İmtahan, arxiv şəkli

Tələbə olmaq istəyənlər üçün mühüm xəbər gəldi - RƏSMİ

104
(Yenilənib 18:41 03.06.2020)
Ona görə də bir daha tövsiyə edilir ki, hər kəs kabineti özü yaratsın və tanımadığı insanlara bu cür xidmətlərdən istifadə üçün müraciət etməsin.

BAKI, 3 iyun - Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri və regionlarda yerləşən inzibati binalarında yalnız əvvəlcədən götürülmüş onlayn növbə əsasında vətəndaşların qəbulu həyata keçirilir.

DİM-dən verilən məlumata görə, vətəndaşların qəbulu şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir: "Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur. Son günlər vətəndaş qəbulu mərkəzlərinə edilən müraciətlərin statistikasına baxsaq “Şəxsi kabinet”lərinin parollarını itirənlərin sayının çox olduğunu müşahidə edə bilərik.

“Şəxsi kabinet” yaradılan zaman parol vətəndaşın özü tərəfindən müəyyən edilir və bu məlumatların qorunub saxlanılması, itirilməməsi üçün həmin şəxs özü məsuliyyət daşıyır. İtirilmiş parolun bərpa edilməsi üçün DİM elektron xidmət təqdim etsə də, “Şəxsi kabinet” yaradılan zaman orada qeyd edilməli məlumatların natamamlığına görə insanlar bu xidmətdən yararlana bilmirlər.

Ona görə də bir daha tövsiyə edilir ki, hər kəs kabineti özü yaratsın və tanımadığı insanlara bu cür xidmətlərdən istifadə üçün müraciət etməsin. Bu tip müraciətlərin çoxluğu hazırda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu üçün yaradılmış komissiyaların da fəaliyyətinə mənfi təsir göstərir. Ərizələrini SQK-da təsdiq etdirməli olan insanlar vaxtında bu prosesi həyata keçirə bilmirlər. Bununla əlaqədar SQK-ların fəaliyyət müddətinin uzadılması zərurəti meydana gəlib və ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyun ayının 9-dək uzadılıb (SQK-lar şənbə və bazar günləri fəaliyyət göstərmir).

Məlumatda bildirilir ki, ərizə qəbulunun bitməsinə bir neçə gün qalsa da, I-IV ixtisas qrupları üzrə sənəd verənlərin siyahısı ötən il ilə müqayisədə bu il daha çoxdur. Belə ki, ötən il qeyd olunan ixtisas qrupları üzrə 67837 abituriyent, bu il isə artıq 68527 abituriyent ərizəsini təsdiq edib: "Digər bir müraciətimiz 6 və ya 7 iyun 2020-ci il tarixlərində imtahan verən abituriyentlər, şagirdlərlə əlaqəlidir. Bu həftəsonu imtahanda iştirak etməli olan şəxslər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər".

3 iyun saat 17:00-a olan məlumata əsasən qeyd olunan tarixlərdə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanı verənlərin 97%-i, Azərbaycan dili imtahanı verənlərin 51%-i, 9‑cu sinif təhsil bazasından kolleclərə qəbul olmaq istəyənlərin isə 86%-i Mərkəzin saytında yerləşdirilən “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni çap edib.

Abituriyentlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (bina haqqında məlumat buraxılış vərəqəsində göstərilib), özü ilə şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni gətirməlidirlər. Sağlamlıq haqqında bəyannamə buraxılış vərəqəsi ilə bir yerdə çap edilir və abituriyentin özü tərəfindən imzalanır".

104

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

1214
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

1214
Buzovnada çimərlik, arxiv şəkli

Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər

608
Psixoloq bildirir ki, karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması insanlarda müəyyən narahatlıqlar yaradıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Hər il mövsümi olaraq payız aylarında insanlar müəyyən depressiya yaşayırlar. Mütəxəssislər bunu “payız depressiyası” adlandırırlar. Kimdəsə bu depressiya özünü daha sərt, kimdəsə daha yumşaq formada biruzə verir.

Bu ilin payızında isə depressiyanın daha kəskin olacağı proqnozlaşdırılır. Bunun da əsas səbəbi məhz sərt karantin qaydaları, insanları yayda belə, dincəlmədən evdə keçirməsi, qayğılarının daha da artması ilə izah olunur.

Mövcud pandemiya şəraitinin payızda depressiyaya səbəb olmaması nə edilməlidir?

Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, daha çox payızda karantin rejiminin hansı formada davam etməsindən asılı olacaq: "Ona görə də hələlik bununla bağlı proqnoz vermək, payızda depressiya artacaq demək tələskənlik olardı. Çünki sentyabrda dərslərin açılması, bundan sonra iş yerlərinin də qismən bərpası insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər. Buna görə də, düşünürəm ki, biz hələlik payıza yox, bu günə hazırlaşsaq daha yaxşı nəticələr əldə etmiş olarıq. Yəni, karantin qaydalarına əməl etsək, qaydaları pozmasaq, maska taxıb sosial məsafəni gözləsək, gigiyenik qaydalara əməl etsək, bütün bunlar da karantin rejiminin yumşalmasına köklənə bilər".

"Biz bu il nə yazı, nə də yayı normal hiss etdik. Lakin mövcud vəziyyət payızda da davam edərsə, bu bir çox psixoloji problemlərin yaranmasına rəvac verə bilər. Psixoloji problem dedikdə, yalnız depressiya nəzərdə tutulmamalıdır. Bura təşviş, aqressiya və bir çox psixoloji problemləri də əlavə edə bilərik. Karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması onsuz da insanlarda müəyyən narahatlıqlar yaradıb. Çünki ötən ilin yayı ilə bu ilin yayını müqayisə etdikdə həyatımızda nə qədər dəyişikliklərin olduğunu görə bilərik. Ötən il insanların hamısı dincəlmək üçün harasa üz tutmasalar da,  ən azı istədikləri vaxtda evdən çıxa bilirdilər. İnsanlar rahatlıqla həyətə düşə, parka gedə bilirdilər. İnsanların bir azadlıqları var idi, bu gün isə o azadlıq məhdudlaşdırılıb", - deyə psixoloq əlavə edib.

O bildirib ki, insanlar asanlıqla yeni davranış modelinə uyğunlaşmış olsaydılar, bəlkə də karantin qaydaları bu qədər sərt olmazdı: "Bir toplum olaraq yeni davranış modelini bu rejimdə qəbul etməkdə çətinlik çəkdik. Çünki biz əl verib görüşməyə, sosial məsafə gözləməməyə öyrəşmişdik. Düşünürəm ki, bu gün hökumət payızdan daha çox bu günə köklənib yoluxanların sayının azalması, sağalanların sayının artmasına nail olmağı hədəfləyib. Yəni, bu gün hökumət payızdan daha əvvəl iyul və avqustda vəziyyəti nəzarətə almağı hədəfləyib".

608
Marketdə monitorinq, arxiv şəkli

Monitorinq keçirilmiş sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

0
(Yenilənib 08:36 15.07.2020)
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir.

BAKI, 15 iyul — Sputnik. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

"Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır", - deyə nazirlikdən bildirilib.

0