Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

139
Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib

BAKI, 29 may — Sputnik. Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınıb. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Bununla yanaşı, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

● ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

139
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (434)

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

68
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

68
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

22
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

22