Qoruyucu maskada olan müsəlman kişi cümə namazının başlamasını gözləyir, arxiv şəkli

Ramazan bayramı ilə bağlı əhaliyə çağırış edildi

27
(Yenilənib 18:25 22.05.2020)
R.Bayramlı onu da qeyd edib ki, Azərbaycana xaricdən gələnlərin 20 faizində koronavirus aşkarlanır. Onun sözlərinə görə, bir təyyarədə xaricdən gətirilən şəxslərin 30 faizində virus aşkarlanıb

BAKI, 22 may — Sputnik. Ramazan bayramını hər kəs öz ailəsi ilə birgə evində keçirməlidir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, hazırda dünyada virusun nə vaxt bitəcəyi məlum deyil: "Bu səbəbdən də həyatımızı yenidən planlamalıyıq. Ona görə bayram günlərində vətəndaşları karantin qaydalarına riayət etməyə səsləyirik. Əvvəlki bayramlarda olduğu kimi, qohum ziyarəti olmamalıdır".

R.Bayramlı onu da qeyd edib ki, Azərbaycana xaricdən gələnlərin 20 faizində koronavirus aşkarlanır. Onun sözlərinə görə, bir təyyarədə xaricdən gətirilən şəxslərin 30 faizində virus aşkarlanıb.

27
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (120)
Əlaqədar
Dörd həkimimizi koronavirus məhv etdi
Koronavirusa yoluxanların sayı açıqlandı: yenə ölənlər var
Azərbaycanda karantin şərtləri sərtləşdiriləcək?
Gəncə "birinciliyi" əldən vermək istəmir
Pulun sayması, arxiv şəkli

Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq olunacaq

4
(Yenilənib 22:31 02.06.2020)
Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir

BAKI, 2 iyun — Sputnik. Koronavirus pandemiyası səbəbilə iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

Sputnik Azərbaycan bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı  "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanunda deyilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.5-ci maddənin 1-ci abzasında “xüsusi vergi rejimi” sözləri “xüsusi və müvəqqəti vergi rejimləri” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Müvəqqəti vergi rejimi dedikdə, təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların, böyük ekoloji və başqa qəzaların, habelə qlobal iqtisadi mühitdə baş verən hadisələrin təsiri nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar bütün və ya bir qism sahibkarlıq subyektlərinə münasibətdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin müvəqqəti qaydası nəzərdə tutulur.”;

1.2. 13.2.83-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.84-cü maddə əlavə edilsin:

“13.2.84. malların ixrac qeydi ilə satışı – malların ixrac edilməsi məqsədilə istehsalçılar tərəfindən ixracatçılara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satışı.”;

1.3. 22-1.3-cü maddədə “hər il” sözləri “əvvəlki il” sözləri ilə əvəz edilsin;

1.4. 165.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 165.1.9-cu maddə əlavə edilsin:

“165.1.9. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışı.”;

1.5. aşağıdakı məzmunda XVIII fəsil əlavə edilsin:

“XVIII fəsil. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi

Maddə 222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar

222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir.

222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur.

222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:

222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

222.5.3. turoperator və turagent fəaliyyəti;

222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

222.5.5. ictimai iaşə fəaliyyəti;

222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;

222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir.

222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir.

Maddə 223. Hesabatların verilməsi və cari vergi ödəmələri

223.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə, o cümlədən əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən şəxslərə bu Məcəllənin 151-ci və 201-ci maddələrinə uyğun olaraq cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

223.2. Müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını müvafiq olaraq bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrinə əsasən təqdim edir, hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.

223.3. Mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübləri üzrə bu Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı, habelə bu Məcəllənin 149.2-ci və 201.5-ci maddələrində nəzərdə tutulmuş hesabatları cari ilin sentyabrın 1-dək vergi orqanına təqdim edir və hesablanmış vergini cari ilin sentyabrın 1-dən gec olmayaraq ödəyirlər.

Maddə 224. Azadolmalar və güzəştlər

224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:

224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə;

224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi;

224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz;

224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz.

224.2. Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərə nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliyyəti həyata keçirən şəxslərə malların daşınmasını və ya çatdırılmasını sifariş etmiş satıcılara münasibətdə və (və ya) satıcıların daşınma və ya çatdırılma nəticəsində əldə edilən gəlirlərinə tətbiq edilmir.

224.3. Bu Məcəllənin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edən şəxslərə bu Məcəllənin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır.

224.4. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir.

224.5. Müvəqqəti vergi rejimi müddətində hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdiyi hava gəmiləri əmlak vergisindən azad edilir.

224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

224.7. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Dayandırılmış müddət bu Məcəllənin 59.2-ci maddəsində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.

224.8. Bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən alınmış ərzaq və hazırlanmış qida məhsullarının xarab olması 2021-ci il yanvarın 1-dək bu Məcəllənin 159.5-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

224.9. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır.

224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir.

224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir.

Maddə 225. Sadələşdirilmiş verginin tətbiqi

225.1. ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər cari ilin sentyabrın 1-dən gec olmayaraq, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə edəcəyi barədə yazılı məlumatı qeydiyyatda olduğu vergi orqanına təqdim edir. Bu zaman vergi ödəyicisi ərizə ilə müraciət etdiyi tarixdən etibarən sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara (işlərə, xidmətlərə) müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir.

225.2. Bu maddədə göstərilən şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etdikdə, vergi ödəyicisi ƏDV qeydiyyatının ləğv edilməsi ilə bağlı bu Məcəllənin 158.1-ci maddəsinə uyğun olaraq ərizə təqdim edir və bu zaman kapital xarakterli xərclərin çəkilməsinə görə ödənilmiş ƏDV məbləğləri istisna olmaqla, ictimai iaşə fəaliyyəti üçün alınmış mallara (işlərə, xidmətlərə) görə əvəzləşdirilmiş ƏDV-nin məbləği yenidən hesablanır.

225.3. Bu Məcəllənin 222.2-ci maddəsi ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisi ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən, sahibliyində qalan bu Məcəllənin 225.2-ci maddəsində göstərilən mallar barədə vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada məlumat təqdim edir. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilmir.

225.4. Vergi ödəyicisi növbəti hesabat ilində bu Məcəllənin 218.1.2-ci və 218.2-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikdə o, müvəqqəti vergi rejimində fəaliyyət göstərmədiyindən kapital xarakterli xərclərin çəkilməsinə görə ödənilib əvəzləşdirilmiş ƏDV məbləğləri yenidən hesablanır.”.

Maddə 2. Keçid müddəası

Bu Qanunun 1.3-cü maddəsi 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

 

4
Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin əməkdaşı, arxiv şəkli

Keçəlin dərmanına möhtac qalmaq: sovetin "havası" başımızdan vaxt çıxacaq?

41
(Yenilənib 20:08 02.06.2020)
Azərbaycanda maska və şpris istehsal edən müəssisələrin açılması bu sahədə sənayenin başlanğıcı olmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Koronavirus pandemiyası dövründə Azərbaycanda tibbi maska və kombinezon istehsal edən iki müəssisə fəaliyyətə başladı. SARS-CoV-2 koronavirusunun yayılması bir daha Azərbaycanda tibbi sənayenin inkişafının zəruri olduğunu ortaya çıxartdı. Bəs görəsən, ölkəmizdə tibbi sənaye hansı istiqamətdə inkişaf etdirilməlidir?

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son aylarda tibbi sənaye sahəsində dirçəliş olsa da, bu, hələ yetərli sayıla bilməz: "Azərbaycanda bu gün həyati əhəmiyyət kəsb edən, ən vacib dərman preparatları belə istehsal edilmir. Tibbi sənayenin inkişafı ölkəmiz üçün çox vacibdir. Koronavirus pandemiyası göstərdi ki, biz tibb sahəsində ən bəsit tibbi ləvazimatları istehsal etmirik. Maska, şpris kimi tibbi ləvazimatlara görə xaricdən asılıyıq. Bu gün ağrıkəsici bəsit inyeksiya vasitələrini xaricdən idxal edirik".

A.Qeybulla bildirir ki, Sovet dövründə də Azərbaycanda tibbi sənaye inkişaf etməyib:

"Sovetlər birliyində də bizim dərman vasitələrinə tələbatımızı Belarusiya, Ukrayna ödəyirdi. Artıq Azərbaycan müstəqil dövlətdir. Tibb sənayesinin inkişafına maraqlı olmalıdır. Bunun üçün xaricdən investor cəlb edilməli, sərmayə qoyulmalıdır. Çox təəssüf ki, ölkəmiz tibbi sənayenin inkişafında çox geri qalıb. Azərbaycanda maska və şpris istehsal edən müəssisələrin açılması bu sahədə sənayenin başlanğıcı olmalıdır. Xarici ölkələrdə dərman istehsal edən məşhur şirkətlərlə müqavilə bağlanmalı, ölkəmizdə tibbi sənayenin inkişafına iri həcmli sərmayə qoyulmalıdır".

Professorun sözlərinə görə, tibbi sənayenin inkişafı üçün kadr hazırlığı da aparılmalıdır: "Azərbaycanda əczaçılıq sahəsində kadr hazırlanmalıdır. Çünki bu sahədə yetişən kadrların çoxu yaşlanıb. Tibb Universitetində bu sahə üçün ixtisaslı kadr hazırlanmalıdır".

Deputatlarımız nöqtəni qoydular: əməl etməsəniz, 100 manatla vidalaşın>>

İqtisadçı Samir Əliyev isə tibbi sənayenin inkişafına nail olmaq üçün bir sıra işlər görülməli olduğunu söyləyir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi sahədə idxaldan böyük asılılıq var: "Ən sadə texnologiya tələb edən maskanın istehsalına biz təzə-təzə başlayırıq. Hansı ki, bunun istehsalında yüksək texnoloji avadanlıq tələb olunmurdu. Azərbaycan çalışmalıdır ki, tibbi ləvazimatlarla bağlı idxaldan asılılıq azalsın. Neft emalından alınan tullantılardan analiz və dərman qutularının istehsalına başlaya bilərik. Bu gün bizim universitetlər bunun üçün kadr da hazırlamalıdır. Bəzi dərmanlar var ki, onları ölkəmizdə istehsal edə bilərik. Pandemiya onu göstərdi ki, idxaldan asılılıq bizə çox böyük problem yaradır. Bu problemi aradan qaldırmaq üçün isə bazar münasibətləri formalaşmayıb.

Dərmanların qiymətlərinin bazar tərəfindən tənzimlənməsi Azərbaycanda tibbi sənayenin inkişafına, dərman istehsalına mane olur. Dərmanların qiymətinin tənzimlənməsi insanlar üçün yaxşıdır. Bu, biznesin inkişafına problem yarada bilər. Amma biz çalışmalıyıq ki, bu biznes səmərəli biznesə çevrilsin. İstənilən sənayenin bazarları axtarılmalıdır. Dövlət biznes mühiti yaratmalıdır ki, iri sahibkarlar problemlə üzləşməsinlər.

Sahibkarların ucuz kreditlərə əlçatanlığı təmin edilməlidir. Yalnız bundan sonra biz tibbi sənayenin inkişafı, bu sahəyə investorların cəlbindən danışa bilərik. Əks halda, biz hələ illərlə ən sadə tərkibli dərmanları, dərman ləvazimatlarını xaricdən idxal etməli olacağıq".

41
Əlaqədar
Azərbaycanda COVID19-un müalicəsində istifadə olunan dərmanlar açıqlandı
Xoş, çox xoş xəbər var: Dərman tapılıb!   
Bəla evimizə girib, dərmanını isə bilmirik – Hərə bir söz deyir
Koronavirus əleyhinə dərman təsdiq edilmədi – Sübut yoxdur
Bu dərman vasitələri 5 il yerli mal sayılacaq - Fərman
Minneapolisdə ABŞ bayrağı ilə etirazçı, arxiv şəkli

"Yenə ruslar". Amerikadakı iğtişaşlarda Moskvanı günahlandırmaq kimə lazımdır

0
(Yenilənib 22:08 02.06.2020)
Xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək

BAKI, 2 iyun — Sputnik, Qaliya İbrahimova. ABŞ-dakı iğtişaşları Moskva törədir və nümayişçilər "Rusiya təlimatına" ciddi əməl edərək polis bölmələrini darmadağın edirlər. Bu cür iddiaları ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays irəli sürüb. Sübut əvəzinə o, öz təcrübəsinə və intuisiyasına güvənməyi təklif edib. Amerikalılar niyə hər yerdə "Rusiya izi"ni görürlər? Cavabı RİA Novosti-nin ekspert şərhində.

Etirazlardan qarətə

Los-Ancelesdəki ticarət mərkəzləri karantindədir. Kaliforniya rəsmiləri onları iyunda açmağı planlaşdırırdılar. Lakin bunu ilk edən qarətçilər olublar. Lüks butiklərin qapı və pəncərələri qırılıb, hər şey talan olunub. İğtişaşçılar məişət əşyalarını, paltarları, mebeli, hətta yeməkləri aparıblar. Polis helikopterləri su tökərək bu vəhşiliyi dayandırmağa çalışıb, kakin bunun xeyri olmayıb.

Polis tərəfindən saxlanılan zaman afroamerikalı Corc Floydun ölməsindən sonra Minneapolisdə başlayan etirazlar Vaşinqtonu, San-Fransiskonu, Portlendi, Mayamini, İndianapolisi, Filadelfiyanı və Atlantanı bürüyüb. Faciəli hadisənın birbaşa günahkarı Derek Şovin vəzifəsindən azad edilib və o, istintaq altındadır. Lakin nümayişçilər yalnız onun cəzalandırılmasını deyil, ABŞ-da sistemli irqçiliyə son verilməsini tələb edirlər.

Böyük şəhərlərdə komendant saatı elan edilib – lakin bu kömək etməyib. Vaşinqtonda etirazçılar Ağ Evi mühasirəyə alaraq içəri girməyə çalışıblar. Nyu-Yorkda iyirmi polis maşını daşqalaq edilib və yandırılıb. Portlenddə isə iğtişaşçılar məhkəmə binasında yanğın törədiblər.

Vətəndaş cəmiyyətinə təhdid

Əvvəlcə ABŞ-da çoxları nümayişçilərə rəğbət bəsləyirdilər. Yerli rəsmilər isə təxribatçılara reaksiya verməməyə çalışır, polisi güc tətbiq etməməyə çağırırdılar. Lakin asayiş keşikçilərinin üzərinə "Molotov kokteyli" atılanda bu vəziyyət dəyişdi.

Minnesota qubernatoru ştata Milli Qvardiyanı yeritdi. Los- Anceles də hərbçilərin köməyinə müraciət etdi. Gözyaşardıcı qaz və rezin güllələr işə salındı.

"Minneapolisdə baş verənlər artıq Floydun ölümü ilə əlaqəli deyil. Talanlar vətəndaş cəmiyyətini təhdid edir və şəhərimizdə qorxu yaradır, onun həyatına müdaxilə edir", - qubernator Tim Uoltz deyib.

Donald Tramp isə daha sərt reaksiya verib. Prezident Floydun ölümünün "dəhşət, kədər və qəzəb yaradan bir faciə" olduğunu etiraf edib. Lakin iğtişaşı vaxtında sakitləşdirməyən ştat səlahiyyətlilərini də tənqid edib. O, etirazçıları "quldur" adlandırıb və güc tətbiq edilməsini alqışlayıb.

Bazar günü təhlükəsizlik xidməti dövlət başçısını Ağ Evin yeraltı bunkerinə göndərib. Yalnız təhdid sovuşandan sonra Tramp oradan çıxa bilib.

Günahkar axtarışında

Tez bir zamanda iğtişaşlarda Rusiya izini "tapdılar".

"Mən onların (Rusiyanın – red.) iğtişaşlarda iştirakını istisna etmirəm", - Nyu-Orlean şəhərinin meri Mark Morial CNN-in efirində bildirib.

Bir neçə gündən sonra estafeti Barak Obama administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays alıb. Elə CNN-in efirindəcə o, etirazçıların "Rusiyanın təlimatına" uyğun hərəkət etdiyini iddia edib.

"Dinc nümayişçilər var. Onlar ədalətsizliyə və bərabərsizliyə qarşı çıxırlar. Ancaq etirazların gündəmini ələ keçirməyə çalışan təxribatçılar da var. Təcrübə mənə deyir ki, onlar birbaşa Rusiyanın taktiki sxemlər toplusuna uyğun hərəkət edirlər", - Rays deyib.

"Rusiya izi" axtarışına başlayan Amerika mediası Moskvaya qarşı irəli sürülən növbəti ittihamı xatırlayıb. Bir neçə il əvvəl Vaşinqtonda rusiyalı hakerlərin "Black Lives Matter" hərəkatını dəstəklədiyi iddia edilirdi. Bu hərəkatın fəalları da polis özbaşınalığına qarşı çıxırdılar.

"Rusiya izi" ilə əlaqədar müzakirələri Tramp tənqid edib. Prezident CNN-in bunu reytinq əldə etmək üçün etdiyini deyib.

Moskva da susmayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya "heç vaxt Amerikanın işlərinə müdaxilə etməyib və indi müdaxilə etmək niyyətində deyil".

Amerikanın qütbləşməsi

"Amerika cəmiyyəti son dərəcə qütbləşib". Ali İqtisad Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov etirazların kütləvi xarakterini bununla izah edir.

"Bəzi amerikalılar liberal dəyərlərin tərəfdarıdır, bəziləri isə mühafizəkar olduqlarını söyləyirlər. Mühacirət tərəfdarları var, ancaq Meksika ilə sərhəddə divarın tikilməsini dəstəkləyənlər də çoxdur. Qlobalistlər və proteksionistlər arasındakı qarşıdurmanı da bura əlavə edin. Minneapolis irq problemini də xatırlatdı. "Qaynar qazan" ağdərili əhali üçün işə yarayıb, ancaq qaradərililər cəmiyyətin tam hüquqlu bir hissəsinə çevrilə bilməyiblər", - Suslov RİA Novosti-yə izah edib.

Mütəxəssisin fikrincə, koronavirus pandemiyası afroamerikalıların həssaslığını vurğulayıb.

"Qaradərili əhali arasında infeksiyadan ölüm nisbəti daha yüksəkdir. Çox güman ki, bu, dərmanlara çıxış imkanlarının məhdud olmasının nəticəsidir. Afroamerikalılar ağlara nisbətən gəlirləri az olduğuna görə bahalı müalicə ala bilmirlər", - Suslov deyir.

Qabaqdangəlmə ittihamlar

Politoloq "Rusiya izi"nin axtarışını hakimiyyətin daxili ziddiyyətləri qəbul etmək istəməməsi ilə əlaqələndirir.

"Amerika elitası cəmiyyətin sağlam olduğuna inanır. Hər şeyi guya Tramp və ruslar korlayırlar. Trampı çıxarsanız və "Rusiya izi"ni ləğv etsəniz, ölkə normala qayıdacaq. Ancaq şəhərlərdə baş verən iğtişaşlar bu normallığın çoxdan olmadığını göstərir. Heç kim ciddi islahatlara ehtiyac olduğunu qəbul etmir", - Suslov deyir.

Politoloqun fikrincə, Raysın çıxışını seçki kampaniyasına uyğun qəbul etmək lazımdır:

"Güman edə bilərik ki, keçmiş rəsmi Co Baydenin növbəti prezident olacağı təqdirdə onun komandasına qoşulmağı planlaşdırır. Moskvaya qarşı ittihamlar isə Kremllə birgə hərəkət etdiyi iddia edilən Trampa qarşı demokratların təzyiqinin davamıdır".

Suslov Baydenin qələbəsinin daha bir "Rusiya işi"nin başlamasına səbəb olacağını istisna etmir.

"Amerikalılar dərhal Moskvanı seçkiyə təsir etmək niyyətində günahlandırdılar. İndi bu daha da artıb. Demokratlar Minneapolisdəki talanlara görə sanksiya təklif edə bilərlər. Bayden ümumiyyətlə Moskvanı Amerika cəmiyyətini məhv etməkdə ittiham edə bilər və bunu seçki tezislərindən birinə çevirə bilər," - politoloq proqnozlaşdırır.

Ekspertin fikrincə, xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək. Üstəlik, adi ideoloji stereotiplərdən istifadə cəhdi Amerikanın özü üçün təhlükəlidir: nəticədə etirazlar, habelə onlara səbəb olmuş problemlər realdır. "Rusiya izi"nə eyham vurmaqla isə heç bir şeyi həll edilməyəcək.

0
Əlaqədar
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi
İğtişaş paytaxta da çatdı: Mağazalar və ofislər...
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir