Yorğun qadın, arxiv şəkli

Bu təşəbbüsün heç adını da tutmayın - uşağınızın tərbiyəsi olacaq, sağlamlığı

77
(Yenilənib 02:41 26.05.2020)
"Azyaşlıların bütün günü kompüterin, planşetin qarşısında oturması arzuolunan deyil. Bu, vərdiş halını ala və gələcəkdə belə zərərli alışqanlıq uşaq üçün adiləşə bilər" - Kamran Əsədov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Paytaxtda olan uşaq bağçalarının açılması hələ gözlənilmir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mütəxəssislər nə qərar qəbul etsələr, həmin qərar ictimaiyyətə açıqlanacaq. E.Əzizov bildirib ki, yaxın gələcək üçün uşaq bağçalarının açılması gözlənilmir.

Mütəxəssislərin fikrincə, uşaq bağçalarının açılmaması valideynlərin işini çətinləşdirməklə yanaşı, qavrama qabiliyyətinin inkişaf dövründə olan uşaqlara pis təsir edəcək. Uşaqların bağça təhsilindən uzaq düşməsi onların məktəbə gedərkən çətinliklərlə qarşılaşmasına səbəb olacaq. Belə bir dövrdə virtual bağça anlayışı gündəmə gəlib. Virtual bağça yaradıla bilərmi? Yaradılarsa, nə dərəcə effektli ola bilər?

Psixoloq Zeynəb Eyyubova hesab edir ki, karantin dönəmi daha çox bağçaya gedən, günlərinin çox hissəsi bağçada keçən 1-6 yaşlı uşaqlara təsir edir. Çünki bu uşaqların artıq bağça həyatında qurulmuş bir nizamı vardı: "Uşaq hər gün bağçaya gedirdi, yemək vaxtı, oyun vaxtı - hər bir prosesin vaxtı vardı. Bağçalarda uşaqlar üçün hər bir sahədə şərait yaradılırdı. Valideyn istəsə belə, uşaq üçün bağçadakı şəraiti yarada bilməz. Bu səbəbdən də ən çox təsir elə bu uşaqlara oldu".

Psixoloq bildirib ki, 1-6 yaşlı uşaqlarla onlayn sistemlə işləmək alınmır.

Bu zaman uşaqla işləmək üçün valideyn vasitəsilə, valideynlə işləmək lazım gəlir. Valideynin isə buna vaxtı olmur. 

"Əgər virtual sistem yaradılsa, müəllimlər valideynlə danışmalıdırlar. Çünki 3-5 yaşlı uşağı kompüter qarşısına gətirib, onun diqqətini bir yerə cəmləmək mümkün deyil. Sadəcə, bağçanın sosial hesabında valideynlər üçün gündəlik məşğələlər qoymaq olar. Bunu da hər bir valideyn edə bilmir. Elə valideyn var ki, gündə uşağına heç yarım saat vaxt ayıra bilmir", - deyən psixoloq vurğulayıb ki, bağça sistemində virtuallıq işə yaramayacaq.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, hal-hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. 

Uşaq bağçası, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic
Danılmaz faktdır ki, bağçalar körpələrin təlim-tərbiyəsində mühüm rol oynayır: "Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyürlər. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətlərilə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüf ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75% də bağçalara cəlb olunsun".

Ekspert vurğulayıb ki, dünya təcrübəsindən Amerikada bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür.

"Martın 3-dən etibarən isə ümumiyyətlə uşaq bağçaları fəaliyyətini dayandırdı və bu, azyaşlılara mənfi təsir göstərməyə başladı. Orta və ali təhsildən fərqli olaraq uşaq bağçalarının onlayn fəaliyyət göstərməsi arzuolunan deyil. Çünki bu pillədə təhsil o qədər də önəmli deyil. Və bağçanın onlayn fəaliyyət göstərməsi azyaşlılarda fiziki problemlər ortaya çıxara bilər. Belə ki, kompüter, planşet arxasında oturma onlarda onurğa əyriliyinə, skolioz xəstəliyinə, görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, digər tərəfdən isə internet imkanları olmayan uşaqlar bu prosesdən kənarda qalacaqlar.

K.Əsədov hesab edir ki, bağçalar onlayn fəaliyyəti fərqli istiqamətdə göstərməlidir. Belə ki, onlar hər bir uşaq üçün fərdi gündəlik fəaliyyət planı hazırlamalı, tapşırıqlar verməli və bunun valideyn tərəfindən həyata keçirilməsini təmin etməlidirlər.

"Gündəlik tapşırıqlar yerinə yetirilən zaman isə valideyn bunu videoya çəkib müəlimə göndərə bilər. Azyaşlıların bütün günü kompüterin, planşetin qarşısında oturması arzuolunan deyil. Bu, vərdiş halını ala bilər və gələcəkdə belə zərərli alışqanlıq uşaq üçün adiləşə bilər. Bəzi hallarda onlayn dərslər zamanı bir çox uşaq eyni anda platformaya qoşulduğu üçün səs yüksəlir və effektivlik aşağı düşür", - deyə ekspert bildirib.

77
Əlaqədar
Məktəb, koronavirus və D vitamini - "Təhlükə qala-qala tədris bərpa olunmayacaq"
Tədrisdə ciddi problem yaranıb: Belə getsə, nə müəllim qazanacaq, nə nəticə olacaq
Real olmasa da, məktəb: Şagirdlər hər gün dərsə necə "gedirlər"
Hamı öz dərdinin hayındadır, onlar yaddan çıxıb – Uşaq evləri, sığınacaqlar necə qorunur
Uşaq bağçalarının açılmasına aydınlıq gətirildi

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

1215
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

1215
Buzovnada çimərlik, arxiv şəkli

Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər

621
Psixoloq bildirir ki, karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması insanlarda müəyyən narahatlıqlar yaradıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Hər il mövsümi olaraq payız aylarında insanlar müəyyən depressiya yaşayırlar. Mütəxəssislər bunu “payız depressiyası” adlandırırlar. Kimdəsə bu depressiya özünü daha sərt, kimdəsə daha yumşaq formada biruzə verir.

Bu ilin payızında isə depressiyanın daha kəskin olacağı proqnozlaşdırılır. Bunun da əsas səbəbi məhz sərt karantin qaydaları, insanları yayda belə, dincəlmədən evdə keçirməsi, qayğılarının daha da artması ilə izah olunur.

Mövcud pandemiya şəraitinin payızda depressiyaya səbəb olmaması nə edilməlidir?

Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, daha çox payızda karantin rejiminin hansı formada davam etməsindən asılı olacaq: "Ona görə də hələlik bununla bağlı proqnoz vermək, payızda depressiya artacaq demək tələskənlik olardı. Çünki sentyabrda dərslərin açılması, bundan sonra iş yerlərinin də qismən bərpası insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər. Buna görə də, düşünürəm ki, biz hələlik payıza yox, bu günə hazırlaşsaq daha yaxşı nəticələr əldə etmiş olarıq. Yəni, karantin qaydalarına əməl etsək, qaydaları pozmasaq, maska taxıb sosial məsafəni gözləsək, gigiyenik qaydalara əməl etsək, bütün bunlar da karantin rejiminin yumşalmasına köklənə bilər".

"Biz bu il nə yazı, nə də yayı normal hiss etdik. Lakin mövcud vəziyyət payızda da davam edərsə, bu bir çox psixoloji problemlərin yaranmasına rəvac verə bilər. Psixoloji problem dedikdə, yalnız depressiya nəzərdə tutulmamalıdır. Bura təşviş, aqressiya və bir çox psixoloji problemləri də əlavə edə bilərik. Karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması onsuz da insanlarda müəyyən narahatlıqlar yaradıb. Çünki ötən ilin yayı ilə bu ilin yayını müqayisə etdikdə həyatımızda nə qədər dəyişikliklərin olduğunu görə bilərik. Ötən il insanların hamısı dincəlmək üçün harasa üz tutmasalar da,  ən azı istədikləri vaxtda evdən çıxa bilirdilər. İnsanlar rahatlıqla həyətə düşə, parka gedə bilirdilər. İnsanların bir azadlıqları var idi, bu gün isə o azadlıq məhdudlaşdırılıb", - deyə psixoloq əlavə edib.

O bildirib ki, insanlar asanlıqla yeni davranış modelinə uyğunlaşmış olsaydılar, bəlkə də karantin qaydaları bu qədər sərt olmazdı: "Bir toplum olaraq yeni davranış modelini bu rejimdə qəbul etməkdə çətinlik çəkdik. Çünki biz əl verib görüşməyə, sosial məsafə gözləməməyə öyrəşmişdik. Düşünürəm ki, bu gün hökumət payızdan daha çox bu günə köklənib yoluxanların sayının azalması, sağalanların sayının artmasına nail olmağı hədəfləyib. Yəni, bu gün hökumət payızdan daha əvvəl iyul və avqustda vəziyyəti nəzarətə almağı hədəfləyib".

621
Marketdə monitorinq, arxiv şəkli

Monitorinq keçirilmiş sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

0
(Yenilənib 08:36 15.07.2020)
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir.

BAKI, 15 iyul — Sputnik. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

"Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır", - deyə nazirlikdən bildirilib.

0