə də Təmizlik modulları üzrə başlanğıc, orta və ixtisaslaşmış olmaqla 3 səviyyədə, Aşpazlıq modulu üzrə isə yalnız ixtisaslaşmış səviyyədə keçiriləcəkdir.

Kurslar cari vəziyyət nəzərə alınaraq başlanğıc olaraq onlayn formatda həftədə 2 dəfə olmaqla təşkil olunacaqdır.

Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin olunacaqlar.

Layihənin həyata keçirilməsində əsas tərəfdaşlar kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), "JW Marriot Absheron" və "Abşeron Hotellər Qrupu" çıxış edir.

4
Əlaqədar
Turizm şirkətləri pandemiyada belə fəaliyyət göstərəcək
Haradan haraya! Balaxanı bu dəfə də yeni turizm məkanı kimi
Hamı imdad diləyir – Bəzilərinə icazə verilsə də, qalanı evdə gözləyir
“Xınalıq” üçün çalışırlar, bəhrəsini bir il sonra biləcəyik
Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil