CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə qaydanı yaddan çıxartmaq vaxtıdır: Əmanətə xəyanət olmaması üçün yeni model gəlir

© AP Photo / John LocherБизнесмен, фото из архива
Бизнесмен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əmanətlərin sığortalanması ilə bağlı yeni modeldə könüllü sığorta prinsipi gətirilə bilər. Həmçinin mümkündür ki, vətəndaş əmanətdən əldə etdiyi gəlirlərinin bir hissəsini sığorta haqqı kimi Əmanətlərin Sığortalanması Fonduna köçürsün"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı yeni model hazırlanacaq. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Очередь в банке, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bağlanan bankların əmanətini qaytaracaq agent bank məlum olub

O, keçirdiyi mətbuat konfransında deyib: "Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru Tural Piriyev ilə artıq ikinci dəfədir ki, görüşürük. Düşünürük ki, əmanətlərin sığortalanması ilə bağlı yeni model hazırlayaq. Bu ilin sonunadək yeni modeli hazırlayıb təhvil verəcəyimizə inanırıq. Biz bu məsələdə yeni baxış ortaya qoymaq istəyirik".

Ekspertlər Sputnik Azərbaycan-a açıqlamasında əmanətlərin sığortalanması ilə bağlı yeni modelin hazırlanmasına münasibət bildiriblər.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dünyanın hər yerində icbari və könüllü sığorta var: "Bizdə hələlik əmanətlərin icbari sığortası həyata keçirilir. Cari ilin mart ayında əmanətlərin tam sığortalanması müddəti yenidən uzadıldı və bu müddət bu ilin dekabrın 4-də başa çatacaq. Ola bilər artıq gələn il üçün əmanətlərin tam sığortalanması müddəti yenidən uzadılmasın və birdəfəlik və qalıcı model təklif edilsin".

Onun sözlərinə görə, amma burada da seçim yenə əmanətlərin icbari və yaxud könüllü sığortalanması ilə bağlı olacaq: "Bizdə əmanətlərin könüllü sığortası ilə bağlı qadağa yoxdur, amma praktikada tətbiq olunmur. Yəni indiyədək praktikada bunun həyata keçirilmə mexanizmləri olmayıb. Ola bilər könüllü sığorta ilə bağlı təkliflər olacaq ki, vətəndaş könüllü şəkildə öz əmanətlərini sığortalaya bilsin. Digər bir təklif icbari sığorta ilə bağlı ola bilər. Əmanətlərin sığortalanması üzrə banklar Əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödəyir. Ola bilər vətəndaş da buna görə sığorta haqqı ödəsin. Yəni vətəndaş əmanət faizinin müəyyən bir hissəsini (məsələn, 1 faiz və ya 0,5 faiz) Əmanətlərin Sığortalanması Fonduna ödəsin".

"Əmanətlərin sığortalanması ilə bağlı yeni modeldə könüllü sığorta prinsipi gətirilə bilər. Həmçinin mümkündür ki, vətəndaş əmanətdən əldə etdiyi gəlirlərinin bir hissəsini sığorta haqqı kimi Əmanətlərin Sığortalanması Fonduna köçürsün",  – deyə o qeyd edib.

Onun fikrincə, əmanətlərə dövlət zəmanəti ilə verilən sığortanın yükü və yaxud da həcmi azala bilər: "Yəqin Mərkəzi Bank yükün bir hissəsini öz üzərindən atmağa çalışır. İndiyədək bağlanan bankların yükü Mərkəzi Bankın üzərinə düşüb. Ən azından gələcəkdə də banklarla bağı böhranlı vəziyyət yaranarsa, əmanətlərin qaytarılması üçün Mərkəzi Bank öz ehtiyatlarından vəsait ayırmağa məcbur qalacaq. Ona görə də ya könüllü, ya da ödənişli prinsip gətiriləcək. Ola bilər bunlar paralel olsun".

Купюра номиналом в  100 AZN, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Öhdəlik yerinə yetirilir: Bağlanan bankların əmanətçilərinə 47 milyon ödənildi  

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə əmanətlərin sığortalanması ilə bağlı müsbət təcrübə var: "Amma ilk növbədə dollarla yerləşdirilən əmanətlərin sığortalanmasından imtina etməliyik. Ancaq manatla olan əmanətlər sığortalanmalıdır. İkinci növbədə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin səmərəliliyini təmin etməliyik. Çünki təcrübə göstərir ki, Fond faktiki olaraq dövlətdən vəsait istəyir və bu vəsait hesabına bağlanan banklardakı əmanətlərin qaytarılmasında iştirak edir. Eyni zamanda valyuta bazarına ciddi nəzarət etməliyik və ölkədən valyuta axınının qarşısı alınmalıdır".

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən, Mərkəzi Bank ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib. Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.

Xatırladaq ki, hazırda əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Xəbər lenti
0