Boş dərs otağı, arxiv şəkli

Karantindən sonra tamamilə yeni siniflər görəcəyik: NK-nın qərarı təqdir edilir

305
(Yenilənib 13:44 28.06.2020)
Ekspertlər hesab edirlər ki, Nazirlər Kabinetinin Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında qərarı çox yüksək nəticə verəcək.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında qərar verib.

Normalar "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 12.8-ci maddəsinə uyğun olaraq sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmaqla hazırlanıb.

Təhsil üzrə mütəxəssislər qərarı Sputnik Azərbaycan üçün şərh ediblər.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bildirdiyinə görə, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəb isə azdır. Həmin siniflərə 30-40 uşaq cəmləşir.

Ekspertin sözlərinə görə, təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəlliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır.

K. Əsədov hesab edir ki, bu pedoqoji tələb yerinə yetirilməlidir. Eyni zamanda bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir.

"Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var. Ondan istifadə etsinlər. Bəzən deyirlər ki, hansısa ölkədə bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə, həmin sinifdə şagirdlərə sadəcə ola­raq ümumi məlumat verirlər. Fənnləri dərindən öyrətmək istəmirlər. Bizim öz təcrübəmiz var. Öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır. Şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Əlavə məktəb binaları tikilməlidir. Düşünürəm ki, bu sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneçilik törədir və bu aradan qaldırılsa yaxşı olar", - deyən Əsədovun fikrincə, təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər.

Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olduqda, bu vərdişlər ötürülmür, səs-küyün səviyyəsi qalxır. Uşaqlar bir-biri ilə oynayırlar və dərsin səviyyəsi sıfıra enir:.

"Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrtəmək olur. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda, sinif idarə olunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir", - deyən ekspert apardıqları monitorinqlərə də toxunub.:

"Apardığımız monitorinqlər göstərir ki, günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır".

Onun sözlərinə görə, hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Müəllimlər ixtisar edilməyib, sadəcə optimallaşdırılma nəticəsində azalma baş verib.

"Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmağa ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması vacibdir. Optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyəti isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməlidir", - Əsədov əlavə edib.

Qeyd edək ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir.

Təhsil eksperti Almaz Həsrət qeyd edib ki, bir sinifdə xüsusilə ibtidai siniflərdə 35-40 nəfər şagirdin olması qeyri-mümkündür. Yəni belə siniflərdə tədrisin aparılması, azyaşlı uşaqlara mövzuların öyrədilməsi çox çətin olur.

"Bəzən 40 uşağın olduğu sinifdə elə hallar olur ki, bir uşaqdan bir ay dərs soruşmaq mümkün olmur. Təsəvvür edin ki, 45 dəqiqə ərzində sinifdə 40 uşaq olarsa, hər uşağa bir dəqiqə belə vaxt çatmır. Müəllim dərsi normal keçə, dərsi soruşa və qiymətləndirmə apara bilmir. Bu, müəllimlərin narazılığına səbəb olur. Çünki müəllimlərin üzərinə böyük yük düşür. Bu məsələdə ibtidai sinif müəllimləri daha çox əziyyət çəkir", - Almaz Həsrət bildirib.

Həsrətin sözlərinə görə, yuxarı siniflərdə uşaqlar çox olduğu üçün təmayülləşmə aparılır. Burada da müəyyən problemlər yaşanır. Çünki bəzən təmayülləşmiş siniflərdə elə uşaqlar olur ki, istəmədikləri qrupa daxil olurlar. Bu da narahatlıqlar yaradır.

Ekspertlər hesab edirlər ki, Nazirlər Kabinetinin sözügedən qərarı çox yüksək nəticə verəcək. Siniflərdə 15-20 şagirdin olması müəllimə imkan yaradacaq ki, o bütün uşaqlarla məşğul ola bilsin. Dərslərin öyrədilməsi, qiymətləndirmə normal şəkildə aparılacaq. Sinifdə uşaqların az olması onların biliklərə yiyələnməsi baxımından əhəmiyyətlidir.

305
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

5
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

5
Nişan üzükləri, arxiv şəkli

Komitə sədri: On altı yaşına qədər qızlar nikaha məcbur edilirsə...

7
Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. "15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3 000-ə yaxın uşaq dünyaya gətirir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2019-cu il üzrə illik məlumatı təqdim edərkən deyib.

Ümumiyyətlə, erkən nikah hələ tam formalaşmamış bir gənc qızın sağlamlığına, psixologiyasına və gələcək həyatına vurulan travmadır. Gənc qızlar erkən nikaha daxil olarkən, ən azından ailəsinin, özünün, eləcə də dünyaya gətirəcəyi körpənin tam şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək gücdə olmur. 

Sputnik Azərbaycan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ilə erkən nikahlarla bağlı müsahibəni təqdim edir:

- Azərbaycanda erkən nikahların vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Qeyd etməliyik ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Belə nikahlar isə sonradan müxtəlif fəsadlar yaradır. Erkən hamiləlik təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər. Araşdırmalar göstərir ki, gənc yaşda ərə gedən, öz hüquqlarını bilməyən qızların digər qadınlara nisbətən daha çox zorakılığa məruz qalma ehtimalı var.

- Azərbaycanda erkən nikahlarla bağlı qanunlar hansı səviyyədədir?

- Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Eyni zamanda, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması aparılan güclü dövlət siyasətinin ən əsas göstəricilərindən biridir. Qeyd etmək istərdim ki, bu sahədə biz hətta bir sıra inkişaf etmiş Avropa ölkələrini qabaqlayırıq. Eyni zamanda, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib.

- Hicran xanım, erkən nikahlarla bağlı rəqəmlər nə deyir?

- Qeyd etdiyimiz kimi, 2011-ci ildə Ailə Məcəlləsinə dəyişiklik edərək nikah yaşı qadınlar və kişilər üçün 18 müəyyənləşib. Çox üzrlü, obyektiv səbəblər olduğu təqdirdə nikah yaşı müvafiq icra hakimiyyəti tərəfindən 1 il azaldıla bilər. Bu gün 18 yaşadək nikaha girən qızların statistikası var, lakin bu qeyd etdiyimiz kimi, qanunvericilikdə göstərildiyi kimi, nikah yaşı müvafiq icra hakimiyyəti tərəfindən 1 il azaldılan nikahların sayıdır. Məsələn, 2019-cu ildə 18 yaşadək nikaha girən qızların sayı 366 olub. Lakin bu rəqəm bizə tam məlumat vermir. Çünki digər statistika da mövcuddur. Belə ki, Dövlət Statistika Komitəsinin indikatorları sırasında 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da mövcuddur. Və bu göstəricini əsas götürməklə təxminən erkən nikahlar ilə bağlı rəqəmləri ortaya çıxara bilirik. Belə ki, statistikaya görə, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4 min 392 idisə, 2019-ci ildə bu rəqəm 2 min 320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir. Ancaq bununla belə orta hesabla 3000-3500-ə qədər belə qeyri-rəsmi nikah olmalıdır ki, 2320 uşaq doğulsun. Əlbəttə, azalan rəqəmlər deməyə əsas verir ki, davamlı maarifləndirici və məlumatlandırıcı layihələr həyata keçirilir.

- Erkən nikahlarla bağlı çox zaman cinayət faktları qeydə alınmır.

- Bu məsələlər ölkə rəhbərliyinin diqqətindədir. Cənab Prezidentin Sərəncamları ilə təsdiqlənmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" və "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı" buna əyani misaldır. Digər tərəfdən buna görə də "erkən nikah" anlayışının hüquqi-normativ sənədlərdə tərifi verilməlidir. Baxmayaraq ki, 2011-ci ildə Cinayət Məcəlləsində nikaha məcbur etməklə bağlı məsuliyyət müəyyən edilib. Lakin bir çox hallarda erkən nikahla bağlı cinayət faktları qeydə alınmır. Əlbəttə ki, bunun da əsas səbəbi valideynlərin ya şikayət etməməsi, ya da şikayətini geri götürməsidir. Lakin 16 yaşadək qız uşaqları nikaha məcbur edilirsə, valideynin şikayət edib-etməməsindən asılı olmayaraq, digər oxşar hallarda olduğu kimi, bu halda da cinayət işi açılmalıdr. Fikrimcə, bununla bağlı da qanunvericilikdə müəyyən dəyişikliyə ehtiyac var. Həmçinin Davamlı İnkişaf Məqsədlərinin 5-ci məqsədində hədəflərdən biri də belə nikahların aradan qaldırılmasıdır. Bu səbəbdən aparılan işlər daha da gücləndirilməlidir.

7
Teqlər:
nikah, Hicran Hüseynova, Bahar Muradova