Heydər Əliyev aeroportu, arxiv şəkli

İstanbula getmək istəyənlərin nəzərinə - Biletlərin satışı başladı

29
(Yenilənib 16:29 26.06.2020)
"Azərbaycan Hava Yolları"ndan başqa, iyulun 1-dən etibarən "Türk Hava Yolları" da Bakı və İstanbul arasında həftədə iki dəfə (çərşənbə və cümə günlər) uçuşlar yerinə yetirəcək.

BAKI, 26 iyun – Sputnik. Bakı - Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, iyulun 2-dən avqustun 29-dək AZAL aviaşirkəti həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək.

Qeyd edilib ki, "Azərbaycan Hava Yolları"ndan başqa, iyulun 1-dən etibarən "Türk Hava Yolları" da Bakı və İstanbul arasında həftədə iki dəfə (çərşənbə və cümə günlər) uçuşlar yerinə yetirəcək.

Beləliklə, iyulun 1-dən etibarən Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə dörd dəfəyədək artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə Azərbaycana qayıtması üçün imkan yaranacaq. 

Bundan əlavə, həmin reyslərdə AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan Azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim edəcək. AZAL-ın saytında aviabilet alışı zamanı tələbələr miqrasiya vəsiqəsinin surətini aviaşirkətin çağırış mərkəzinə göndərməlidirlər və onlara güzəştli aviabiletin dəyərinin ödənilməsi üçün link göndəriləcək. Xüsusilə qeyd etmək lazımdır ki, miqrasiya vəsiqəsinin əsli hava limanında qeydiyyat zamanı təqdim edilməlidir. Miqrasiya vəsiqəsi olmadığı təqdirdə sərnişin reysə buraxılmayacaq.

Yeni qaydalara uyğun olaraq yalnız  koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə burada tanış ola bilərsiniz:

- İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: ‪+994 51 229 49 80;

- Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: ‪+994 70 653 00 33;

- Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: ‪+994 12 520 30 40.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri  tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir.

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud  yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslə Bakıya gələn bütün sərnişinlər iki həftəlik özünütəcrid rejiminə keçməli olacaqlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurmalı olacaqlar. 8103 nömrəsinə SMS göndərməklə alınan icazə həmin şəxslərə şamil olunmur.

AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompyüter üçün  çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty Free" mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.

29
Tibb bacısı peyvənd üçün şpris hazırlayır, arxiv şəkli

Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?

40
(Yenilənib 23:50 12.08.2020)
Andrey Alyoşkinin fikrincə, istənilən peyvəndin əks-təsirləri - baş ağrısı, temperaturun qalxması, peyvəndin vurulduğu nahiyədə ağrı və s. - var

BAKI, 12 avqust — Sputnik. Koronavirusa qarşı peyvənd yaxın günlərdə mülki dövriyyəyə daxil olacaq. Bu vaksin ilkdir və təbii olaraq insanları peyvənddən koronavirusa yoluxma riski maraqlandırır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə biologiya elmləri namizədi, Q.N.Qabriçevski adına Moskva Epidemiologiya və Mikrobiologiya elmi-texniki institutunun klinik mikrobiologiya və biotexnologiya laboratoriyasının rəhbəri Andrey Alyoşkin danışıb.

A.Alyoşkinin sözlərinə görə, peyvənd tez bir zamanda yarandı, çünki onun yaradılması üçün bütün şərtlər var idi.

"Bu gün Qamaleya İnstitutunun mütəxəssisləri Ebola və MERS peyvəndi haqqında məlumatlara əsaslana bilərlər. Onlarda iki il müddətində peyvənd edilmiş şəxslərin vəziyyəti barədə məlumatlar var. Ən azı, bu dövr ərzində xəstəlikdən müdafiə immun sisteminin hüceyrə və humoral zənciri nöqteyi-nəzərindən COVID-19-dan bir profilaktika qismində SARS-CoV-2 virusuna qarşı davamlı olacaq", - deyə Alyoşkin bildirib.

Həkim əlavə edib ki, yaxın illərdə virus ştammı dəyişsə də, elm adamları ən qısa müddətdə yeni bir peyvənd hazırlaya biləcəklər.

A.Alyoşkin peyvənddən xəstələnməyin mümkünlüyü barədə narahatlıqlara da aydınlıq gətirib.

Onun fikrincə, istənilən peyvəndin əks-təsirləri - baş ağrısı, temperaturun qalxması, peyvəndin vurulduğu nahiyədə ağrı və s. - var.

"Ancaq vaksinasiyadan kəskin infeksiyaya yoluxmaq mümkün deyil və bu müşahidə edilən əlamətlərin COVID-19-a heç bir aidiyyatı yoxdur", - deyən ekspert bildirib ki, bütün əks-təsirlər bir neçə gün ərzində keçib gedir.

Yeri gəlmişkən, qeyd edək ki, koronavirusa qarşı peyvənd edilən gün alkoqollu içki qəbul edilməsi qadağandır. Alkoqollu içkilər peyvəndin təsirlərini azalda bilər.

Bu barədə isə həkim-narkoloq Yevgeni Bryun danışıb.

"Mən hesab edirəm ki, istənilən dərman preparatı, o cümlədən koronavirusa qarşı peyvənd alkoqol ilə uyğun deyil. Çünki hər şeydən əvvəl bu, zəhərli təsir göstərir, müqaviməti zəiflədir və peyvəndin təsirini azaldır", - deyə o qeyd edib.

40
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
İnsanları ölümcül xəstəlikdən "Sputnik" xilas edəcək
ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Əhalinin vaksinasiyaya münasibəti pisləşib: Epidemiya yoxdursa, niyə vaksin vurursuz
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Səhnədə müğənni, arxiv şəkli

Hüznlü manıslar xalqın əndişəsi

603
(Yenilənib 21:08 12.08.2020)
Toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

BAKI, 12 avqust — Sputnik. Bir tərəfdən pandemiya sıxır canımızı, bir yandan işsizlik kəsir nəfəsimizi, bir az da manıs-müğənni əhlinin ah-naləsindən pəjmürdəyik. Niyə onları xatırladım? Çünki bəzənib-düzənib, kreditə avtomobillər, bahalı evlər alıb lüks həyat yaşamağa alışanların çətinliyi daha çoxdur. Bizə nə var? Bir tikə çörəyi ümidlə yavanlıq etməyə öyrənmişik. Çətini zəngin yaşamağa çalışan, zənginliyi imitasiya edən manısların güzəranıdır. Aylardır, yeganə qazanc yeri toylar olan bu şən-şaqraq insanlar intəhasız bir hüznə qərq olublar. Karantin acı bağırsaq kimi uzandıqca, efirlərdə görünən müğənnilərin üzündəki kədər və iztirab dərinləşir. Əvvəl çağırıldığı proqramdan üzrxahlıq edib yayınan, toyda oxumağı daha vacib hesab edənlər indi çağırıldıqları proqramların bitməsini istəmirlər...

Düşünürəm ki, toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

...Hər gün oxşar xəbərlərlə oyanıb, eyni ümidlə başımızı atırıq yastığa. Az qala, beş aydır yekrəng, yeknəsək bir ömür xırıd edirik fələyin oyununda. Nə qapımızı döyən var, nə hansısa qapını döyməyə üzümüz, imkanımız. Hər sabah internetdən axışıb bizi ağuşuna alan xəbərləri oxuyub, bir ovuc antidepressant nuş edib, bir siqaret yandırırıq qayğılı-qayğılı. Hər gün həyəcanla statistikanı izləyirik. Sağalan sayı yoluxan sayından artıq çıxanda, əlinə “üç tuz” gəlmiş hiyləgər qumarbaz kimi, bığaltı qımışırıq ki, “hə, bir az ümid var...”  Əslində isə “ümid bağlı qapılar arxasında, ruzimiz qurd ağzındadır”.

Təcridimiz orta əsrlər sufi şeyxinin təcridi kimi uzanır: canımız çiləyə təşnədir. Qadağalar azaldıqca, dükan-bazar, dəniz-çimərlik açıldıqca üzümüzə təbəssüm qonur. Amma heyhat! Nə dükan-bazara getməyə imkanımız, nə dənizə getməyə taqətimiz var. Dənizdə, dükan-bazarda sıxlıq yaradan da biz deyilik, bizim nəfsimizdir. Azadlığa təşnə, sərbəstliyə həsrət nəfsimiz özünü qumsallığa verib dincəlmək istəyir. Aylardır, tamarzı qaldığımız azadlığın, sərbəstliyin dadını çıxarırıq. Şükürlər olsun ki, “birinci dalğa” dedikləri hər nədirsə sahillərimizə çırpılıb, ala bildiyi qədər can alıb, geri çəkilir. Biz binəvalar da “birinci dalğa”dan xilas olmamış “ikinci dalğa”nın müjdəsini alırıq.

TƏBİB bir yandan, Operativ Qərargah digər tərəfdən xəbərdarlıq edirlər ki, “bəs hazır olun, gigiyenik olun, məsafəli olun - “ikinci dalğa” gələcək”. Xub! Gəlsin bu dənizin nə qədər dalğası varsa, bir təhər dözərik, səbr edərik. Amma, ancaq, lakin...

Pandemiyadır, karantindir, təcriddir, sosial məsafədir, yarıtmaz səhiyyədir – bunları birtəhər anlayırıq, ya da zor-bəla anlamağa, dərk etməyə çalışırıq. Bəs bizim sosial vəziyyətimiz, külfətimizin və millətimizin dolanışığı, yaşayışı necə olacaq? Körpə övladlarımıza nə qədər nağıl danışaq? Nə qədər aldadaq özümüzü?

Bütün qayda-qadağaya tabe olub, kədərli bir həyat yaşayırıq. Gün üzünə, doğmaların, yaxınların camalına həsrət qalmışıq aylardır. Şəxsən mən bir yazıçı kimi bu çətin məqamlarda dövlətimin dəstəyini hiss etmək, övladlarımın güvəndə olduğunu düşünmək istəyirəm. Ancaq narahatam, əndişəliyəm. Bir qarın çörək dərdi deyil qorxum. Bu il birinci sinifə getməli olan qızımın, liseyə qəbul olub, həvəslə dərslərin başlamasını gözləyən oğlumun təhsilindən nigaranam. Yaşlı valideynlərimin səhhətindən, aylardır işsiz qalan dost-tanışımın dolanışığından narahatam.

190 manata ümid edən, ehtiyac içində olan həmvətənlərimi düşünürəm. Sonuncu ehtiyatını da xərcləyib bitirmiş onlarla adam tanıyıram. Hər gün yardım üçün müraciət edənlərə, marketlərin qarşısında əl açanlara aylardır işsiz olduğumu deməyə utanıram.

Sosial problemlər, işsizlik və sıxıntılar ortaq dərdimizdir. “Ellə gələn toy-bayramdır” deyirik, amma yaxın qonşumuz Gürcüstana və uzağımız Avropaya baxanda görürük ki, əslində “toy-bayram” onlardadır. Səhiyyədən tutmuş, əhaliyə edilən sosial dəstəyə qədər nümunə götürməli olduğumuz çox şey var.

Biz, sadəcə, səriştəsiz, əhli-kef məmurların ümidinə qalmış qoca Şərqin atılmış və unudulmuş binəvalarıyıq.

Bundan sonra ümidimiz yalnız koronavirusun insafına qalıb. Bu zaval, bu mərəz özü könüllü çəkilib getməsə, bizim sonumuz heç də yaxşı görünmür...

603
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Baba nəvəsinə ad günü təşkil etdi, qonaqlar hədiyyə əvəzinə cərimə ödədilər
"Bilmədiyimiz bir şeydən qorxmağın mənası yoxdur" - Psixiatr
Koronavirusdan daha təhlükəli: Qəzəb, aqressiya və gərginlik...
Hökumətdən kafe və restoranlarla bağlı yeni qərar
Birlik, həmrəylik məqamı və keçməməli olduğumuz "qırmızı xətt"
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

"Rusiya bunu çox istəyir" - Tramp

0
(Yenilənib 23:29 12.08.2020)
Avqustun 16-18-də Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək

BAKI, 12 avqust — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiyanın ABŞ-la "nüvə silahları üzrə pakt" imzalamağı "çox istədiyinə" əmin olduğunu bildirib.

"Biz hazırda Rusiya ilə nüvə silahları üzrə paktın üzərində işləyirik və onlar bunu istəyirlər, çox istəyirlər. Mən hesab etmirəm ki, onlar gözləyəcəklər. Hazırda bu dünyanın ən böyük problemidir və biz Rusiya ilə hazırda işləyirik", - deyə Tramp ABŞ jurnalisti Hyu Hyuittə müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Rusiya ilə nüvə sazişi imzalamağa şad olardı.

Qeyd edək ki, 16-18 avqust tarixlərində Vyanada Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində strateji sabitlik üzrə Rusiya və ABŞ arasında hökumətlərarası məsləhətləşmələr keçiriləcək.

0
Əlaqədar
Dünya müharibəsinin gedişini birdəfəlik dəyişəcək addım - Rusiya bunu da etdi
Rusiya hansı halda nüvə zərbəsi endirə bilər? Baş Qərargah açıqlayıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
Təcavüzkarı cəzalandırmaq üçün Rusiyanın zəmanəti: "Skif" raketi