CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişilərin gözəllik tarixi buradan başlayır - FOTO

© Sputnik / Nigar IskanderovaSalman İsmayılovun alətləri
Salman İsmayılovun alətləri  - Sputnik Azərbaycan
Abunə olmaq
"Ötən il Rusiya telekanallarının birindən müxbir gəlmişdi. Dedi ki, çəkiliş üçün saçını o dövrə aid alətlərlə qırxım. Həmin müxbirin başını 220 yaşlı qayçı, 70 yaşlı "maşinka" ilə qırxdım, 100 yaşlı daraqla daradım"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 may — Sputnik. Hər bir sənətin öz tarixi, inkişaf yolu var. Qədim sənət növlərindən biri də bərbərlikdir. Artıq 10 ildir ki, azərbaycanlı bərbər Salman İsmayılov bu sənətin tarixini araşdırmaqla məşğuldur. 22 yaşından və 22 ildir ki, bərbərliklə məşğul olan Salman İsmayılov sənətə sevərək gəlməyib. Sputnik Azərbaycan illərdir bu tarixi araşdıran, böyük kolleksiya yığan bərbərlə həmsöhbət olub.

S.İsmayılov deyir ki, öncə fotoqraf təhsili alıb, bir müddət fotoqraf kimi çalışsa da, sonradan qardaşının təkidi ilə bu sənətə gəlib: "On iki yaşımdan ağ-qara şəkillər üzrə fotoqraf olmuşam, sonradan peşə təhsili də almışam. O zamanlar öz peşəm üzrə işləmək istəyirdim. Amma təəssüf ki, dövr çox çətin olduğundan fotoqrafiya sənəti ölmüşdü. O zamanlar tanınmış fotoqraflar Şaxta Baba geyimi geyərək bulvara çıxırdılar. 12 yaşımda atamın bir ayın maaşını xərcləyərək mənə o dövrün ən bahalı fotoaparatını almasına baxmayaraq, artıq mənim bu sənətdə qalıb davam etməyimin heç bir mənası yox idi. Beləcə, 1994-cü ildə hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra bu peşə ilə məşğul olmağa başladım".

© Sputnik / Nigar IskanderovaSalman İsmayılov
Kişilərin gözəllik tarixi buradan başlayır - FOTO - Sputnik Azərbaycan
Salman İsmayılov

"Amma desəm ki, bu sənətə sevgi ilə gəlmişəm, yalan olar. Bir gün qardaşım gəlib dedi ki, dostumla danışmışam, bərbər olacaqsan. Beləcə, bu sənəti oxuyub, öyrənərək bərbərliyə başladım. Ustadım İltifat adlı bərbər olmuşdu.

Öncələr bu peşəyə çox sadə baxırdım. Üz-saç qırxıb pulumu qazanırdım. Amma zamanla sənətin dərinliyinə vardım, gördüm ki, bu, elm, tarixdir. Onun tarixini araşdırdım və getdikcə bu sənəti sevməyə başladım. Tarix isə bizə bərbərlərin hər zaman hörmətli şəxslər olduğunu, tayfa başçılarının yanında böyük hörmətə sahib olduğunu deyir. Bərbərlər həm də tarix boyu şamançılıq, cadugərliklə də məşğul olublar", - deyə o əlavə edib.

"Bu sənət bizim eradan 5 min il qabaq yaranıb, - deyən usta kolleksiyasından da söz açıb. - Atam sovet dövründə, o çətin illərdə bizim başımızı mexaniki saçqırxanla qırxırdı. Bu alətlə saç qırxmaq böyük zəhmət tələb edirdi. Sonradan atam bu aləti mənə hədiyyə etdi. O, kolleksiyamın ilk "eksponatı" oldu".

© Sputnik / Nigar IskanderovaAtasının hədiyyə etdiyi mexaniki əl maşını - Ötən əsrin əvvəllərinə aiddir
Kişilərin gözəllik tarixi buradan başlayır - FOTO - Sputnik Azərbaycan
Atasının hədiyyə etdiyi mexaniki əl maşını - Ötən əsrin əvvəllərinə aiddir

Onun sözlərinə görə, atasının hədiyyə etdiyi bu alətin yaşı ötən əsrin əvvəllərinə gedib çıxır. Həmsöhbətimiz bu sənətə müəyyən töhfə vermək üçün bərbərlik tarixini özündə əks etdirən instagram səhifəsi açıb.

Salman İsmayılov kolleksiyasındakı alətlərdən bacardığı qədər istifadə etməməyə, tarixini qoruyub saxlamağa çalışır: "Ötən il Rusiya telekanallarının birindən müxbir gəlmişdi. Dedi ki, çəkiliş üçün saçını o dövrə aid alətlərlə qırxım. Ancaq o zaman bu alətlərdən istifadə etdim. Həmin müxbirin başını 220 yaşlı qayçı, 70 yaşlı "maşinka" ilə qırxdım, 100 yaşlı daraqla daradım. İstifadə etdiyim "Osmanlı" adlanan qayçının isə 120 ildən artıq yaşı var, o vaxt türklərin sifarişi ilə Almaniyanın "Soringen" firması istehsal edib.

© Sputnik / Nigar Iskanderova1907-ci ilə aid qayçı
Kişilərin gözəllik tarixi buradan başlayır - FOTO - Sputnik Azərbaycan
1907-ci ilə aid qayçı

Qayçının iti hissəsi savaş üçün olan bıçaqları xatırladır. Onun tarixi birbaşa olaraq itsə də, bəlkə də bu qayçı zamanında hansısa ingilis zabitinin ürəyinə sancılıb. Bu qayçının dəstəyi mirvarinin bir növü ilə işlənilib. O isə antiseptikdir, yəni mikrobu öldürür".

Qayçıdan söz düşmüşkən, Salman usta deyir ki, ilk qayçı qədim Misirdə yaradılıb və o zamanlar qoyun yununun qırxılması üçün istifadə olunub.

Bərbərlər tarix boyu dəllək, diş çəkən, sınıqçı, qan çıxardan olub, 21-ci əsrədək isə sünnətlə məşğul olublar. S.İsmayılov deyir ki, qədimlərdə qladiatorlar döyüşlərdə yaralananda həkimlər onlara baxmaqdan üz döndərirmişlər. Bu zaman ara həkimləri, dəlləklər müalicəni boyunlarına götürürmüşlər:

""Barber" - latın sözüdür, tarixi 4-cü əsrə dayanan bu sözün əsl mənası saqqal deməkdir. Makedoniyalı İsgəndərin dövründə vəhşi tayfalar Yunanıstana hücum etdikdə onları barbar adlandırıblar. Bu söz də oradan gəlib. "Dəllək" sözü ərəblərdən, "barbar" sözü isə farslardan dilimizə daxil olub. "Dəllək" sözünün mənası ülgüc, ülgücçüdür".

Ailəli, 3 övladı olan usta deyir ki, gün ərzində bəzən 12 saat da işlədiyi vaxtlar olub. "Mənim müştərim yox, dostum var", - deyən usta bizi kolleksiyasında olan alətlərlə tanış edir.

Bir-birindən fərqli tarixi, tarixçəsi olan alətlər arasında, demək olar ki, indiki ütü feninin funksiyasını yerinə yetirən, lakin ondan fərqli olaraq daha kiçik və nazik olan bir aləti də görmək mümkündür. O, əslində bığı burmaq üçün istifadə olunan qaynar düzləyicidir

© Sputnik / Nigar IskanderovaBığı burmaq üçün istifadə olunan qaynar düzləyici və Osmanlı adlanan Almaniyanın Soringen firmasının istehsalı olan qayçı
Kişilərin gözəllik tarixi buradan başlayır - FOTO - Sputnik Azərbaycan
Bığı burmaq üçün istifadə olunan qaynar düzləyici və Osmanlı adlanan Almaniyanın Soringen firmasının istehsalı olan qayçı

Salman ustanın kolleksiyasında ən qədim alət isə 1791-ci ilə aid olan qayçıdır. Burada həmçinin ötən əsrin 50-60-cı illərinə aid, Misir istehsalı olan odekolonlar, 1930-cu ilə aid su qabları da var. Lakin müsahibimiz onların qiymətini hər kəs üçün sirr olaraq saxlayır.

Kolleksiya ilə tanış ola-ola həmsöhbətimiz bizə saqqalın, bığın, parikin də tarixçəsindən danışır: "Qədim Misirdə fironlar tük sevmirdilər. Onların yanına gələn qonaqların qaşlarının tükünü kəsdirdirdilər ki, bizim tanrının gözü tükə dəyməsin. Amma özlərinə ipdən, pambıqdan saqqallar düzəltdirirdilər. O saqqalı da ancaq firon taxa bilərdi. Bu saqqalın mənası vardı. Belə saqqalı olanlar Misir torpaqlarının tanrısı, ağası hesab olunurdular. O zamanlar Hace Büst adlı xanım olub, o icazə verib ki, ölümündən sonra tabutunun üzərinə belə saqqal qoyulsun ki, bu da həmin fironun Misir torpaqlarının tanrısı, ağası olmağına bir sübut olsun.

Pariklərə gəldikdə isə onlar lap qədim zamanlardan olub. Ən gözəl pariklər gözəl qul qadınların baş dərisini soymaqla əldə olunurmuş. Alının yuxarı hissəsindən dərini çıxardıb qurudaraq parikə çevirirmişlər. Çünki varlı xanımlar gözəl qul qadınları qısqanırmışlar, bu yolla isə həm onlardan canlarını qurtarır, həm də gözəl parik sahibi olurmuşlar. Onu da qeyd edim ki, "parikmaxer" sözü alman sözü olub, "parik düzəldən" deməkdir".

© Sputnik / Nigar IskanderovaÜlgüc itiləyici
Kişilərin gözəllik tarixi buradan başlayır - FOTO - Sputnik Azərbaycan
Ülgüc itiləyici

"Saqqalın tarixi də qədim və maraqlıdır. 17-18-ci əsrlərdə imkan, pul və rütbə hərbçilərdə olurdu. O zamanlar hərbçilər adi camaatdan seçilmək üçün "ispanyola" adlanan saqqal buraxırdılar. Tarixdə maraqlı bir əhvalat da olmuşdu. Fransızlar ispan hərbçilərin üzərinə hücum edəndə görüblər ki, hər kəs saqqalsız, üzü təmizdir. Belədə fransızlar qərara gəliblər ki, monastıra hücum edib oranı talasınlar. Nəticədə isə ispanlar düşməni qırıb məğlub ediblər. Əslində isə "ispanyola" saqqalı saxlayan bu hərbçilər kilsə xadimlərinə hörmət əlaməti olaraq, bir-birlərindən seçilməmək üçün saqqallarını qırxdırmışdılar.

Sovet dövründə saqqal çirkinlik hesab edilirdi. Amma bu, səhv düşüncə idi. Zamanla alimlər sübut etdilər ki, saqqal özü mikrobu məhv edir", - deyə o əlavə edir.

Salman usta deyir ki, saqqalın qırxılması tələbi sonradan I Pyotr tərəfindən irəli sürüldü: "Beləcə, imkanlı şəxslər o zaman baltayla saqqal qırxmağa başladılar. Bığın tarixçəsi isə Fransa imperatoru XIV Lüdovikin adına bağlıdır. Onun üzündə saqqal çıxmadığından yalnız bığ saxlayırdı. Bığ da o zamandan dəbə düşmüşdü. Onun şərəfinə xalqı üzünü qırxaraq ancaq bığ saxladı".

© Sputnik / Nigar IskanderovaSalman İsmayılovun alətləri
Kişilərin gözəllik tarixi buradan başlayır - FOTO - Sputnik Azərbaycan
Salman İsmayılovun alətləri

"Roma imperatoru Trayan saqqal sevmədiyindən üzü hər zaman təmiz olub. Ondan sonra gələn imperator Adrian isə saqqal saxlamağa başladı. Çoxları da imperatora hörmət əlaməti olaraq saqqal saxlamağa başladılar. İmperator dost-tanışını başına yığaraq başa saldı ki, eyiblərini örtmək üçün saqqal saxlayıb. Çünki onun üzü yara içində olub. Beləcə, Romada saqqal dəbə düşdü", - deyə Salman usta əlavə edir.

İki dəfə bərbər tarixi seminarı və 2018-ci ilin mayında Dənizkənarı Milli Parkda saqqal saxlayanlar arasında müsabiqə təşkil edən usta deyir ki, əslində saqqal Azərbaycan üçün təzə bir şeydir:

"Bəzi adamlar bunu dinlə, imanla əlaqələndirməyə çalışırlar. Bir daha bildirirəm ki, hansısa radikal qrupla heç bir əlaqəm yoxdur. Özüm saqqalımdan zövq alıram, hər gün darayıb, ona qulluq edirəm. Artıq 5 ildir ki, saqqal saxlayıram. Onu uzadıb hörmək istəyirəm".

Onun kolleksiyasında isə demək olar ki, kişilərin üz və saça qulluğu üçün tarix boyu istifadə olunan hər bir alət var. Burada ülgücdən, bülövdən tutmuş odekolonadək görmək mümkündür. Bu kolleksiyada səngərlərdə olan əsgərlər üçün nəzərdə tutulan xüsusi qablarda saxlanılan sabun və onun fırçaları da var. Bu qablarda sabun nə əriyir, nə də xarab olur.

© Sputnik / Nigar IskanderovaXüsusi qablarda saxlanılan sabun və onun fırçaları
Kişilərin gözəllik tarixi buradan başlayır - FOTO - Sputnik Azərbaycan
Xüsusi qablarda saxlanılan sabun və onun fırçaları

Onlara zərrə qədər də olsa, ziyan dəyməsin deyə qutularını da qoruyub saxlayır.

Usta deyir ki, bərbər sənəti üzrə məktəb, assosiasiya, klubun olmaması ölkəmizdə bu sənətin inkişafına mənfi təsir edir.

Təkcə gözəllik deyil, həm də gigiyenanın keşiyində dayanan usta deyir ki, kolleksiyasındakı  200-dək aləti almaq üçün müxtəlif ölkələrdə səhərədək keçirilən onlayn hərraclarda iştirak edib.  O, ilin sonu üçün bu alətlərdən ibarət bir muzey də açmağı planlaşdırır.

Xəbər lenti
0