Akif Əmralının ilbiz təsərrüfatı

Qızıl qiymətinə olan delikates: Hamı yeyir dadlıdır deyir, biz əlindən dad çəkirik

276
(Yenilənib 00:29 22.06.2020)
Bəh-bəhlə yeyilməsinə baxmayaraq, hər zaman çətinliklə tapılan məhsuldur. Avropada ilbizin bir kiloqramı 3-4 min avro arasında dəyişir, bu da təxminən 6-8 min manat edir.

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Azərbaycanın ən qədim, ən dilbər güşələrindən biri olan Şamaxının adı çəkiləndə ilk ağla gələn rayonun tarixi, abidələri, ucsuz-bucaqsız üzüm bağları və heyvandarlıq təsərrüfatlarıdır. Lakin bu dəfə Şamaxını tam fərqli bir  təsərrüfat və sahibkarlıq sahəsi ilə tanıyacağıq. Məsələn, ilbiz təsərrüfatı ilə.

Ölkəmizdə ziyanverici hesab olunan, kimyəvi vasitələrdən istifadə edərək məhv edilən ilbizlər Avropada (həmçinin bir sıra Şərqi Asiya ölkələrində) restoranlarda ən qiymətli delikates kimi istifadə olunur. Məsələn, Fransada kübar cəmiyyət nümayəndələrinin ziyafətlərində ilbiz ekzotika sayılır. Bu yemək daha çox varlı insanların süfrələrində yer alır. Səbəb isə onun həddindən artıq bahalı olmasıdır.

© Sputnik / Ilham Ahmadov
Akif Əmralının ilbiz təsərrüfatı

Şamaxı rayon sakini Akif Əmralı fərdi həyətində İlbiz təsərrüfatı ilə məşğul olur. Sənəti diş həkimi olmasına baxmayaraq, fermer 20 ildən çoxdur ilbiz kürüsü satmaqla qazanc əldə edir. Müsahibimiz deyir ki, dünyada ilk dəfə ilbiz kürüsünün istehsalına 1987-ci ildə Fransada başlanılıb və 1989-cu ildə satışa çıxarılıb. Bundan sonra Akif Əmralı İlbizlərin toplanmasına, yetişdirilməsinə və satışına  qərar verib. 1997-ci ildə ilk məhsulunu yerli , 2017-ci ildə xarici bazara çıxaran fermer deyir ki, proteini yüksək, xolestorolu az olan, insana yüksək enerji verən ilbiz bir çox xalqlar tərəfindən yeyilir. Düzdür, bir çox Avropa və Şərq ölkələrində ilbiz geniş şəkildə yetişdirilsə də, dünyada ilbizə olan tələbatın 70 faizi ödənilmir.

© Sputnik / Ilham Ahmadov
Akif Əmralının ilbiz təsərrüfatı

Fermer deyir ki, məhsulu Avropa bazarına kütləvi şəkildə çıxarmağı arzu edir: “Lakin ilbizi kütləvi şəkildə Avropa bazarına çıxarmaq tək mənim imkanlarım çərçivəsində deyil. Bunu etmək üçün fabrik inşa edilməli, kütləvilik olmalıdır. İlbiz məhsulu Avropada elə də çox deyil. Bəh-bəhlə yeyilməsinə baxmayaraq, hər zaman çətinliklə tapılan məhsuldur. İlin bütün fəsillərində əldə ediləcək bir delikotes deyil. Avropada ilbizin bir kiloqramı 3-4 min avro arasında dəyişir, bu da bizim pulnan təxminən 6-8 min manat edir. Çox istərdim ki, gələcəkdə dövlət səviyyəsində kütləvi şəkildə ilbiz təsərrüfatı yaradılsın və beynəlxalq bazara çıxa bilək”.

© Sputnik / Ilham Ahmadov
Akif Əmralının ilbiz təsərrüfatı

Fermerin sözlərinə görə, yer üzərində 32 min ilbiz növü olsa da, tənək ilbizlərinin ətindən və kürüsündən istifadə etmək daha faydalıdır. Qidalanmada da delikates kimi istifadə olunan ilbizin təkcə özü yox, kürüsü də çox qiymətli qida və müalicə vasitəsi hesab olunur. Ondan tibdə yanıqların sağalması, eləcə də dəridəki çapıqların aradan qaldırılması üçün istifadə edilir. İlbiz bütün ginekoloji xəstəliklərdə, cinsi zəiflikdə, dərinin gözəlləşdirilməsində və immuniteti qaldırmağa kömək edir. Eyni zamanda müxtəlif dərman preparatlarının hazırlanmasında da geniş istifadə olunur. 6-7 il ömür sürən ilbizlər əsasən göy otlar, tərəvəz və meyvələrlə qidalanır. Kürülərinin götürülməsinə baxmayaraq ilbizlər sürətlə nəsil artıra bilir.

© Sputnik / Ilham Ahmadov
Akif Əmralının ilbiz təsərrüfatı

Təsərrüfat sahibi deyir ki, hər bir ilbiz normal halda 30-40 yumurta  verir, lakin yaxşı bəslənmə olsa 60-70  ədəd dənəcik yumurta almaq da mümkündür. İlbizlərin sayının artırılması və təsərrüfatın genişləndirilməsi məqsədi ilə tez- tez hesablama işləri aparılır. Hesablama zamanı əgər 1000 ilbiz saxlanılırsa, bir il müddətində bu sayı 60-70 minə çatdırmaq mümkündür ki, bu da çox böyük göstəricidir. İlbizlərin çoxalması da çox maraqlı prosesdir. Bu canlılarda erkək və ya dişi anlayışı yoxdur, ilbiz germofrasitdir, yəni bir biri ilə mayalanırlar. Çoxalmalarında heç bir problem olmur, adətən yaz və yay aylarında yumurta verməyə başlayırlar. Bu proses torpağın altında olur və iyirmi bir günün tamamında ilbiz balaları üzə çıxır.

Akif Əmralı deyir ki, kürü alacağı ilbizlərin 4-5 yaşı olduqda onlara xüsusi qulluq edir. İlbizlərin bu yaş dövründə məhsul daha da keyfiyyətli olur. İlbizlər torpaqda yaşadıqları, otlar, meyvələr və tərəvəzlərdən qidalandığına görə, bu sahəni kənd təsərrüfatına aid etmək mümkündür.

276
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, arxiv şəkli

Vüsal Qasımlı: "Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya zəmanət verəcək"

0
(Yenilənib 21:40 10.07.2020)
"Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb".

BAKI, 10 iyul — Sputnik. "İndi bank sektorunun qarşısında əsas çağırışlardan biri öz vəsaitlərini daha çox yerləşdirməkdir, başqa sözlə, kredit portfelini böyütməkdir". Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bankların müştərilərə verdikləri kreditlər pandemiya başlayandan - bu ilin fevralından aybaay azalır: "Bu ilin mart-may aylarında kredit portfeli 6,1 faiz azalaraq 14,4 milyard manata enib. Burada bankların lisenziyasının alınması da təsir göstərib. Hansı ki, bankların nağd vəsaitləri, Mərkəzi Bankda və başqa banklarda müxbir hesablardakı vəsaitləri, həmçinin qiymətli kağızlarının həcmi böyüyür. Pandemiyanın yaratdığı risklər və karantin rejimi bankların risk antipatiyasını artırır. Bu mənada dövlətin müdaxiləsinə ehtiyac yaranıb".

Vüsal Qasımlı bildirib ki, manatın sabitliyi, inflyasiyanın təkrəqəmli həddə nəzarətdə olması, əmanətlərin tam sığortalanması, problemli kreditlərin həlli və bəzi bankların sektordan uzaqlaşdırılması bu sahənin sağlamlığını qorumaq üçün baza tədbirləridir: "Sadalananlarla kifayətlənməyən dövlət bankların kredit portfelinin genişlənməsini dəstəkləyir".

Onun sözlərinə görə, pandemiyadan zərər çəkən sahibkarlara bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması problemli kreditlərin yaranmasının qarşısını alacaq: "Belə ki, sahibkarlar tərəfindən alınacaq yeni 500 milyon manatlıq kreditin 60 faizi - 300 milyon manatlıq hissəsi dövlət zəmanəti ilə təmin ediləcək. Yeni veriləcək kreditlərə görə zəmanət - Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına olacaq. Subsidiya yeni kreditlərə illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək".

"Eyni zamanda 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrdə sahibkarların kreditlərinə 10 faiz subsidiya təqdim olunacaq. Faiz dərəcəsi 10-dan aşağı olarsa, subsidiya kreditin faiz dərəcəsi həcmində verilir. Azərbaycanda orta kredit faizi və inflyasiyanı nəzərə alanda, bu yolla sahibkarlar üçün maliyyə vəsaitinin ucuzlaşması təmin olunur", – deyə o davam edib.

V.Qasımlının sözlərinə görə, mövcud 1 milyard manatlıq kredit portfeli üzrə faiz subsidiyaları, habelə yeni kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması, bütövlükdə 1,5 milyard manat kredit portfelinə dəstəkdir: "Bu isə ölkə üzrə hazırkı kredit portfelinin 10 faizindən daha çoxdur.

 Bundan başqa, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Mərkəzi Bankın maliyyə bazarlarına dəstək istiqamətində qəbul etdiyi proqram üzrə – requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, rəqəmsallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, maliyyə dayanıqlılığına dəstək istiqamətində icrası nəzərdə tutulan tədbirlər əks olunub. Maliyyə bazarları üzrə icrası nəzərdə tutulan tədbirlər-bank sektoru, sığorta bazarları və kapital bazarlarını əhatə edir".

Vüsal Qasımlı qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu, İnnovasiyalar Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Gənclər Fondu, Aqrolizinq, İpoteka və Kredit Zəmanət Fondu, "Maarifçi" Tələbə Kredit Fondu, Azərbaycan İnvestisiya Şirkəti və investisya təşviqi sənədi kimi mexanizmlərlə dövlət ucuz maliyyə vəsaitlərinə və aktivlərə çıxışı asanlaşdırır: "Bununla yanaşı, kreditlərin bazar faizi və iqtisadiyyatın məhsuldarlıq səviyyəsi arasında lazımi nisbətin qurulması üçün kompleks fəaliyyətlər davam etdirilir. Ən əsası odur ki, bank kreditləri iqtisadi artımı dəstəkləsin".

0
FTBA-nın baş infeksionisti, Piroqov adına RMTTU-nun infeksion xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Vladimir Nikiforov

Rusiyalı baş infeksionist: "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - MÜSAHİBƏ

244
(Yenilənib 21:33 10.07.2020)
Nikiforovun başçılıq etdiyi həkimlər briqadası bir sıra pandemiya xəstəxanalarına baş çəkərək azərbaycanlı həmkarlarına koronaviruslu xəstələrin müalicəsində tövsiyələrini verib

BAKI, 10 iyul — Sputnik, Zarina Orucəliyeva. Azərbaycan koronavirusla mübarizədə metodiki-təlim yardımı və respublikadakı situasiyanın dəyərləndirilməsi üçün Rusiya Federal Tibbi-Bioloji Agentliyinə (FTBA) müraciət edib. Həkimlərimizlə öz təcrübələrini bölüşmək üçün FTBA-nın baş infeksionisti, Piroqov adına Rusiya Milli Tibbi Tədqiqat Universitetinin (RMTTU) infeksion xəstəliklər və epidemiologiya kafedrasının müdiri, professor, tibb elmləri doktoru Vladimir Nikiforovun başçılığı ilə rusiyalı mütəxəssislər ölkəmizə təşrif buyurublar. 

Sputnik Azərbaycan-a müsahibəsində baş infeksionist bir sıra pandemiya xəstəxanalarında müşahidə etdiyi vəziyyətlə bölüşüb.

- Bizdə pandemiya xeyli əvvəl başladı və ona görə də təcrübəmiz daha çox oldu. Ümumiyyətlə isə demək olar ki, heç kimin təcrübəsi yoxdur. Sadəcə, bizdə o, bir qədər çoxdur – zamana, xəstələrə görə, çünki ölkəmiz özü də böyükdür. Hər şey isə sıfırdan başladı, üstəlik, xatirinizdədirsə, Çindən, ona görə də hər kəs üçün xəstəlik tamamilə yenidir. Heç kim indiyədək onu necə müalicə edəcəyini bilmir. Ancaq müalicənin bir neçə mümkün variantlarından açıq-aşkar səhv olanları istisna edilirdi. Son nəticədə biz əsas xəstə kontingentinin həyatını qurtarmaq üçün daha adekvat tədbirləri müəyyənləşdirə bildik. Biz bu xəstəliklə daha effektiv mübarizə aparmaq üçün tədbirlər kompleksi işləyib-hazırladıq.

Demək olmaz ki, biz ona qalib gəldik, amma istənilən halda, korononavirusdan artıq qorxmuruq və ondan nə gözləyəcəyimizi bilirik. Sizin həkimlərinizə gəldikdə isə  onlar da heç nə ilə geridə qalmırlar, sadəcə, təcrübələri bir qədər azdır, sizin xəstələriniz də bir qədər az, həkimlərinizin vaxtı dar idi. Onların da maraqlı tədbirləri ortaya çıxıb. 

Ümumi istiqamət düz götürülüb, biz öz azərbaycanlı həmkarlarımıza azacıq düzəlişlər verdik. Ümumilikdə isə epidemioloji proses adi qaydada gedir. Absolyut karantin yaratmaq mümkün deyil. Siz heç kimi evə tıxayıb qapılarını da lehimləyə bilməzsiniz – daha pis olacaq. Amma tamamilə buraxmaq da olmaz. Dərhal xəstəxanalarınıza axın artacaq, ölüm halları, özü də əsassız, çoxalacaq. Sizin səhiyyə sisteminiz boğulacaq. Ona görə də belə yumşaq variantı seçirik. Bu hətta heç karantin də deyil, belə desək, məhdudlaşdırıcı tədbirlərdir.

Yəni evdən bayıra süd və çörək almaq üçün çıxmaq olar. Bizdəki tədbirlər sizdəkindən də yumşaq idi. Bizdə metro işləyirdi. Məhdudlaşdırıcı tədbirlər xəstəliyin kütləvi yayılmasına, yəni birdən-birə minlərlə adamın yoluxmağına  imklan vermir. İnsanlar onsuz da tədricən xəstələnəcəklər və müalicə müəssisələri də sakit rejimdə çalışacaq.  Onsuz da xəstəxanalara pasiyentlər qəbul olunacaqkar və proses də uzanacaq.

- Siz yerli xəstələri müşahidə etmisiniz. Rusiyadakı və Azərbaycandakı xəstələr arasında hansısa kliniki fərqlər varmı?

- Yox-yox, Azərbaycanda və Rusiyada bu xəstəlikdə heç bir fərq yxdur. Hər şey tam eynidir – Çində də, Azərbaycanda da, İsraildə də, Rusiyada da. İnanın mənə. Eyni virusdur. Ola bilər ki, hansısa milli fərq olsun, amma biz belə bir şey görməmişik. Düzdür, virus mutasiyaya uğrayır, amma çox cüzi. Azərbaycanlıda da, moskvalıda da xəstəlik tamamilə eynidir. 

- Rusiya Səhiyyə Nazirliyi “Avifavir” dərmanını təsdiq etdi, onu bizim ölkəyə də tövsiyə edirsinizmi? Məlumdur ki, hələ ki Azərbaycan onun alınması üçün müraciət etməyib.

- Mən bilirəm ki, sizdə, burada həmin dərman necəsə peyda olub. Yəni onun qutularını da Azərbaycanda görən olub. Ancaq adi vaxtlardakı kimi situasiya indi olmayacaq. Burada sadə yolla irəliləmək lazımdır. Yəqin ki, sizin rəhbərlik də məhz belə hərəkət edir.

- Siz Azərbaycanda istifadə olunan preparatları daha güclüləri ilə dəyişdirdinizmi?

- Biz dar peşəyönümlü bəzi məsələləri sadəcə korrektə etdik. Onlar prinsipial deyildi. Yəni elə bir dərman yoxdur ki, siz ondan istifadə edəsiniz, Rusiyada isə onu qəbul etməsinlər – ümumi yanaşmalar var. Bax, məsələn, bütün dünyada bir qrup preparatdan imtina etdilər, siz də eyni şeyi təkrar etdiniz. 

- Son zamanlarda pasiyentləri xəstəliyin ağırlıq dərəcəsinə görə qruplara bölməyə başladılar, yəni əvvəllər yoluxanların hamısını xəstəxanaya yatırırdılarsa, indi elə deyil. Bu yeni təcrübəyə dair münasibətinizi bilmək istərdik.

- Siz, sadəcə, azacıq bizim səhvimizi təkrarladınız. Rusiyada da əvvəlcə ucdantutma hamını xəstəxanaya yerləşdirirdilər. Sonra anladılar ki, xəstəxanalar dolub-daşacaq. Xəstələrin səksən faizi koronavirusu yüngül keçirir. Yəni xəstəxanaya ağır xəstə gələndə görəcək ki, müalicə yatağında xəstəliyi yüngül keçirən  insan uzanıb, hansının ki, sadəcə yaxması müsbət nəticə verib və terapiyaya elə də ehtiyacı yoxdur. Ona görə də biz Rusiyada pnevmoniyası olmayan xəstələri evdə saxlayırıq. Yəniz bizdə yoluxanların əksəriyyəti evdə ambulator nəzarət altında qalır və xəstəxana çarpayısını tutmur. Siz də bu nəticəyə gəldiniz.

- Siz pandemiya xəstəxanalarımızda oldunuz. Necə fikirləşirsiniz, ağciyərləri süni havalandırma cihazları Azərbaycanda kifayət qədərdirmi?

- Kifayət qədərdir, özü də ən müasirlərindəndir. Azərbaycan onları vaxt itirmədən aldı. Sizə düzünü deyim: Moskvanın bəzi xəstəxanaları daha pis təchiz olunub. Əhali həmişə düşünür ki, onun üçün kifayət qədər işlər görülmür, nəsə gizlədilir. Bizdə də deyirdilər ki, Moskvada insanlar kütləvi surətdə qırılırlar, guya meyitləri zirzəmidə gizlədirlər. Amma belə bir şey yox idi. Biz də əhalinin bu narazılıqlarını, şayiələri görüb-eşitmişik.

Biz sizin xəstəxanalarınızda olmuşuq, orada boş reanimasiya çarpayıları var, yəni xəstəxanalar “tıxanmayıb”. Heç kim dəhlizlərdə uzanmayıb, heç kimi yer olmadığından qeydiyyat şöbəsindən geri qaytarmırlar. İş adi rejimdə, sakit davam edir. İndi kifayət qədər çox xəstə gələr, amma xüsusiləşdirilmiş xəstəxanalar tamamilə COVID-19 xəstələri üçün işləyir. Biz tibbi administrasiyanın adekvat reaksiyasını görürük. Mən şəraiti müsbət qiymətləndirirəm.

- Siz bəzi xəstələri də ziyarət etmisiniz. Onların arasında “Parni iz Baku” ŞHK komandasının üzvü Bəhram Bağırzadə də vardımı?

- Biz onu bu gün gördük. Belə deyək, xəstə insan haqda nə qədər yaxşı demək olarsa, bir elə gözəl vəziyyətdə idi. Onunla danışdıq, tamamilə adekvat idi. Perspektivdə onun həyatı üçün heç bir təhlükə görmürəm. Onu ağciyərləri süni havalandırma sistemindən ayırıblar. 

- Koronavirus nəticəsində ağciyərlərinin 90%-i zədələnmiş insan sağ qala bilərmi?

- Bilirsiniz, nə qədər maraqlı olsa da, bəli. İnsan nəhəng rezervlərə malikdir. Zədələnmə nə deməkdir? Bunu araşdırmaq lazımdır. Biri var, kompüterin çıxardığı şəkil. Bir də var, insanın daxilində gedən proses. Elə olub ki, 90%-li zədələnməsi olanları da o dünyadan qaytarmışıq. Əlbəttə, bu, pisdir, qarşısıalınmaz dəyişikliklər ola bilər. Ancaq 80-90% KT4 – artıq ölüm hökmüdür, heç müalicə etməyək, elə dərhal basdıraq demək olmaz. Təbii ki, müalicə baxımından bu, çox böyük problemdir, belə xəstələrin, təəsüf ki,  ölüm şansı yüksəkdir. Ancaq hətta ən ağır xəstələri, ən ağır variantları olanlari da uğurla süni nəfəs aparatlarından ayırırlar.  Amerikalılarda bu göstərici 12% təşkil edir. Sizdə isə həmin göstərici xeyli çoxdur – reanimasiya 50% sağqalma nümayiş etdirir. Xəstənin həyatı uğrunda sonadək mübarizə aparmaq lazımdır  və heç vaxt ondan əlini üzmək olmaz. 

- Necə bilirsiniz, 10 milyonluq əhali üçün 22 min xəstə çoxdur, yoxsa az?

- Mən statistik deyiləm, müalicə professoruyam. İşim müalicə etməkdir. Niyə bizdə, Rusiyada ölüm sayı belə azdır? Biz xeyli insanı test etdik, test olunanların 80%-i isə xəstəliyi əlamətsiz keçirənlərdir. Başqa ölkələrdə ancaq ağır xəstələri test edirlər, nəticədə də ölüm səviyyəsi yüksək alınır. Bilavasitə xəstəxanalarda nə qədər insanın öldüyünə diqqət yetirmək lazımdır, ancaq o zaman siz terapiyanın effektivliyindən danışa bilərsiniz. 

- Azərbaycanlı həkimlər rusiyalı həmkarlarından nəyi əxz eləsələr, yaxşı olardı?

- Heç bir qəti fərq yoxdur ki, biz mübahisə edək, deyək ki, azərbaycanlılar düzgün müalicə etmirlər, belə bir şey yoxdur, olmayıb. Sadəcə biz müalicəni daha əvvəl başlamağı məsləhət gördük. Azərbaycanlı həkimlər bir qədər gözləmə mövqeyində idilər, bizdə, Rusiyada isə metodika daha aqressivdir, yəni biz aqressiv terapiyanı daha erkən başlayırıq. Biz anladıq ki, ciddi terapiyanı erkən başlamaq daha yaxşıdır ki, sonra vaxt itirməyək. Köhnə həkimlər deyirdilər ki, “Asan xəstəlik hələ çətinə  dönməmişkən onun müalicəsinə başla”. 

- Vaksin barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, spesifik və qeyri-spesifik profilaktika mövcuddur. Hazırda vaksin yoxdur. Rusiyada, səhv etmirəmsə, 17, yaxud 20 vaksin növü hazırlanır.  Dünyada bunun sayı yüzdən çoxdur. Bizdə bir vaksin, demək olar ki, son mərhələ sınağından keçirilir. Ancaq istənilən halda bu, “nübar”dır. Yaxşı vaksin uzunmüddətli nəticə naminə çox ciddi və dəqiq yoxlanılmalıdır. O özü sizi öldürməməlidir, sizin üçün güclü immunitet yaratmalıdır. Məsələn, vaksin gələcək nəsildə hansısa nəticələrə səbəb ola bilər. Kliniki araşdırmaların vaxtını azaltmaq olmaz. Vaksinin boğaz heyvanlara hansı təsir göstərəcəyini yoxlamaq lazımdır, yəni görəsən ki, vaksin işləyirmi və doğulan nəsildə eybəcərlik, hansısa digər sapma varmı. İnsanda hamiləlik doqquz ay çəkir. COVID-19 isə cəmi bir neçə aydır ortaya çıxıb, heç 9 ayı olmayıb. Koronavirus daha öldürücü xassəyə malik çiçək xəstəliyi deyil. Ona görə də yoxlanmamış preparatla risk etməyə dəyməz. Mən qızılca, çiçək, difteriya kimi peyvəndlərin qatı tərəfdarıyam – onlar hamısı yoxlanmış, etibarlıdır. Vaksina, yəqin ki, peyda olacaq, amma tələsmək olmaz, hər şeyi yaxşıca götür-qoy etmək lazımdır. Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır. Amma nəhayətdə hamımız yoluxacağıq, kollektiv immunitet qazanacağıq, xəstəlik də itib gedəcək.

244
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Rusiya koronavirus vaksininin sınaqlarının yekun mərhələsinə başlayıb
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları
Vaksin yarışı: Çin ikinci koronavirus peyvəndini hazır etməyə tələsir
Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?
Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər

0
(Yenilənib 21:56 10.07.2020)
"Buna hazır olmaq lazımdır. Daha yaxşı olar ki, bu, tez olsun, virusun daha da yayılmasını gözləmək lazım deyil. Yanğın kiçik olanda söndürülməlidir", - Vuynoviç qeyd edib.

 

BAKI, 10 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç ölkənin koronavirusa görə yenidən məhdudlaşdırıcı tədbirlər görmək məcburiyyətində qalacağını istisna etməyib.

Sputnik Azərbaycan xəbər verir ki, Vuynoviç bu barədə RİA Novosti-yə verdiyi müsahibəsində danışıb.

"Fiziki məsafə salxanılmasa, yoluxma halları artmağa başlasa sadəcə başqa bir yol qalmayacaq", - Vuynoviç bir sıra ölkələrdə olduğu kimi Rusiyada da bəzi qadağaların geri qaytarılacağı riskinin olub-olmadığı sualına cavabında bildirib.

Onun sözlərinə görə, qadağaların qaytarılması ehtimalı dünyada koronavirusa qarşı peyvənd və ya dərman olmadığı müddətcə mövcud olacaq.

"Buna hazır olmaq lazımdır. Daha yaxşı olar ki, bu, tez olsun, virusun daha da yayılmasını gözləmək lazım deyil. Yanğın kiçik olanda söndürülməlidir", - Vuynoviç qeyd edib.

Son məlumatlara görə, Rusiyada COVID-19 xəstələrinin sayı sutka ərzində 6509 artaraq 707301 təşkil edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı