Bakı sakinləri şəhərin mərkəzində, arxiv şəkli

30 qəpiklik maskaya 100 manat ödəmək istəmirsiniz?

123
(Yenilənib 16:59 29.05.2020)
Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir

BAKI, 29 may — Sputnik. Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.

Sputnik Azərbaycan bildirir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

- açıq sahəli ofislərdə və istehsalat yerlərində;

-  tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

123
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (446)
Əlaqədar
Polis prezidenti... bağlı restoranda tapdı
Böyük karantin: Pandemiya münasibətlərə necə təsir edib?
Millət vəkilinin fikrincə, karantin qaydalarının pozumasına görə cəzalar sərtləşməlidir
Baş nazir karantin rejimi elan edib dostları ilə piknikə getdi
Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı
Qaz plitəsi, arxiv şəkli

Dəm qazı kabusu: Bacalarınız doludursa, dövlətdən imdad gözləməyin

2
(Yenilənib 01:08 25.02.2021)
"Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Az qala hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Hər il qış mövsümündə xeyli sayda insan məhz dəm qazının qurbanı olaraq həyatını itirir. Dəm qazından boğulub dünyasını dəyişənlərin ayrıca statistikası aparılmasa da, bu rəqəmin kifayət qədər böyük olduğunu mətbuatda yayılan xəbərlər də təsdiqləyir. Daha 5 nəfər iki gün əvvəl dəm qazından boğularaq ölüb. Sputnik Azərbaycan dəm qazından boğulmaların səbəbini araşdırıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvar ayında dəm qazından zəhərlənmə ilə bağlı 42 müraciət olub. Onlardan 36-sı xəstəxanaya qəbul edilib:

"Fevral ayında bu günədək 16 müraciət daxil olub. Onlardan 12 nəfər xəstəxanaya qəbul olub. Həmin şəxslər arasında iki azyaşlı da var. Amma dəm qazından zəhərlənmə ilə bağlı bizə müraciət edənlər arasında ölüm halı olmayıb".

A.Maqsudov bildirib ki, dəm qazından boğulmalara daha çox hamam otaqlarında rast gəlinir. Amma şöbə müdiri mənzillərdə də dəm qazı zəhərlənmələrinə rast gəlindiyini söyləyir. A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə bağlı zəhərlənmələrə səbəb qaz cihazının təmiz havaya çıxışı olmamasıdır:

"Dəm qazı o zaman yaranır ki, qaz yanarkən ayrılan tüstünü içəri verir. İnsan yuxulu vəziyyətdə olanda dəm qazını qətiyyən hiss etmir. Ona görə də harada qazla cihaz işləyirsə, mütləq nəzarət altında olmalıdır. Əgər hamamda qaz cihazı varsa, nəfəslik mütləq açıq olmalıdır. Su qızdırıcı cihazlar hamam otağında quraşdırılmamalıdır. Hamamda nəfəslik olmalıdır".

A.Maqsudov bildirir ki, dəm qazından zəhərlənən insanlara təcili yardımı yerində göstərmək ölüm riskini azaldır: "Dəm qazından zəhərlənən şəxs öncə havaya çıxardılmalıdır. Huşunu itirməyibsə, dərhal yorğana bükülməlidir. Çünki həmin an bədənin temperaturu kəskin aşağı düşür. Sonra isti maye vermək lazımdır. Əgər dəm qazından zəhərlənən şəxs huşunu itiribsə, bu zaman onu açıq havaya çıxartmaqla yanaşı, ağzındakı seliyi təmizləmək lazımdır ki, boğulmasın. İlk tibbi yardımlar bunlardır. Amma istənilən halda dəm qazından zəhərlənən şəxs üçün hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım çağırmaq şərtdir".

Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qış aylarında dəm qazından boğulmalarda bütün məsuliyyət vətəndaşların üzərinə atılsa da, bu, yanlışdır:

"Düzdür, insanlar qazdan təhlükəsiz istfadəyə etinasızlıq edirlər. Amma vətəndaşların qazla işləyən cihazlarına texniki baxış keçirilməlidir. Nəzərə almaq lazımdır ki, soyuq günlərdə qazdan istifadə artır. Cihazda yanma prosesi düzgün getmədiyi zaman isə dəm qazı yaranma riski böyükdür. Qaz yandıqda dəm qazı ayrılır. Dəm qazı bayıra xaric olmadığından evdə insanı zəhərləyir. Dəm qazının bayıra xaric olması üçün mütləq boru xəttinin keçdiyi tüstü bacaları təmiz olmalıdır".

N.İbrahimovun sözlərinə görə, dəm qazından boğulmaların əsasən hamamda baş vermə səbəbi qazla işləyən cihazların hamama qoyulmasıdır: "1,5 kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Çox vətəndaşlar kombini qutuların içinə qoyurlar. Dəfələrlə maarifləndirmə apararaq bildirmişik ki, qazdan yanarkən ayrılan tüstünün bayıra çıxışı olmalıdır. Çox vaxt insanlar ev, hamam isti olsun deyə hamamlarda qapının altındakı deşikləri və nəfəslikləri bağlayırlar. Bu da nəticədə içəridə dəm qazının yaranmasına səbəb olur".

Həmsöhbətimiz deyir ki, yaşayış binalarında sovet dövründə tüstü bacalarını Daxili İşlər Nazirliyinin nəzdindəki  yanğından mühafizə könüllü cəmiyyət təmizləyirmiş:

"Sonra bu səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətinin balansındakı Mənzil İstismar Departamentinə verildi. İndi isə bu işlə hansı qurum məşğul olur, bilinmir".

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, artıq tüstü bacalarının təmizlənməsinə MİS-lər baxmır: "Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir. Bunun üçün özəl xidmət qurumları fəaliyyət göstərir. Mənzil İstismar Sahələri vətəndaşları o şirkətlərlə əlaqələndirə bilər".

Apardığımız araşdırma zamanı tüstü bacalarının təmizlənməsi ilə məşğul olan özəl şirkətlərlə əlaqə saxladıq. "Fire Alarm" şirkətindən bildirdilər ki, bu xidmətin qiyməti binaya yerində baxış keçirildikdən sonra müştəriyə deyilir: "Tüstü bacalarının təmizlənmə qiyməti binanın mərtəbəsindən, mənzilin hansı mərtəbədə yerləşməsindən və tüstü bacalarının qonşuların bacası ilə əlaqəsi olub-olmamasından asılıdır. Yerində baxış üçün qiymət 20 manatdan başlayır. Əgər bacanın qonşularla əlaqəsi varsa, digər qonşular da tüstü bacasını təmizlətməlidir. Bunun qiyməti isə mənzillərin sayı, tüstü bacasına qoşulmalara görə dəyişir".

2
Lourens Ferlinqetti, arxiv şəkli

Dünyanın ən qocaman şairi vəfat edib

6
(Yenilənib 22:41 24.02.2021)
Otuzdan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

BAKI, 24 fevral — Sputnik. Amerikalı şair Lourens Ferlinqetti vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 101 yaşlı şair San-Fransiskodakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ferlinqetti 1919-cu ildə Nyu-Yorkda anadan olub. Xalası tərəfindən böyüdülən şairin atası dünyaya gəlmədən ölüb. Anası isə psixiatriya xəstəxanasına göndərilib. Ferlinqetti yeddi yaşında olanda varlı bir ailədə qubernator işləyən xalası onu işə götürənlərin yanında qoyub qaçıb. Çətin uşaqlıq illərinə baxmayaraq Ferlinqetti təhsil alıb və 1941-ci ildə jurnalist kimi fəaliyyət göstərib. Daha sonra isə Donanmaya könüllü olub.

30-dan çox poeziya məcmuəsinin müəllifi olan mərhum şairin adını daşıyan "City Lights" kitab mağazası 1953-cü ildən bəri yaşadığı evlə eyni binada yerləşir.

6