Bakı-Quba magistralında vəziyyət

Bakıya gələn əsas yollardan biri "cındırlı pirə" dönüb: Karantini fürsət biliblər - FOTO

889
(Yenilənib 00:04 13.06.2020)
Onların karantin günlərində Bakıya gəlməyə və geri qayıtmağa icazələri olsa da, hətta öz işlərini könülsüz yerinə yetirirlər. Çünki nəqliyyatdan qazandıqlarını maşının təmirinə xərcləməli olurlar

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 iyun — Sputnik. Dünyanın bir çox ölkələrini çətin vəziyyətdə qoyan koronavirus bəlası təkcə insanların sağlığına deyil, həm də iqtisadiyyat, turizm və başqa sahələrə ziyan vurub. Bu, yol istismar sahəsinə də təsirsiz ötüşməyib. Belə ki, karantin dövründə Bakı-Quba magistralında minik avtomobillərinin hərəkət etməli olduğu birinci zolaqdan ağır çəkili yük maşınları istifadə etdiyindən yol yararsız vəziyyətə düşüb. Onun heç əvvəlki halı da ürəkaçan olmayıb. Zaman–zaman təmir işləri aparılıb, qəzalı hissələrinə asfalt örtüyü çəkilib. Amma hazırkı vəziyyəti əvvəlki bərbad durumlarını qat-qat üstələyir.

Bununla bağlı Şabran sakini Taryel Əmrullazadə Sputnik Azərbaycan-a narazılığını bildirib: “Karantin zamanında işlə əlaqədar olaraq həftədə ən azı iki dəfə paytaxta gedirdim. Onsuz da bu yol son illərdə yararsız vəziyyətdə olub. Vaxtaşırı təmir olunsa da, həmin təmir olunan hissələr yük avtomobillərinin ağırlığı qarşısında davamsızdır. Heç olmazsa, əvvəllər bir çox yük maşınları ikinci, onlar üçün nəzərdə tutulan yolla hərəkət edirdilər. İndi minik avtomobillərinin azlığından istifadə edərək yolu yararsız vəziyyətə salıblar. Əvvəllər yol belə deyildi. Martın sonu-aprelin əvvəllərində yol artıq yararsız vəziyyətə düşdü”.

© Sputnik / Leyla Abdullayeva
Bakı-Quba magistralında vəziyyət

Daha bir iş adamı, Quba sakini Nəsib Eyvazov da deyilənlərlə həmfikir olduğunu söyləyib.

“Artıq Bakıya getmək istəmirəm. Çünki son bir ayda 5-6 dəfə avtomobilimi təmirə apardım. Yük maşınları Şabran rayonu ərazisindən Saray postuna qədər yolu yararsız vəziyyətə salıb. Minik avtomobillərinin az hərəkət etməsi ona dəlalət etmir ki, yolun birinci hissəsində “at oynadıb” yolu bu vəziyyətə salsınlar. Ən azından, vicdanla hərəkət etmək lazımdır. Ən pisi də odur ki, bu yük maşınları bu yolda yüklü halda hərəkət edib”, - Quba sakini narazılığını bildirib.

Siyəzən sakini Eyvaz Əliyev isə bu vəziyyətin Siyəzənin mərkəzi küçələrinə də təsirsiz ötüşmədiyini söylədi: “Yük maşınlarının Bakı-Quba magistralını sıradan çıxarması nəticəsində bir neçə problem yaranıb. Yolun yararsız vəziyyətinə görə bir çox minik avtomobilləri rayonumuzun içərisindən hərəkət edərək Beşbarmaq piri tərəfdən çıxıb yollarına davam edir. Bununla da rayonda avtomobil hərəkəti sıxlaşır və bəzən də təhlükəli vəziyyətlər yaranır. Son zamanlar bu yolun üzdən də olsa, təmiri olub. Amma iki aya yaxın zamanda yük avtomobilləri yolları bu vəziyyətə salıb".

© Sputnik / Leyla Abdullayeva
Bakı-Quba magistralında vəziyyət

Məsələ ilə bağlı "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. O, bu problemin onları da narahat etdiyini və qarşısını almaq üçün əllərindən gələni etməyə çalışdıqlarını söylədi: ”Ümumiyyətlə, ağır tonnajlı yük maşınlarına qarşı dəfələrlə tədbirlər görülüb. Həmçinin maarifləndirmə işləri də zaman-zaman aparılmasına baxmayaraq sürücülər maşınları normadan artıq yükləyirlər və bu da nəticədə yolun dağılmasına gətirib çıxarır. Belə vəziyyətlərdə yolun dağılması ilə yanaşı, hərəkətdə olan digər sürücülər üçün, əsasən də minik avtomobillərinə təhlükə yaradır.

Buna baxmayaraq, bizim yük maşınlarını saxlamaq və yaxud yoxlamaq kimi ixtiyarımız yoxdur. Bizə bu işdə Baş Polis İdarəsinin əməkdaşları köməklik göstərirlər. Polis əməkdaşları şübhəli bildikləri yük avtomobillərini saxladaraq, magistral yollarda xüsusi tərəzi nəzarət məntəqələrimizdə müvafiq olaraq tərəziyə yönəldirlər. Maşın normadan artıq yüklənilibsə, artıq yük boşaldılır və sürücü haqqında lazımi tədbirlər görülür".
© Sputnik / Leyla Abdullayeva
Bakı-Quba magistralında vəziyyət

“Ölkə ərazisində yük maşınları ən çox Bakı-Quba yolu ilə hərəkət edir. Həqiqətən də bu yolun tez-tez dağılmasına səbəb ağır tonlu yük maşınlarının hərəkət intensivliyidir. Bundan başqa, həmin yolun inşası zamanı nəzarətin zəif olması, müəyyən ərazilərdə drenaj xətti nəzərdə tutulmasına baxmayaraq inşa olunmaması da yolun tez sıradan çıxmasına səbəb olur. Biz çalışırıq ki, həmin ərazilərdə fasiləsiz olaraq təmir işləri aparılsın. Düzdür, ideal vəziyyət yarada bilməsək də, çalışırıq, normal gediş-gəliş təmin olunsun.

Ancaq sakinlərə xoş xəbərimiz də var: yaxın zamanlarda bu yolun problemli hissələrində əsaslı işlər görüləcək və yol yenidən təmir olunacaq”, - deyə A.Nəcəfli bildirib.

889
Əlaqədar
Bir neçə il də dözmək lazımdır, sonra küçələrdə rezin çəkməsiz gəzəcəksiniz
Yol böyüyündür, yoxsa böyürənin? - Korlanan mədəniyyət qırx manatla düzəlmir
Döyüş səngərlərinə bənzəyən yollar: Biri qazır, o biri isə...
Bu kənddə zaman çox namünasib vaxtda donub - FOTO
Elə bilirdik bu cəhənnəmdən qurtulmuşuq - Karantinin yumşalması ilə qayıdıb
Komendant saatı, arxiv şəkli

Komendant saatını pozan şəxslər cərimə ya həbs edilə bilərlər

50
(Yenilənib 19:39 29.09.2020)
Onu da qeyd edim ki, komendant saatı tətbiq edilən ərazilərdə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə tətbiq edilir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, komendant saatı tətbiq edilir. Ötən gün sosial şəbəkələrdə komendant saatını pozan şəxslərin cəbhə bölgələrinə aparılması barədə məlumatlar yer almışdı.

Hərbi ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, komendant saatını pozan şəxslər cəbhə bölgəsinə deyil, polis bölmələrinə aparılır və ya cərimə edilirlər: "Bəzi vətəndaşlar bunu normal qəbul edə bilmirlər. 1992-1993-cü illərdə olduğu kimi "oblava" kimi qiymətləndirirlər. Bu, səhv fikirdir. Bilirsiniz ki, qismən hərbi səfərbərlik elan edilib. Və cəbhə bölgələrinə ancaq hərbi vəzifəli şəxslər çağırılır. Komendant saatını pozan şəxslər qanunvericiliyə uyğun olaraq, müvafiq şəkildə cərimə edilirlər".

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə dünəndən hərbi rejimlə bağlı komendant saatı tətbiq edilib. Komendant saatını pozan şəxslərə xəbərdarlıq edilir, onlar cərimə edilə və ya həbs edilə bilərlər:

"İlk gün olduğu üçün vətəndaşlara komendat saatında, yəni saat 21.00-dan sonra küçədə, ictimai yerlərdə olduqlarına görə xəbərdarlıq edilə bilər və ya onlar 50 manat məbləğində cərimə edilə bilərlər. Əgər vətəndaş nəqliyyat vasitəsilə komendant saatını pozursa, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".

F.Həmidli qeyd edib ki, komendant saatında yığıncaq, mitinq, küçə yürüşü və s. kütləvi şəkildə toplaşmaq qadağandır və iştirakçı şəxslər olan fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər altı yüz manatdan doqquz yüz manatadək, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər.

"Onu da qeyd edim ki, komendant saatı tətbiq edilən ərazilərdə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə tətbiq edilir", - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, vətəndaşların icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılmasına, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsinə maneçilik törətməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində cərimə edilirlər.

Xatırladaq ki, sentyabrın 27-də Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub.

Bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və "icaze.e-gov.az" portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.

Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.

50
Teqlər:
həbs, cərimə, saat, komendant, hərbi vəziyyət
Əlaqədar
Azərbaycan Prezidenti hərbi vəziyyətlə bağlı Fərman imzaladı
TƏCİLİ: Azərbaycanda hərbi vəziyyət tətbiq olunur
Bakıda ictimai nəqliyyatın hərəkəti hərbi vəziyyətə uyğunlaşdırılır
Azərbaycan bayrağı, arxiv şəkli

Əməkdar artist cəbhəyə yola düşüb

130
(Yenilənib 19:35 29.09.2020)
Qeyd edək ki, Əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Əməkdar artisti, Heydər Əliyev Fondunun keçirdiyi Birinci muğam televiziya müsabiqəsinə qatılaraq 2-ci yerə layiq görülmüş tanınmış xanəndə İlkin Əhmədov cəbhəyə yola düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, xanəndə hazırda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edir. Əməkdar artist ruh yüksəkliyi ilə cəbhəyə yola düşdüyünü qeyd edib:

"Bu torpaqlar bizimdir. Bizim savaşımız haqlı savaşdır. Torpaqlarımızın bütövlüyü uğrunda hər şeyə hazırıq".

Qeyd edək ki, Əməkdar artist Prezident İlham Əliyevin çağırışından sonra döyüşmək üçün orduya yazılmışdı.

130
Teqlər:
əməkdar artist, erməni təxribatı, Azərbaycan ordusu, cəbhə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana və ordumuza dəstək gəldi
Hacı Zeynalabdin Tağıyevin nəvəsindən Azərbaycana dəstək
Flora Kərimovadan təsirli çıxış - "Axır ki, tanrının yadına düşdük"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Şimal axını-2 layihəsinin tikintisi

Amerika qazı Rusiya qazını əvəz edə biləcəkmi

0
(Yenilənib 20:53 29.09.2020)
ABŞ Avropaya öz maye qazını sataraq ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir

BAKI, 29 sentyabr — Sputnik, Aleksandr Sobko. Son zamanlar "Şimal Axını 2" layihəsinin tikintisinin tamamlanması ilə bağlı problemlərin fonunda kütləvi informasiya vasitələrində tez-tez belə bir fikir səslənir: "Rusiyadan tədarük olmasa, Avropa Amerikanın bahalı maye qazı üçün həddindən çox pul ödəyəcək". Bu tezisin tənqidçiləri gülərək iddia edirlər: “Baxın, Amerikanın həmin maye qazı Avropanın qaz birjasında digər ölkələrin qazı ilə eyni qiymətdə (indi isə, ümumiyyətlə, çox aşağı qiymətlərlə) satılır”.

Kim haqlıdır? Həyat, həmişə olduğu kimi sadə sxemlərdən ibarət deyil. Gəlin hər şeyi aydınlaşdıraq.

Əvvəla xatırladaq ki, "Şimal Axını 2" ümumiyyətlə Ukrayna tranzitinin çox hissəsini əvəz etmək üçün tikilir və gələcəkdə Rusiya qazının ixracında əhəmiyyətli artım gözləmək lazım deyil. Ukraynadan tranzit üçün dörd il müddətinə (ildə 40 milyard kubmetr) ödəniş edilib. "Şimal Axını 2" isə 55 milyard kubmetr gücə malik olacaq. Yəni, bu mərhələdə "Şimal Axını 2"nin tikintisinin həmişəlik və ya qeyri-müəyyən müddətə dayandırılması yalnız "Qazprom"un maliyyə itkilərinə gətirib çıxaracaq.

ABŞ tərəfinin "Şimal Axını 2" üçün çətinliklər yaradaraq öz maye qazına yeni bazar əldə etməyi planlaşdırdığına dair tezis o deməkdir ki, bloklanmış "Şimal Axını 2"nin ardınca Ukrayna tranzitinin özü də dayanmalıdır.

Mülahizə aparmağa davam edək. Bu, Amerikanın maye qazına kömək edəcəkmi?

Birincisi, istənilən halda qaz (və maye qaz) bahalaşacaq – bazardan çıxarılacaq 50 milyard kubmetr qaz dünya ticarəti üçün kifayət qədər əhəmiyyətli həcmdir. Daha yüksək birja qiymətləri isə qaçılmaz olaraq Amerika maye qazının satışında rentabelliyin artmasına gətirib çıxaracaq.

İkincisi və ən əsası. Burada xatırlatmaq lazımdır ki, ABŞ cari maye qaz ixracı çərçivəsində istənilən halda mayeləşdirmə üçün zəmanət haqqını alır. Treyderlər aşağı qlobal kotirovkalardan əziyyət çəkir. Yəni, Birləşmiş Ştatların artıq tikilmiş zavodlardan maye qazın satışını hansısa şəkildə stimullaşdırmağa ehtiyacı yoxdur.

Daha vacibi isə yeni layihələrdən gələn maye qaz üzrə müqavilə bağlamaqdır. İdxalçıların Amerikadan maye qazı almadıqları, lakin mayeləşdirmə üçün məcburi rüsum ödədikləri bir vəziyyətdə kimisə müqavilə bağlamağa razı salmaq çətin olacaq. Reallaşmayan layihələr isə hələ çoxdur. Avropa bazarı burada faydalı olardı.

Əslində haqqında danışdığımız ziddiyyət elə bundan yaranır. Bəli, hazırda Amerika maye qazı istənilən digər ölkələrdən göndərilən qaz həcmləri kimi Avropada həqiqətən də aşağı qiymətlərlə satılır. Bazarda böhran var, məhsulları isə haradasa satmaq lazımdır, zavodlar artıq tikilib və treyderlər "mayeləşdir, ya da ödə" şərti ilə satınalma müqavilələri bağlayıblar.

Digər tərəfdən də Avropa başa düşməlidir ki, ucuz Amerika qazı artıqdır və başqa bir şəraitdə bu qaz adətən daha gəlirli olan Asiya bazarlarına gedəcək. Zəmanətli qaz tədarükü istəyirsiniz? Onda uzunmüddətli müqavilə bağlayın və daha çox ödəyin.

Digər tədarüklə müqayisədə Amerika maye qazı nə qədər baha olacaq?

Burada qeyd etmək lazımdır ki, hazırda qaz qiymətinin üç əsas formalaşma variantı mövcuddur: (1) spot qiyməti, (2) neftə bağlı qiymət və (3) Amerika maye qazı üçün ABŞ daxilində qazın qiymətinə əsaslanan və mayeləşmə haqqı əlavə olunmaqla təyin olunan qiymət.

Hesab edilir ki, bazar normaya qayıtsa, qazın birja qiyməti min kubmetrə təxminən 200 dollar təşkil edəcək. Neftin bir barelinin 50 dollar olacağı halda neftə bağlı qaz qiyməti də təxminən belə olacaq.

Bəs Amerika maye qazı hansı qiymətə göndəriləcək?

Onun qiyməti ABŞ daxilində qazın (dəyişkən) qiymətindən, mayeləşmə xərclərindən və Avropaya çatdırılma qiymətindən asılıdır.

Əgər 2013-cü ilin əvvəlində Amerika maye qazı digər ölkələrin qaz tədarükdən daha ucuz görünürdüsə, indiki şəraitdə indi o baha başa gəlir (o vaxt neft və spot bazarında maye qaz daha bahalı idi).

Daha bir sual. Avropa niyə məhz Amerikanın maye qazını almalıdır? Niyə Qətərdən və ya Rusiyadan yox? Üstəlik yaxın zamanlarda Qətər qazının bir hissəsi birja qiymətləri ilə satıla bilər. Ümumiyyətlə, Avropa mümkün defisiti istənilən qazla əvəz edə bilər.

Yekunlaşdıraq.

Birincisi. Rusiya qazının Amerika maye qazı ilə əvəzlənməsi yalnız iki şərtin eyni vaxtda yerinə yetirilməsi halında mümkündür: "Şimal Axını 2" layihəsinin bağlanması və Ukrayna tranzitinin dayandırılması. Bu halda Rusiya ixracının məhdudlaşdırılması bütün qaz bazarında qiymətləri artıracaq.

İkincisi. İstənilən halda, Amerika maye qazı bazarda digər qazlardan 10-30 faiz baha və hətta bəlkə də eyni qiymətə olacaq — hər şey Amerikanın daxili qaz qiymətlərindən asılıdır. Lakin ABŞ-dan maye qaz tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqla Avropa ABŞ-ın daxili qaz qiymətləri ilə bağlı bütün riskləri öz üzərinə götürür.

Öz növbəsində indi Avropada gördüyümüz ucuz Amerika (və digər ölkələrin) maye qazı bazarda qazın artıqlığının nəticəsidir: treyderlər onu sataraq Amerikadan maye qaz satınalmaları üzrə müqavilələrdən dəyən zərəri ən azı qismən kompensasiya etməyə çalışırlar.

Və sonuncusu. Avropaya öz maye qazını sataraq, ABŞ ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir. Zavodların tikintisi təxminən dörd il çəkir və Ukrayna ilə qüvvədə olan tranzit müqaviləsi məhz bu vaxt bitəcək.

0