Yol polisi sürücünün icazəsini yoxlayır, arxiv şəkli

Karantin qaydalarını pozanlar: DYP son statistikanı açıqladı

7
(Yenilənib 12:54 26.06.2020)
Karantin postlarında aparılan yoxlamalar zamanı 307 nəqliyyat vasitəsi paytaxt, 211-i isə rayon istiqamətinə olmaqla 518 avtomobil geri qaytarılıb.

BAKI, 26 iyun – Sputnik. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 25.06.2020-ci il saat 00:00-dan 26.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 885 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin məcəllənin 211.2-ci maddəsi ilə 363 nəfər olmaqla ümumilikdə 1 248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 307 nəqliyyat vasitəsi paytaxt, 211-i isə rayon istiqamətinə olmaqla 518 avtomobil geri qaytarılıb.

7
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

63
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

63

İstanbuldan azərbaycanlı generala böyük sayğı - Polad Həşimov kitabxanası yaradılır

16
(Yenilənib 21:37 31.10.2020)
İstanbulda Polad Həşimovun şərəfinə adlandırılacaq kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

BAKI, 31 oktyabr - Sputnik. İstanbulda yeni kitabxanaya 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov adı veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar İstanbul Universitetinin "Azərbaycan- Türkiyə" Mədəniyyət və Həmrəylik Birliyi üzvlərinin təşəbbüsü ilə qəbul edilib.

Kitabxananın təntənəli açılışı Azərbaycanın Dövlət Bayrağı Günündə - noyabrın 9-da olacaq.

Xatırladaq ki, yaxın günlərdə qardaş ölkənin Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınmış böyük parka da şəhid general Polad Həşimovun adı verilib.

16
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

0
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

0
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib